Paşinyanın hakimiyyəti kövrəkdir: “Onun Qarabağa getməklə separatçılarla dil tapmağa çalışır”



Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağ bölgəsinə gedib. Separatçıların lideri Bako Saakyanla görüşən Paşinyan ona tabe olmayan qondarma rejimi öz tərəfinə çəkməyə cəhd göstərib.
Paşinyanın budəfəki qanunsuz səfərini "sherg.az"a dəyərləndirən politoloq İlqar Vəlizadə indiki Ermənistan rəhbərliyinin dayaqlarının çox zəif olduğunu deyib. 

Siyasi şərhçinin sözlərinə görə, İrəvan hökuməti nəinki Qarabağda, hətta Ermənistanın özündə belə güclü sosial bazaya sahib deyil: "Ermənistan hakimiyyəti son 20 il ərzində tandem şəklində fəaliyyət göstərməyə çalışıb. Qarabağdakı separatçı rejim İrəvana tabe olub. İndi isə Dağlıq Qarabağdakı qondarma rejim Paşinyana tabe olmadığını açıq şəkildə bəyan edir və öz "qaydalarına” əməl edəcəklərini açıqlayır. Şübhəsiz ki, bu cür mövqe İrəvan hökuməti üçün arzuolunan deyil. Çünki mövcud qeyri-müəyyənlik və tabesizlik Ermənistanın həm daxili, həm də xarici siyasətində problemlər yaradır”.

Ekspert xatırladıb ki, Serj Sarkisyan İtaliyadan qayıtdıqdan sonra Qarabağa gedib. Deməli eks-prezident özünü Qarabağda daha rahat və təhlükəsiz hiss edir: 

"Robert Köçəryan da istədiyi vaxt Qarabağa qaça bilər. İndiyə kimi cinayət işi açılmış onlarla şəxs Qarabağdakı rejimin himayəsi altında gizləniblər. Belə vəziyyətdə çarəsiz qalan Paşinyan separatçılarla dil tapmağa çalışır. Qarabağa getməsinin səbəbi budur. Baş nazir yaxşı bilir ki, ona ən güclü zərbə Qarabağdan dəyə bilər. Ona görə də bu zərbəni mümkün qədər zərərsizləşdirməyə cəhd göstərir. Problem ondadır ki, Qarabağ "rəhbərliyi” Paşinyanı müttəfiq kimi görmür. Onların həqiqi tərəfdaşları Qarabağ klanının üzvləri olan Sarkisyan və Köçəryandır. Bütün iplərin Paşinyanın əlinə verilməsini təhlükəli görürlər. Hələlik tərəflər arasında siyasi alver gedir. Nəticənin necə olacağını zaman göstərəcək”.

İsmayıl