Paşinyanın LGTB sevgisi: “Davranışları göstərir ki, bu oğlanın cinsi azlıqlara rəğbəti var”
Ermənistanın inqilabçı rəhbərliyinin erməni cəmiyyətinə gətirdiyi "yeniliklərin”in ardı-arası kəsilmir. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qeyri-adi açıqlamaları ilə diqqəti özünə cəlb etməkdədir. Gözlənildiyi kimi, onun bu "yenilikləri” soydaşlarının, erməni mediasının tənqidlərinə səbəb olub. Ermənistanın "Panorama.am saytı yazır ki, cinsi azlıqlar Paşinyanın parlamentdə məşhur etiraf çıxışından sonra aktivləşməyə başlayıblar. "Ermənistanda cinsi azlıqlar və onlarla əlaqəli insanlar xeyli fəallaşıblar. Yerevanın mərkəzində abidələrin fonunda qucaqlaşıb öpüşür, fotolar çəkdirirlər. Sonra isə bütün bu fotoları yayır, bərabər hüquqlardan dəm vururlar”, - deyə nəşr yazır.
Qeyd olunur ki, baş nazir parlamentdə keçirilən mətbuat konfransında LGBT-cəmiyyət mövzusuna toxunub və ötəri də olsa Ermənistan Respublika Partiyasını cinsi azlıqların aktivləşməsindəki rolundan danışıb: "Bu cəmiyyətin bir sıra fəalları da buna qarşı mübarizə aparırlar. Lakin bu zaman bir suala cavab vermək istəmirlər - əgər Ermənistanın hansısa bir vətəndaşı bəyan edirsə ki, cinsi azlıqdır, onda onunla nə etmək gərəkdir? Deyin, öldürək onu? Ölkədən sürgünmü edək? Ermənistanda may ayına qədər LGBT cəmiyyəti olmayıb, bəli, bu, belədir?”. Daha sonra nəşr maraqlı bir xatırlatma aparıb. 2000-ci illərin əvvəllərində cinsi oriyentasiyası fərqli olan yüksək rütbəli məmurların, nazirlərin siyahısı açıqlanmışdı. O zaman heç kim nümayiş, etiraz aksiyaları keçirmək istəməmiş, belə cəhdləri maliyyələşdirməyə cürət etməmişdi.
"Panorama.am” saytı Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Artur Qazinyanla son vaxtlar Ermənistanda cinsi azlıqların xeyli aktivləşməsinin səbəbləri və hakimiyyətin bu yöndə atdığı addımlar barədə söhbət edib. Saytın əməkdaşı ondan bu məsələdə dövlət siyasətinin reallaşmasının yollarını açıqlamağı xahiş edib. Aktivləşmənin səbəbləri barədə suala ekspertin cavabı da maraqlı olub. Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlar onun üçün bərabər, eyni hüquqlu şəxslərdir. Hesab edir ki, cəmiyyətdə bu məsələ ilə bağlı həmrəylik nümayiş etdirilməlidir. "Belə bir şəraitdə çoxluq azlığın, azlıq da çoxluğun hüquqlarına hörmətlə yanaşacaq”, - deyə o ekspert bildirib.(kaspi.az)
"Bizlər hansı səbəbdən onları ayırırıq - cəmiyyətin seksual azlıqların fəallaşmasına sərt reaksiya göstərməsi səbəbindənmi” sualına cavabında, mərkəz rəhbəri cəmiyyətin həmrəylik nümayiş etdirməsinin zəruriliyini vurğulayıb. "Məni daha çox narahat edən azlıqların həddən artıq reklam olunması deyil, çoxluğun buna aqressiv reaksiyasıdır. Məhz bu səbəbdən də cəmiyyətdə münaqişəli vəziyyət yaranır. Ən ciddi narahatçılıq cəmiyyətin cəbhələrə bölünməsidir, bu isə daxili münaqişələrə gətirib çıxara bilər. Bu istiqamətdə konkret addımlar atılmalıdır”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, vəziyyətə məsul hakimiyyət və onun yeritdiyi siyasətdir: "Bu siyasət cəmiyyətdə həmrəyliyə gətirib çıxarmalıdır. Cinsi azlıqlar öz hüquqlarının sərhədlərini bilməlidirlər, çoxluq isə bu kateqoriyadan olan insanların mövcudluğunu bilməli və hörmətlə yanaşmalıdır. Cəmiyyətin üzvləri bir-birinə nifrət etmədən irəliyə doğru getməlidirlər”. Ekspert hakimiyyətin, eləcə də, siyasi rəqiblərinin bu kateqoriyadan olan insanların aktivləşməsinə səbəb olmaqlarını düzgün