Parlamentdə deputatlar arasında qalmaqal yaşandı: "Arazın hansı qüvvələrə bağlı olduğunu bilirik"



Parlamentin bugünkü iclasında deputatlar Araz Əlizadə ilə Qüdrət Həsənquliyev arasında qalmaqal yaşanıb. Sherg.az-ın xəbərinə görə, hər şey A.Əlizadənin Q.Həsənquliyevə cavabından sonra başlayıb. 

A.Əlizadə deyib ki, qərbdə bəzi dairələr uzun zamandır ki, Azərbaycan xalqında qorxu, xof yaratmaq üçün külli miqdarda vəsait ayırır: 

"Bu qorxunun yaradılmasınında məqsəd ondan ibarətdir ki, Azərbaycan lazım gələndə öz torpaqlarını işğaldan azad etməsin. Bu o deməkdir ki, "bax müharibə etsəniz, sizi daha dəhşətli vəziyyət gözləyə bilər, əlavə torpaqlarınız işğal oluna bilər”.
İndi bu gün Q.Həsənquliyev deyir ki, Ermənistanla yox Rusiya ilə müharibə aparırıq. Q. Həsənquliyev əvvəllər də belə mövqe sərgiləyib. Hələ prezident seçkiləri zamanı prezidentliyə namizəd kimi debatlarımızda o belə fikirlər səsləndirirdi və mən bunu bir seçkiqabağı təbliğat metodu kimi qəbul edirdim. Lakin Həsənquliyevin bu gün də Azərbaycan xalqında qorxu yaratması istiqamətində səsləndirdiyi fikir onun bir mövqeyinə çevrilib. Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan işğalçılıq siyasətində əl çəkməyəcəyi təqdirdə torpaqlarımız hərbi yolla işğaldan azad olunacaq. Azərbaycanın müzəffər ordusu var. Digər tərəfdən BMT və beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə imkan verir”.

A.Əlizadə vurğulayıb ki, Ermənistan işğalçılıqdan əl çəkməzsə müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik:

"Güc və beynəlxalq hüquq tərəfimizdə olduğu halda, Qüdrət Həsənquliyev Azərbaycan xalqında qorxu yaradaraq Rusiya ilə danışıqlar aparmağı təklif edir. Xalqda ruh düşkünlüyü yaradır. Hesab edirəm ki, buna yol vermək olmaz. Onsuz da bəzi QHT-lər xalqda qorxu yaratmaq üçün öz fəaliyyətlərini davam etdirir. Bu prosesə siyasilərin, deputatların qatılması yaxşı deyil. Buna imkan vermək olmaz”.

Spiker Oqtay Əsədov deyib ki, heç kim burada ruh düşkünlüyü yaratmır: 

"Mən burada debat açmaq istəmirəm. Azərbaycan prezidenti müstəqil siyasət yürüdür və kimsə onu bu yoldan çəkindirə bilməz. Mən bu söhbətləri xırdalamaq istəmirəm. Belə məsələləri qabartmaq istəmirəm”.


İttiham edilən Q.Həsənquliyev həmkarı A.Əlizadəyə cavab olaraq bildirib ki, o bu yolla keçmişini unutdurmaq istəyir:

"Arazı qıcıqlandıran guya mənim xalqda ruh düşkünlüyü yaratmaq barədə səsləndirdiyim fikirlər deyil. Onu qıcıqlandıran Azərbaycan-Türkiyə arasında yaranan hərbi ittifaqdır. O 15 sentyabrdakı hərbi parada mövqeyini açıqlayarkən ortaya qoydu. Əslində Araz Əlizadə bu yolla keçmişini unutdurmaq istəyir. Lakin o keçmişinin üstündən xətt çəkə bilməz. Biz onun kim və hansı qüvvələrə bağlı olduğunu bilirik. Bu hamı bilir”.
Anar