Paşinyan tək hökmran olmaq iddiasındadır

Amma proseslər göstərir ki, Ermənistan siyasi xaosa sürüklənir
"Ermənistanda baş verən bu hadisələrin arxasında ABŞ dayanır. Növbədənkənar parlament seçkilərinin tezləşdirilməsi də rusiyapərəst Qarabağ klanına zaman tanımamaqdır"


Hakimiyyətə gəldikdən sonra sələfləri - Serj Sarkisyan və Robert Koçaryanın kadrlarını neytrallaşdırmağı, parlamentdə üstünlük qazanmağı qarşısına məqsəd qoyan Ermənistanın baş naziri Nikol Paşinyan mövqelərini daha da möhkəmləndirməyə çalışır. Baş nazir nəyin bahasına olursa-olsun, parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsinə cəhd edir. 

Bunu reallaşdırmağa çalışan Paşinyan Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryanla "Ermənistan Mariot” otelinin kafesində görüş keçirib. Yarım saat davam edən görüşdə növbədənkənar seçki məsələsi həll edilməmiş qalıb. Bu barədə Ermənistan mediasına açıqlama verən Paşinyan bildirib ki, hazırkı dövrdə Respublikaçılar Partiyası özünü qeyri-konstruktiv aparır: 

"Respublikaçılar Partiyası seçkinin 2022-ci ildə keçirilməsini istəyir. Bu yanaşma qeyri-konstruktivdir. Çünki növbədənkənar seçkini xalq istəyir”. Elə buna görə də baş nazir parlamentin digər fraksiyalarının rəhbərləri ilə görüşəcəyini vurğulayıb: 

"Bizim Qagik Çarukyan, Armen Rüstəmyan və Yelk Blokunun nümayəndələri ilə də görüşlərimiz planlaşdırılıb. Lazım olacağı təqdirdə parlamentdən kənar qüvvələrlə də danışıqlar aparacağıq”. Ümumiyyətlə, Nikol Paşinyan indiyədək dəfələrlə bəyan edib ki, Ermənistanda növbədənkənar parlament seçkisinə ehtiyac var. Ancaq bunun üçün əvvəlcə seçki qanunvericiliyi dəyişməlidir. Hətta o, çıxışlarının birində növbədənkənar parlament seçkilərinin gələn ilin may, yaxud iyun ayının əvvəlində keçiriləcəyini də bəyan edib. Həmçinin bildirib ki, Ermənistan Konstitusiyasında baş nazir istefa vermədən parlamentin buraxlmasının mümkünlüyünə dair dəyişikliklər üzərində hazırlıq işləri görülür. Lakin buna baxmayaraq, hazırda parlamentdə əsas üstünlüyə sahib olan Respublikaçılar Partiyası və digər fraksiyalar heç bir halda bununla razılaşmır. Çünki növbəti seçkilər Respublikaçılar Partiyasının və onunla həmfikir olanların mövqeyinin zəifləməsi ilə nəticələnə bilər. Məhz buna görə də Paşinyanın mövcud şəraitdə Ermənistanı növbədənkənar seçkilərə aparması bir o qədər də inandırıcı görünmür. Xatırladaq ki, ötən gün Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Buna etiraz olaraq Paşinyanın çağırışına əməl edən "Çıxış” blokunun deputatları parlamentin işini boykot edərək iclasdan çıxıblar. Qanun layihəsinin lehinə "Çarukyan” bloku, "Daşnaksütyun” və Respublikaçılar partiyası səs veriblər. Bundan hiddətlənən Paşinyan atılan addımı "əksinqilabın rəsmən başlanması” kimi qiymətləndirib və tərəfdarlarını parlamentin önündə etiraz aksiyası keçirməyə çağırıb. 

Elə mitinqin gedişində əhalinin gözü qarşısında ona xəyanət edən "Çiçəklənən Ermənistan” və "Daşnaksütyun” partiyalarının təmsilçisi olan 6 nazirin vəzifədən azad edilməsi barədə fərmana imza atıb. Qeyd edək ki, parlamentin qəbul etdiyi sözügedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir. Baş verənləri şərh edən erməni politoloqların fikrincə, Paşinyan onunla eyni fikirdə olmayan partiyaları əhalinin qəzəbi ilə şantaj etməyə çalışır. Çünki indiki məqamda hakimiyyətini möhkəmləndirməsi üçün bundan başqa rıçaqı, demək olar ki, yoxdur. Amma bu ona əsas vermir ki, Ermənistanı vətəndaş müharibəsinə sürükləsin. 

