“Paşinyan Azərbaycanın səbrini daşdırdı,bu da Ermənistana baha başa gəldi”





"Qarabağ klanını hakimiyyətdən salan erməni baş nazir Nikol Paşinyan populist çıxışları və radikal bəyanatları ilə erməni cəmiyyətinin rəğbətini qazanmaq istəyirdi”.

Bunu "Sherg.az”a açıqlamasında AMİP-in Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Partiya rəsmisi bildirib ki, Paşinyanın ritorikası sırf daxili auditoriyaya hesablanmışdı. İndinin özündə də güya Azərbaycanın KTMT-yə müşahidəçi, yaxud da üzvülük məsələsinə imkan verməyəcəyi barədə səsləndirdiyi fikirləri məhz bu qəbildəndir:

 "Rusiya çox çalışır ki, Azərbaycanı bu təşkilata qoşsun, amma rəsmi Bakı doğru olaraq həmin hərbi blokda iştirak etmək istəmir. Təbii ki, Paşinyanın davakar və qızdırıcı bəyanatları onun özünü çətin duruma salır. Birincisi, hətta erməni ictimaiyyəti baş nazirin populizminə uymadı, yalanlarına inanmadı. İkincisi, vasitəçilərin ciddi narahatlığına səbəb yaratdı. Ən vacibi isə Azərbaycanın səbrini daşdırdı ki, bu da nəticə etibarı ilə Ermənistana çox baha başa gəldi. Əslinə qalsa, bu gün Paşinyanı Dağlıq Qarabağ problemi maraqlandırmır. O, bütün diqqətini və gücünü hakimiyyətdə qalmağa səfərbər edib. Ermənistanda əvvəlki parlament seçkilərindən sonra yaranmış Paşinyan eyforiyası və illüziyası dövrü bitib. Çünki xalq gözləntilərini ala bilmədi.

Eyni zamanda Paşinyanı hakimiyyətə gətirən güclər də sabit və sistemli xarici və daxili siyasət görə bilmədilər. Dəstəyini hər yerdən itirən Paşinyan dediklərində korrektələr etmək məcburiyyətində qaldı. Amma hər halda vaxt udmaq çabalarını bundan sonra da davam etdirəcək. Lakin inanmıram ki, hansısa uğur qazana bilsin”.

İsmayıl