" Paşinyan- Putin görüşü səmərəsiz və uğursuz oldu" - Gərginlik siddətlənəcək

"Görüşün nəticəsi 2019-cu ildə iki ölkə arasında gərginliyin siddətlənəcəyini deməyə əsas verir. Sərt iqlimi olan Ermənistana satılan təbii qazın qiymətinin kəskin artırılması Rusiyanın mövqeyini ortaya qoydu"



Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Paşinyan Putinlə apardığı danışıqların detallarına "Facebook”dakı canlı yayımda aydınlıq gətirib. Baş nazir bildirib ki, budəfəki görüşdə Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə edilməyib: "Ermənistan-Rusiya münasibətlərinin gündəliyi o qədər genişdir ki, biz bütün məsələləri müzakirə etməyə imkan tapmadıq”. O, həmçinin bildirib ki, Rusiya təbii qazının daha ucuz qiymətə Ermənistana satışı barədə Putinlə razılıq əldə edə bilməyiblər: "Bu məsələ ilə bağlı qərar qəbul edilmədi. Qaz faktoru ikitrəfli münasibətlərimiz üçün olduqca həssas məsələdir və İrəvanla Moskva da bunun fərqindədir”.

Məlumata görə, Rusiya Prezidenti ilə danışıqlarda Paşinyan daha çox diqqəti iqtisadi və parlamentlərarası əlaqələrin inkişafına yönəldərək KTMT baş katibi postu ətrafında yaratdığı problemdən yayınmağa çalışsa da, Putin İrəvanla təhlükəsizlik sahəsində, xüsusən də KTMT çərçivəsində əməkdaşlığın və münasibətlərin zərər görməsinin qəbuledilməz olduğunu ifadə edib. Paşinyanın öz etiraflarından da görünür ki, erməni mətbuatının şişirtdiyi kimi Putin-Paşinyan görüşü demək olar ki, nəticəsiz olub. Yəni baş nazir Kremldən umduğunu ala bilməyib. Bundan başqa Putin Ermənistanın eks-prezidenti Robert Koçaryana təbrik məktubu göndərib. Məktubda Putin Koçaryanı Yeni il və Milad bayramı münasibətilə təbrik edib.


Səfəri şərh edən politoloq Nəzakət Məmmədova "Sherg.az”a bildirib ki, Paşinyanın Putinlə görüşdən qabaq hərbi uniformaya bənzər görkəmdə Moskvaya gedərkən nümayişkaranə jestləri İrəvanın Moskva qarşında heç bir demarşı kimi qəbul olunmadı..

Ekspertin sözlərinə görə, görüşün forması dəyişsə də, mahiyyəti iki əsrlik Rusiya-Ermənistan senyor-vassal münasibətindən kənara çıxa bilməzdi: 

"Sanki çar öz quberniyasına onun icazəsi olmadan təyin olunmuş, üstəlik vassal torpaqlarda özbaşınalıq edən şəxsi haqq-hesab çəkmək üçün hüzuruna çağırmışdı. Gözlənildiyi kimi bu görüş səmərəsiz oldu. Bu, bəlkə də, Rusiya-Ermənistan münasibətləri tarixində dövlət başçıları arasında ən uğursuz görüş oldu. Onun bu cür yekunlaşacağı gözlənilən idi. Paşinyanı hakimiyyətə gətirən qüvvələrin onun qarşısında qoyduğu əsas vəzifələrdən biri Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırıb Qərbə yaxınlaşdırmaqdır.

Paşinyan bu vəzifənin icraçısıdır və onun tapşırığı yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Ya diaspora və anti-Rusiya xarici güc mərkəzlərinin tapşırığını yerinə yetirməli, ya istefaya getməlidir. Odur ki, bu görüşdə ortaq məxrəcə gəlinməsi gözlənilmirdi və hələ də Putinlə Paşinyanın dil tapacağına inanan optimist siyasətçilər, müşahidəçilər üçün heç bir xoş sürpriz baş vermədi”.

Ekspertin qənaətincə, Ermənistanda siyasi mübarizə 2019-cu ildə şiddətlənə bilər:

"Paşinyanın öz mövqeyini möhkəmləndirməsi, Rusiyanın Ermənistandakı mövqeyi, Qarabağ münaqişəsinin taleyi bu ildə həlledici dövrə qədəm qoyacaq.
Artıq 2018-ci ilin son günlərinə təsadüf edən uğursuz görüş 2019-cu ildə iki ölkə arasında gərginliyin siddətlənəcəyini deməyə əsas verir. Sərt iqlimi olan Ermənistana satılan təbii qazın qiymətinin kəskin artırılması Rusiyanın bu ölkəyə olan mövqeyini ortaya qoydu. 2019-cu ildə Rusiya-Ermənistan münasibətləri gərginləşəcək. Rusiyanın təzyiqləri artmağa davam edəcək. Ermənistanın KTMT, AİB ilə münasibətləri daha da pisləşəcək. Bu ölkə cənubdan İran, şimaldan Rusiyanın təzyiqini daha artıq hiss edəcək”.

N.Məmmədova onu da əlavə edib ki, Azərbaycan və Türkiyə ilə düşmən münasibətlər Ermənistanı daha da çıxılmaz vəziyyətə salacaq:

"Məhz bunu anlayan Paşinyan Türkiyəyə üz tutsa da, rədd cavabı aldı. Türkiyə Azərbaycan torpaqlarının azad olunması tələbindən başqa, indiki müttəfiqi Rusiyaya qarşı olan Ermənistanla yaxınlaşa bilməz. Putinin Ermənistana münasibətini Ərdoğan da nəzərə alır.

Putini Ermənistanda, Paşinyanın fəaliyyətində narazı salan bir çox məsələlər var: Paşinyan özü qərbpərəst olmaqla yanaşı, iqtidara Sorosun adamlarını yerləşdirib, parlamentdə özünə loyal siyasi partiyalara yer verdi, "Sasna Tser" kimi qatı anti-Rusiyayönümlü təşkilata şərait yaradılıb, Ermənistan Rusiya ilə hərbi-siyasi müttəfiq olmasına baxmayaraq NATO ilə əməkdaşlığa can atır və s.

Putinlə Paşinyan KTMT-də vəziyyətə də toxunublar. 2019-cu ildə yenidən təşkilatdaxili münasibətlərə qayıdılacağı istisna edilmir”.

Ayyət Əhməd