saymır. Hakimiyyəti bir qədər dözümlü olmağa çağıran mərkəz rəhbəri bu məsələ ətrafında siyasi spekulyasiyaları düzgün saymır. Belə ki, hər kəsin bu prosesdə siyasi dividentlər əldə etməyə çalışdığını bildirib. Nəticədə də, mövcud vəziyyət daha da gərginləşəcək, yəni təşkil olunan azlıqla və tam olmayan çoxluğun mübarizəsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Əlavə edir ki, cinsi azlıq məsələsi ictimai, daxili və milli təhlükəsizlik problemidir. "Bütün siyasi qüvvələr bu məsələyə məsuliyyətlə yanaşmalı, öz sözlərinin arxasında durmalıdırlar”, - deyə əlavə edib. O ki qaldı hakimiyyətin hansı addımları atmalı olduqlarına – ekspert hesab edir ki, onlar çoxsaylı rıçaqlara və resurslara malikdirlər: "Problem ondadır ki, ya bu istək var, ya da yoxdur. Əgər istək varsa, onda çoxsaylı həll variantları var. Hakimiyyət istəsə tədbirlər görə bilər. Mən resurslara malik deyiləm və konkret hakimiyyətin necə işləməsini deyə bilmərəm. Bunun üçün xüsusi orqanlar, polis, təhlükəsizlik xidməti mövcuddur. Çıxış yolu cinsi azlıqların nümayəndələrinin az aktiv olmaları, cəmiyyətə özlərini az tanıtmalıdırlar. Çünki belə hal çoxluğun narazılığına səbəb olur, heç kimə gərək olmayan əlavə gərginlik yaradır”, - deyə o bildirib. "Belə bir aktivliyin inqilabdan sonra baş verəcəyi gözlənilən idimi” sualına ekspert ikibaşlı cavab verib.
Ermənistan Respublika Partiyası Şurasının nümayəndəsi, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan cinsi azlıqlar məsələsində xalqa müraciət edilməsi barədə təklif səsləndirib.
Yeri gəlmişkən, artıq Ermənistandakı cinsi azlıqlar məsələsi ölkə hüdudlarından kənara çıxıb. Rusiyanın məşhur jurnalisti Sergey Dorenko "Qovorit Moskva” radiosunun efirində N.Paşinyanın bu məsələdəki mövqeyini dumanlı adlandırıb. Onu ən çox təəccübləndirən Paşinyanın bu məsələni parlamentdə qaldırması olub. Xüsusən də Paşinyanın Parisdə erməni geylərlə bağlı rastlaşdığı faktı açıqlaması onu çaşdırıb. "Məndə belə qənaət formalaşır ki, Paşinyanın dəqiq siyasi, ola bilsin dəqiq seksual baxışı mövcud deyil. Onun parlamentdə belə bir məsələdən danışması onu deməyə əsas verir ki, bu oğlanın cinsi azlıqlara rəğbəti var. "Sən ora-bura üzmə, ya burda ol, ya da orda. Get onların yanına və ayaqlarını qızdır, Paşinyan”, -deyə jurnalist bildirib.
Dərhal da ermənilərin "Bqryamyan-26” kanalı Dorenkonun birbaşa efirdə Paşinyanın qeyri-ənənəvi oriyentasiyaya malik olduğunu bəyan etdiyini bildirib. Bundan əlavə, jurnalist öz kanalında N.Paşinyanın ayaq və sinəsinin tüklərinin qırxdığı video paylaşıb. "Bunu başqa ölkələr haqqında etsəydi, dərhal onun üzr istəməsini tələb edərdilər, - deyə erməni kanalı xəbərində bildirib.
Dərhal Ermənistanın Rusiyadakı səfirliyi jurnalisti efir etikası normalarını pozmaqda ittiham edib. Maraqlıdır ki, Dorenko Paşinyanın LGTB-yə olan münasibətinin fərqli olduğunu sezən tək şəxs deyil. Məsələn, ötən gün Ermənistandakı fəallar hökumət binası önündə etiraz aksiyası keçiriblər. Onlar yeniyetmələr arasında cinsi azlıqların təbliğ olunmasını qadağan edən qanunun qəbulunu tələb ediblər. Əlavə ediblər ki, Paşinyanın bu məsələdə qeyri-müəyyən mövqeyi onların əlinə əsas vermiş olur.
Beləliklə, görünən odur ki, baş nazir olmağa iddialı N.Paşinyan hələ yerində möhkəmlənməmiş ölkəsini ciddi gərginliklərlə üzləşdirir. Onun vəzifəsində möhkəmləndikdən sonra bu "yeniliklər”ininin sayının artıracağı da şübhə doğurmur.