"Paşinyan növbəti dəfə xalqı aldatmağa çalışır" - Analitik





"Uzun sürən müzakirələrdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, "Çarukyan” bloku, "Daşnaksütyun” və Respublikaçılar partiyası onun təklifi və xalqın tələbinə hörmət edərək baş nazir postuna başqa namizəd təklif etməyəcəklər. Lakin çox keçmədən Paşinyanın bu açıqlaması Respublikaçılar partiyası və Çiçəklənən Ermənistan partiyası tərəfindən təkzib edildi".

Bunu "Sherg.az"a açıqlamasında analitik Ehtiram Aşırlı bildirib. Analitik bəyan edib ki, respublikaçıların üzvü, parlamentin vitse-spikeri Eduard Şarmazanov baş nazirin dediklərini təkzib edib. Şarmazanovun sözlərinə görə, Paşinyan müxtəlif fraksiyaları təmsil edən cəmi 20 deputatla görüşüb və danışıqlar zamanı hansısa razılaşma əldə edilməyib:

"Şarmazanov onu da vurğulayıb ki, bütün siyasi qüvvələrin razılaşdığı bir məsələ var ki, o da dövlətin maraqlarının prioritet tutulmasıdır. Çünki əgər belə olmasaydı və baş nazirin iddia etdiyi kimi, məqsəd seçkilərin keçirilməsinin qarşısını almaq idisə, onda digər partiyalar heç Paşinyanla danışıqlara getməzdilər: "Bu səbəbdən də, ölkəni təlatümlərə sürükləmək olmaz. 

Hakimiyyətin bölgüsü və parlamentin müstəqilliyi prinsiplərinə hörmət etmək lazımdır”.Parlamentin digər vitse-spikeri, "Çiçəklənən Ermənistan” partiyasının üzvü Mikael Melkumyan da Paşinyanın guya bütün siyasi qüvvələr arasında anlaşma əldə olunduğuna dair bəyanatını yalanlayıb. Onun sözlərinə görə, başqa nazir postuna başqa namizəd irəli sürməyəcəkləri ilə bağlı heç bir razılaşma olmayıb və paşinyanın tələbindən asılı olmayaraq, Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin may-iyun aylarında keçirilməlidir.

Göründüyü kimi Paşinyan növbəti dəfə xalqı aldatmağa yönəlik açıqlamarla çıxış edib. Paşinyan onunla eyni fikirdə olmayan partiyaları növbəti inqilab ilə şantaj edir. Çünki indiki məqamda hakimiyyətini möhkəmləndirməsi üçün bundan başqa yolu yoxdur. Demokratiyadan danışan Paşinyanın baş nazir postuna yalnız özünün haqqı çatdığını iddia etməsi, bütün alternativləri rədd etməsi heç də xalqın iradəsini ortaya qoymaq deyil. Bu, onu göstərir ki, əsas məqsəd idarəçiliyi ələ keçirməkdir. Çünki hətta başqası baş nazir olsa və xalq onu bəyənməsə, xalqın yenidən öz etirazını bildirmək hüququ var. Lakin bütün hallarda, növbədənkənar seçkilər Paşinyanın hakimiyyətinə zəmanət verəcəyindən, o, parlamentə nəzarəti gücləndirmək istəyir və bu niyyətini digər partiyaları xalqın düşməni kimi qələmə verməklə pərdələyir. 

Paşinyanın dekabrda növbədənkənar seçkilərin keçirilməsi tələbi onun hökumət proqramına da ziddir. Çünki proqramda yer alan növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı bənddə qeyd olunur ki, seçkilər maksimum 1 il ərzində keçirilməlidir. Paşinyan isə hakimiyyətdə olmasının 5 ayı tamamlanmamış seçki tələb edir".

Ayyət Əhməd