Paşinyan vurnuxur

Ermənilər artıq ondan vədləri yerinə yetirməsini istəyirlər
"Komanda üzvləri başa düşürlər ki, “məxməri inqilabdan” sonra yaranmış rahat şərait artıq sona çatıb. İndi cəmiyyətdə tamamilə başqa əhval-ruhiyyə var və bu atmosfer böyük dərəcədə hakimiyyətin lehinə deyil"

Erməni cəmiyyətində Nikol Paşinyanın və ətrafının vədləri ilə bağlı məyusluq yaranır. İndi məlum olub ki, baş nazirin komandasında və parlamentdə bir çox şəxslər qoyulan tələblərə cavab vermirlər. Bu isə vətəndaşlar arasında hakimiyyətdən narazılığı artırır. Ötən gün Ermənistanın Respublika Partiyası baş nazir Nikol Paşinyanı "hoqqabaz” adlandırıb. Partiyanın mətbuat katibi Eduard Şarmazanov bu barədə feysbuk səhifəsində yazıb: "Ötən gün Nikol Paşinyan tələsərək "xəbər” verdi ki, 2018-ci ilin üçüncü rübündə ölkəyə investisiyalar 2017-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 50 faiz artıb. 

O dedi ki, biz müxalifətçilər investisiyaların azalmasından danışaraq onu tənqid etmişik. İndi birbaşa zərbə ilə topu Paşinyana və hakimiyyətinə ötürürəm. Nə vaxta qədər hoqqabazlıqla, kələklə məşğul olacaqsınız? Bəli, sizin hakimiyyətiniz vaxtı sərmayələr azalıb. Sizə də təqdim olunan məlumata əsasən, 2018-ci ilin ilk rübündə investisiyalar 94,2 milyon dollar, üçüncü rübdə isə cəmi 75,5 milyon dollar təşkil edib. Yəni 20 milyon dollar azalıb”. Şarmazanov bildirib ki, Paşinyan hakimiyyəti sağa-sola optimallaşdırmanı, çox sayda vətəndaşın işdən azad edilməsini xərclərin səmərəlləşdirilməsi ilə izah edir. Xərclərin azaldılması vətəndaşlara aiddir, hakimiyyət nümayəndələrinə yox”.

Politoloq Viqen Akopyan da əlavə edib ki, indi zaman yeni hakimiyyətin əleyhinə işləyir. Erməni xalqı baş nazirdən sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını gözləyir və onun hər addımını ciddi təhlil edir. Yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən hakimiyyət nümayəndələri, xüsusən baş nazir müxtəlif manevrlər edir, buraxdıqları bu və ya digər nöqsanlara bəraət qazandırmaq istəyirlər: "Komanda üzvləri başa düşürlər ki, "məxməri inqilabdan” sonra yaranmış rahat şərait artıq sona çatıb. İndi cəmiyyətdə tamamilə başqa əhval-ruhiyyə var və bu atmosfer böyük dərəcədə hakimiyyətin lehinə deyil”.

Ermənistandakı gərgin prosesləri "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, əslində heç kim Paşinyanın verdiyi vədləri yerinə yetirə biləcəyinə inanmır: 

"Paşinyanın verdiyi vədləri reallaşdırması heç də asan deyil. Baş nazir üçün kənardan bu vədlər çox bəsit görünürdü. Siyasətə gəlməzdən qabaq çox populist çıxışlar edirdi, məhz bu çıxışlara görə xalq qarşısına çıxdı və hakimiyyətə yiyələnə bildi. Ermənistanda vəziyyət Serj Sarkisyanın dövründəki kimidir, hətta ondan daha da bərbaddır, müsbətə doğru dəyişən heç nə yoxdur. 

Paşinyanın sehrbazlıq edərək Ermənistandakı vəziyyəti düzəltmək şansı sıfıra bərabərdir. Əslində düşmən ölkədə vəziyyət elədir ki, onu düzəltmək nəinki Paşinyana, ümumiyyətlə, heç bir erməni siyasətçiyə nəsib olmayacaq. Ermənistanın yeganə çıxış yolu Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək və işğal olunmuş torpaqları azad etməkdir. Yalnız bundan sonra düşmən ölkədə hansısa irəliləyişdən danışmaq mümkün olar”.
Analitikin fikrincə, Ermənistanda hakimiyyətə gəlmiş bütün şəxslər Qarabağ münaqişəsinə çox ciddi yanaşmalıdır: 

"Paşinyan əvvəlki rejimin siyasətini davam etdirməklə heç nəyə nail ola bilməz. Ən əsası isə ermənilərin iqtisadi durumu bir daha düzəlməsi mümkün olmayan vəziyyətə düşəcək”.

İsmayıl