"İstənilən halda, seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi ehtimal edilir"
Hazırda Ermənistanda siyasi qeyri-sabitlik hökm sürür. Düşmən ölkədəki prosesləri narahatlıqla seyr edən dövlətlərdən biri də Rusiyadır. Rusiyalı siyasilər Nikol Paşinyan hökumətinin hansı məqamda hansı addım atacağını proqnozlaşdıra bilmirlər. Rus analitiklər Ermənistanda baş verənləri siyasi xaos adlandırır, bu cür siyasətin ölkəni uçuruma apardığını bəyan edirlər. Təhlilçilər tərəfindən verilən açıqlamalardan məlum olur ki, şərhçilər indiki şəraitdə siyasi trendləri müəyyən etməkdə çətinlik çəkirlər. Moskvanı narahat edən mühüm məqamlardan biri də Paşinyanın Ermənistanda əsas vəzifələrə Qərbpərəst şəxsləri təyin etməsidir. Paşinyan həm Qərb, həm də Rusiya arasında ikibaşlı siyasət yeritməyə cəhd edir.
Məsələ ondadır ki, eyni vaxtda iki stulda əyləşməyə səy göstərən erməni baş nazirin riyakar addımları ABŞ və Avropa ölkələrini də narazı salır. Hesab edilir ki, hər iki tərəflə oynadığını zənn edən populist Paşinyan yaxın zamanda heç bir ölkədən dəstək görə bilməyəcək. Baş nazirin son günlərdə bütün gücü ilə mübarizə apardığı məsələ isə Qarabağ klanının üzvləri zərərsizləşdirmək, onların yenidən hakimiyyətə gəlməsinin qarşısını almaqdır.
Ermənistandakı prosesləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın, eləcə də onlara bağlı qüvvələrin dekabrda Paşinyana sürpriz etməsi tamamilə gözləniləndir. Çünki Paşinyanın parlamenti və yenidən baş nazir vəzifəsini ələ alacağı təqdirdə Robert Koçaryan və Serj Sarkisyan kifayət qədər ağır duruma düşəcəklərini yaxşı bilirlər:
"Bu baxımdan, Paşinyan seçkidə ciddi müxalifətlə üzləşə bilər. Erməni siyasətşünasları özləri də etiraf edirlər ki, ölkə xaosa yuvarlanmaq ərəfəsindədir. Vəziyyət kifayət qədər gərgindir və gərginləşmə yüksələn xətlə davam edir. Bu, o deməkdir ki, yaxın vaxtlarda Paşinyana qarşı daha güclü cəbhə formalaşdırıla bilər. Bu cəbhə Paşinyanın hətta parlament seçkilərindəki qələbəsini də müəyyən dərəcədə şübhə altına alır. Ermənistan oliqarxlarının Paşinyana qarşı olması, ordunun oliqarxiya tərəfində durması onu göstərir ki, proseslər özünün çətin dövrünə qədəm qoyur və bu məsələ hətta ciddi qarşıdurmalara aparıb çıxara bilər. Ermənistan üçün ən pis ssenari vətəndaş müharibəsidir. Hadisələrin belə inkişaf ssenarisi də nəzərdən qaçırılmır.
Lakin bütün bunlar seçkidən sonra da baş verə, Paşinyan "küçənin təzyiqi” ilə qələbəsini təmin edə bilər. İndi hər kəsi daha çox bir sual düşündürür. Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaqmı? ABŞ-ın İrəvandakı səfirinin "münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək" açıqlaması diqqəti daha çox çəkir. Açıq-aydın seçilir ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan seçkiləri keçirməyə və daxili siyasətdəki gərginliyi aradan qaldırmağa çalışır. İstənilən halda, seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi ehtimal edilir”.
Analitik bildirib ki, mətbuata sızan məlumatlara görə, Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün "Lavrov planı"nı işə salmağı planlaşdırır: "Lakin tərəflər bu modeli qəbul etmədiyi üçün yeni formatlar da düşünülə bilər. Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi haqqında məlumatlar da mövcuddur. Nəzərə alsaq ki, ABŞ buna qarşı çıxır, Paşinyanın Qarabağ danışıqlarında çətin durumda olacağını ehtimal edə bilərik.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı "münaqişəni tərəflər özləri həll etməlidir" açıqlaması da əslində Rusiyanın "Lavrov planı"na qarşı verilmiş bəyanatdır.
Vaşinqton Rusiyanın Qarabağ münaqişəsilə bağlı təkliflərini blokadaya almaq istəyir. ABŞ Ermənistana silah sata biləcəyini vurğulamaqla isə əslində elə Rusiyaya qarşı çıxır və bu məsələdə Paşinyandan yardım istəyir. Paşinyanın Rusiyanın nəzarətindən çıxmaq çabaları Ermənistanın geosiyasi vəziyyətini daha da dərinləşdirir. Beləliklə, Paşinyana ağır xəstə yatağında olan bir ölkə miras qalır. 9 dekabr tarixində Paşinyan qələbə qazanacağı təqdirdə belə nə özünü, nə də ki ölkəsini xilas etməyə qadir olacaq”.
İsmayıl