"Paşinyan qeyri-konstruktiv mövqeyindən əl çəkmək niyyətindədir"





Düşənbədə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı söhbətin ardınca qarşı tərəfin Dağlıq Qarabağ münaqişəsi ətrafında səsləndirdiyi aşırı bəyanatlara və kəskin ritorikalara son qoyuldu. Eyni zamanda, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi, yəni Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin də bu danışıqlara cəlb edilməsi iddiası aradan qaldırıldı. O cümlədən, bu amil bir daha təsdiq etdi ki, Ermənistan münaqişə tərəfidir, gələcəkdə aparılacaq danışıqlar da onunla davam etdiriləcək. Məhz bu yolla normal danışıqlar prosedurunu qurmaq, nəticələr əldə etmək mümkündür. Ekspertlərin fikrincə, təmas xəttində və Ermənistanla sərhəddə insidentlərin qarşısının alınması üçün operativ əlaqə mexanizmlərinin yaradılması münaqişənin tənzimlənməsi istiqamətində mühüm rol oynayacaq. Tərəflər arasında qəbul ediləcək növbəti qərarlar münaqişənin sülh yolu ilə tənzimlənməsinə öz töhfələrini verə bilər. Çünki görünən budur ki, artıq Ermənistan tərəfi də danışıqların əvvəlki mövqeyinə qayıtmasında maraqlıdır. 

Tərəflər arasında növbəti görüşlər barədə razılıq əldə olunması da bunu deməyə əsas verir. Prezideni İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan görüş və müzakirə olunan məsələlər Rusiya mətbuatının da gündəminə çevrilib. Rusiyalı politoloq Stanislav Tarasov rus mediasında qələmə aldığı yazıda iddia edib ki, münaqişənin həll olunması üçün aparılan danışıqlarda yeni stiuasiya yaranıb və prosesə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da daxil ola bilər: "Proqnozumuz belədir ki, Əliyevlə Paşinyanın Düşənbə razılaşması reallaşmağa başlayanda prosesə Türkiyə prezidenti Ərdoğan da qoşulacaq. Ankara Ermənistanla münasibətlərindəki gərginliyi yumşalda bilər. Bunun üçün Türkiyə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü məsələsini tələb edir. Hiss olunur ki, Bakı və Ankara birgə plan hazırlayıblar və Düşənbə görüşü də bu planın tərkib hissəsidir”.

Münaqişənin həlli ilə bağlı prosesləri "Şərq”ə dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Düşənbə Sammiti çərçivəsində Paşinyanın birbaşa istəyi ilə Prezident İlham Əliyevə yaxınlaşaraq, Qarabağ konflikti ilə bağlı dialoq aparması, bir neçə məsələdə razılaşması münaqişənin həllində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər: 

"Erməni baş nazirin əvvəlki ritorikaları münaqişənin tənzimlənməsinə zərbə vururdu. Danışıqlar üçün heç bir güzəşt tanımırdı. Görünür, geosiyasi reallıqlardan və ölkəmizin hərbi qüdrətindən qorxuya düşən Paşinyan tutduğu qeyri-konustruktiv mövqedən əl çəkmək niyyətindədir. Hər halda ölkə başçısı İlham Əliyevlə Paşinyanın görüşündə biz buna şahidi olduq. Hesab edirəm ki, rəsmi Bakının İrəvana vaxt verməsi və 3 prinsiplə razılaşması şərtlərin ölkəmizin maraqlarına uyğun dəyişməsindədir. Təbii ki, burada xüsusi bir planın olduğunu istisna etmirəm”.

Analitik bildirib ki, Türkiyə daim ölkəmizi bu məsələdə dəstəkləyib:

 "Ermənistanın yeni rəhbərliyi öz ölkəsində demokratiya və inkişafı bərqərar etmək üçün ilk növbədə işğal olunmuş əraziləri boşaltmalı, Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlıq qurmalıdır. Rusiya KİV-lərinin iddialarına gəldikdə isə, deyə bilərəm ki, Paşinyan anti-Rusiya siyasəti apardığından Moskvanı qəzəbləndirir. Nəticədə rus politoloqlar Türkiyə və Bakının ortaq planının olduğunu qeyd edirlər. Niyə də olmasın? Moskva bu illər ərzində öz ağır şərtlərini irəli sürməklə, münaqişənin həllinə mane olub. Ankara və Bakı sıx diplomatik təmaslarla Paşinyanı reallıqlara inandırmalıdır. 

Məncə, Ermənistanda daxili siyasi vəziyyətə kənar qüvvələr müdaxilə etməzsə, Paşinyan konfliktin həlli ilə bağlı Bakı ilə razılaşmaya gedər. Rəsmi Bakı da məhz buna görə Paşinyana vaxt və şans verib. Buna baxmayaraq, ordumuz yenə də hazır vəziyyətdədir. Şübhəsiz ki, Türkiyə də Azərbaycanla birlikdə gedən proseslərə öz töhfəsini verəcək”.

İsmayıl