O da qeyd olunur ki, demokratiyadan danışan Paşinyanın baş nazir postuna yalnız özünün haqqı çatdığını iddia etməsi, bütün alternativləri rədd etməsi heç də xalqın iradəsini ortaya qoymaq deyil, deməli əsas məqsəd idarəçiliyi ələ keçirməkdir. Çünki hətta başqası baş nazir olsa və xalq onu bəyənməsə, xalqın yenidən öz etirazını bildirmək hüququ var. Lakin bütün hallarda, növbədənkənar seçkilər Paşinyanın hakimiyyətinə zəmanət verəcəyindən, o, parlamentə nəzarəti gücləndirmək istəyir. Erməni KİV-ləri yazır ki, Paşinyanın dekabrda növbədənkənar seçkilərin keçirilməsi tələbi onun hökumət proqramına da ziddir. Çünki proqramda yer alan növbədənkənar parlament seçkilərinə hazırlıqla bağlı bənddə qeyd olunur ki, seçkilər maksimum 1 il ərzində keçirilməlidir. Paşinyan isə hakimiyyətdə olmasının 5 ayı tamamlanmamış seçki tələb edir.

Ermənistandakı artan gərginlyi "Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanda siyasi sabitliyi pozan məsələ köhnə və yeni hakimiyyətin bir-birinə qarşı durması və onların toqquşmasından ibarətdir: 

"Yeni hakimiyyətin başlanğıcı dövründə tərəflər bir-birilərinə təsir göstərirdi. Amma sonralar bu təzyiqlər böyüməyə başladı. Ermənistanda yeni sistemin oturması ilə yanaşı, kadr dəyişikliyi də baş verdi. Artıq qarşı tərəf anlayır ki, rəqiblərə şans versə, gələcəkdə onlara böyük problem yaranacaq. Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan üçün əsas məsələ hakimiyyətdə kadr dəyişikliyini həyata keçirmək və mümkün qədər yaxın vaxtlarda öz islahatlarına başlamaqdan ibarətdir. İndi Ermənistanda yeni hakimiyyət komandasının şahidi oluruq. Burada hər hansı bir tərəfin sərt müqaviməti ölkədaxili qarşıdurmalara səbəb olur. İşğalçı ölkədə bu ziddiyyətlər hələ uzun zaman müşahidə olunacaq. Ermənistanda daxili siyasi gərginlik yeni mərhələyə qədəm qoyur”.

Politoloq Məhəmməd Əsədullazadə də "Şərq”ə açıqlamasında vurğulayıb ki, Ermənistanda növbədənkənar parlament seçkilərinə qarşı Sarkisyanın nəzarətində olan parlamentin "reqlament haqqında” qanunu qəbul etməsi əks-inqilabi qanun kimi dəyərləndirildi. Ekspertin sözlərinə görə, bu, Serj Sarkisyanın Paşinyana qarşı əlində olan ən təsirli rıçaq idi: 

"Bu qanunu qəbul etməklə, Qarabağ klanının sonunun yaxınlaşmasının qarşısını ala bilməyəcək. Gözlənildiyi kimi baş nazir Paşinyan kütlə vasitəsi ilə bu qanuna qarşı mitinq keçirdi. Qarabağ klanı Moskvanın təlimatı ilə hərəkət edir. Hətta Paşinyanla eyni koalisiyada yer alan Daşnaksütyun və Çarukyan bloku da Kremlin göstərişindən sonra Respublikaçılar Partiyasına dəstək verdilər. Paşinyan mitinq sayəsində parlamentdə Respublika Partiyası və digər fraksiyalarla danışıqlar apararaq, onların baş nazirliyə namizəd irəli sürməmələrinə və dekabrda növbədənkənar parlament seçkiləri keçirilməsinə nail oldu. Fikrimcə, Qarabağ klanı bu seçkilərdən sonra Ermənistan siyasi səhnəsində zəif çıxış edəcək. 

Məlumdur ki, Ermənistanın baş naziri gələn ildən yeni tərkibdə hökumət quraraq fəaliyyətə başlamaq niyyətindədir. Lakin hazırda Ermənistanda siyasi xaos yaşanır. Rusiyanın buna hansı tərzdə reaksiya verəcəyi maraqlıdır. 20 ildən artıqdır dəstəklədiyi və maraqlarını həyata keçirdiyi Robert Koçaryan və Serj Sarkisyan tandemi öz qürubunu yaşayır. Hesab edirəm ki, Ermənistanda baş verən bu hadisələrin arxasında ABŞ dayanır. Növbədənkənar parlament seçkilərinin tezləşdirilməsi də rusiyapərəst Qarabağ klanına zaman tanımamaqdır. Əlbəttə, Ermənistanda baş verənlər Qarabağ münaqişəsi baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Yeni rəhbərliyin konfliktlə bağlı siyasətində hər hansı dəyişiklik danışıqlara təsir göstərəcək”.

İsmayıl