Paşinyan qisas alır: “Koçaryan zamanında onu həbs etdirmişdi”

“Avqustun 17-dən sonra Ermənistandakı proseslərin daha da kəskinləşəcəyinin şahidi olacağıq”



"Avqustun 17-dən sonra Ermənistandakı proseslərin daha da kəskinləşəcəyinin şahidi olacağıq. Çox güman ki, seçkilərə qədər Paşinyan ciddi təzyiqlərə məruz qalacaq”. 

Bunu "sherg.az”a açıqlamasında Ermənistandakı proseslərlə bağlı danışarkən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib. S

iyasi şərhçi bildirib ki, Ermənistan rəhbərliyinin sabiq siyasətçilərə qarşı atdığı addımların heç biri onların Azərbaycana qarşı törətdiyi cinayətlərə görə deyil. Həmin şəxslər ölkə daxilində kifayət qədər cinayətlər törədiblər: 

"İndiki həbslər əsasən 2008-ci ilin martında baş verən hadisələrlə bağlıdır. Proses baş nazir Nikol Paşinyanın həbsinə Robert Koçaryan tərəfindən göstəriş verilməsi və Yuri Xaçaturovun da burada iştirak etməsi ilə əlaqələndirilir. Məsələdə şəxsi müstəvidə qisasçılıq amilinin də payı var. 

Təbii ki, əlləri azərbaycanlıların qanına bulaşmış şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına müsbət yanaşırıq. Ancaq indiki hadisələrin motivləri tamamilə fərqlidir. Paşinyan hökuməti seçkilərə qədər Koçaryan-Sarkisyan komandasının kapitalanı, maddi gücünü zərərsizləşdirməyə çalışır. Məqsəd həmin qüvvələrin seçkidə iştirak etməsinə, Paşinyan əleyhinə mübarizə aparmasına mane olmaqdır. Yəni baş nazir öz rəqiblərini neytrallaşdırmağa çalışır”.

Analitik bəyan edib ki, Rusiyanın Ermənistandakı həbslərə verdiyi reaksiyada iki faktor diqqəti çəkir: "Koçaryanın və Xaçaturovun həbslərinə tamamilə fərqli reaksiyalar verilir. Koçaryan işi müəyyən qədər Ermənistanın daxili məsələsi kimi qiymətləndirilir. Lakin Xaçaturov KTMT-nın baş katibi kimi beynəlxalq diplomatik status daşıyır. Bu baxımdan onun cinayət məsuliyyətinə cəlb edilməsi müvafiq prosedurlara uyğun həyata keçirilməlidir. İlkin olaraq rəhbərlik etdiyi qurumdan geri çağrılmalı, məsləhətləşmələr aparılmalıdır. Daha sonra haqqında cinayət işi qaldırıla bilər. Məhz bu fakt Rusiyanı daha çox qəzəbləndirir. Çünki KTMT-nın baş katibinə qarşı atılan addım faktiki olaraq Moskvaya qarşı addım kimi dəyərləndirilir. XİN başçısı Sergey Lavrovun son bəyanatının motivində də məhz bu amillər dayanır”.

E.Mirzəbəyli indiki şəraitdə ziddiyyətlərin daha da dərinləşəcəyini istisna etməyib: "Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Lavrovun açıqlamasından bir neçə saat sonra Paşinyan sosial şəbəkə vasitəsi ilə Ermənistan ictimaiyyətinə müraciət ünvanladı. Baş nazir əhalini avqustun 17-də keçiriləcək mitinqə dəvət etdi. Ermənistan mətbuatı bu mitinqin əslində Rusiyaya qarşı bir revanş olduğun qeyd edilər. Onların fikrincə, Paşinyan həbslərlə nümayiş etdirmək istəyir ki, baş verənlər siyasi hakimiyyətin qərarı deyil, birbaşa Ermənistan vətəndaşlarının istəyidir. Paşinyan hökumətlə Moskva arasında olan qarşıdurmanı faktiki olaraq erməni cəmiyyəti ilə Rusiya arasında qarşıdurma müstəvisinə çəkməyə çalışır. Vəziyyət başqa yöndə inkişaf edə bilər. Amma görünən odur ki, son bir neçə gün ərzində Rusiya mediasında Ermənistanın ünvanına səsləndirilən ittihamlar sərtləşməkdədir. Ermənistana silah alınması üçün verilicək 100 milyonluq kreditin ayrılmayacağı barədə də fikirlər səsləndirilir”.

Qeyd edək ki, Ermənistanda sabiq prezident Robert Koçaryan və KTMT-nın baş katibi Yuri Xaçaturov barəsində alınmış həbs qərarı düşmən ölkədə getdikcə dərinləşməkdə olan daxili qarşıdurmaya səbəb olub. Ekspertlər vurğulayıblar ki, Qarabağ klanına məxsus şəxslərə qarşı başladılan həbs dalğası baş nazir Paşinyanın qisasçılıq missiyasına dayanır. Lakin Koçaryanla yanaşı, KTMT-nın baş katibi Yuri Xaçaturovun da cinayətə cəlb olunması Moskva tərəfindən narazılıqla qarşılanıb. Rusiya XİN başçısı Sergey Lavrovun timsalında İrəvanın yeni hökuməti ciddi xəbərdarlıq edilib.

İsmayıl