Paris Ağ Evə güvənmir

Ona görə də Avropa məkanında ABŞ-ın hərbi-siyasi planlarını pozmağa çalışır



Fransa Türkiyədə hava hücumundan müdafiə sistemləri yerləşdirməyi təklif edib. Bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazirin sözlərinə görə, Fransa Türkiyədə müvəqqəti olaraq SAMP-T sistemini yerləşdirməyi təklif edib: "Bununla bağlı danışıqlar aparılır. Fransanın bu istiqamətdə təkliflərini dəyərləndiririk”. İndiki məqamda Fransanın bu təklifinin məqsədi nədir, rəsmi Paris bölgədə, xüsusən Türkiyədə hava hücumundan müdafiə sisteminə niyə ehtiyac duyur?

Parisin hərbi təklifini "Şərq”ə şərh edən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, Fransanın Türkiyədə hava hücumundan müdafiə sistemləri yerləşdirmək təklifləri bu dövlətin həm Rusiya, həm də ABŞ ilə beynəlxalq rəqabət ehtiyaclarından qaynaqlanır. 

Analitikin fikrincə, rəsmi Paris həm Rusiyanın, həm də Amerikanın Avropa məkanında hərbi cəhətdən ön planda yer almasını qıcıqla qarşılayır: "Xüsusilə də son dövrlərdə Fransanın ABŞ-la kifayət qədər ciddi problemlərinin olduğunu nəzərə aldıqda rəsmi Parisin bu təklifi incə manevr təsiri bağışlayır. Belə ki, Fransa Avropa Birliyi ölkələrinə yeni Avropa ordusunun yaradılmasını təklif etmişdi. Bunun qarşılığında Vaşinqtonun sərt reaksiyası ilə üzləşmişdi. Ardınca geri çəkilməyən Fransa Ağ Ev sahibi Donald Trampın sərt təhdidləri ilə üz-üzə qalmışdı. Həmin təhdidlərin ardınca, Vaşinqtonun dəstəklədiyi qətiyyən şübhə doğurmayan "sarı jiletlilər” hərəkatı Fransanı sarsıtmağa başladı. Yəni ABŞ-Fransa qarşıdurması açıq müstəviyə keçdi”.

Siyasi şərhçi bildirib ki, rəsmi Paris bütün bunlardan sonra Ağ Evə güvənmir. Ona görə də Avropa məkanında ABŞ-ın hərbi-siyasi planlarını pozmağa çalışır: 

"Son dövrlərdə Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almaq niyyətində olması ABŞ tərəfindən qəzəblə qarşılanmaqdadır. Ağ Ev rəsmi Ankaranı israrla bu niyyətdən geri çəkilməyə məcbur etməyə çalışır. Hətta buna nail olmaq üçün rus S-400-lərinin əvəzinə Türkiyəyə "Patriot” sistemləri satmağı təklif edir. Üstəlik, bu təklifin rədd ediləcəyi təqdirdə, Türkiyəni maliyyə-iqtisadi sanksiyalara məruz qoyacağı ilə hədələyir”.

E.Xalidbəyli vurğulayıb ki, rəsmi Paris Türkiyə-ABŞ qarşıdurmasını çox diqqətlə izləyir. Bu qarşıdurmadan Ağ Evin qalib çıxacağı təqdirdə, Amerikanın Avropa məkanında daha da möhkəmlənə biləcəyindən narahatdır: 

"Çünki öz hava hücumundan müdafiə sistemini ABŞ-ın "Patriot”ları ilə quracağı təqdirdə, Türkiyə istər-istəməz Vaşinqtonun siyasi iradəsiylə hesablaşmaq məcburiyyətində qala bilər. Bütün bunlar isə Fransanın milli maraqlarına qətiyyən cavab vermir. Ona görə də Paris həm rus S-400-lərinə, həm də ABŞ "Patriot”una alternativ olaraq, Türkiyəyə özünün hava hücumundan müdafiə sistemlərini təklif edir. Bununla da Fransa "bir daşla iki quş” vurmağa çalışır. Ancaq rəsmi Ankaranın Fransanın bu təklifinə müsbət cavab verib-verməyəcəyi hələlik məlum deyil. Çünki Fransa Türkiyə ilə dost və müttəfiq dövlət deyil. Əksinə, Fransanın Türkiyəyə yönəlik düşmənçilik münasibəti daha ön planda dayanır. Bu baxımdan, Türkiyənin qətiyyən güvənmədiyi Fransanın təklifini geri çevirə biləcəyi ehtimalı da istisna deyil”.

İsmayıl