Paşinyanın üçüncü tərəflə bağlı iddiaları - Bu ritorika Qarabağ danışıqlarının ruhuna uyğun deyil

Ermənistanda illərdir davam edən səfalət, sabiq prezident, qısa müddətdə baş nazir olmuş Serj Sarkisyan rejiminin ermənilərə tutduğu divan, bu ilin aprel-may aylarında inqilabla nəticələndi. Artıq aclıqdan, işsizlikdən, orduda olan özbaşnalıqdan cana doymuş ermənilər küçələrə axışaraq, bir ay müddətində Sarkisyanı hakimiyyətdən getməyə vadar etdilər. Etirazçı kütlənin liderliyini edən Nikol Paşinyan hakimiyyətə gəldi. Hazırda Ermənistan hakimiyyətinin rəhbəri işğal etdikləri Azərbaycan torpaqlarını azad etmək əvəzinə, beynəlxalq hüquq normalarına hörmət etmək yerinə, ritorik, ağlasığmaz, bir siyasətçiyə xas olmayan açıqlamalar verməkdədir.
Bütün dünya da, ermənilərin özləri də anlayırlar ki, Ermənistanın inkişaf edə bilməməsinə, aclıq, səfalətin baş verməsinə səbəb Dağlıq Qarabağ münaqişəsidir. Hər kəs də anlayır ki, neçə ki, Ermənistan dövləti işğal etdiyi Azərbaycan ərazilərini azad etmir, qoşunlarını işğal olunan Azərbaycan torpaqlarından çıxarmır, Dağlıq Qarabağdakı separatçı rejimə dəstək verir, inkişaf olmayacaq. Daha da bu işğalçı Ermənistan böhranın dərinliklərinə yuvarlanacaq. Amma görünür hakimiyyət başına gələn Paşinyan bunları dərk etsə də, ritorikasından, Qarabağla bağlı sərsəm açıqlamalarından vaz keçmək niyyətində deyil.
Məsələn Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirdi ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, "DQR”-in "parlamenti”, "prezidenti” və "hökuməti” olan "müstəqil ölkə” olduğunu söylədi. Sərsəmləməyə davam edən Paşinyan onu da bildirdi ki, baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirakı olmayıb. Qeyri səmimiliklə davam edən Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər: "Azərbaycanla danışıqları davam etdirə bilərəm. Amma bunun üçün əldə olunmuş razılaşmalara riayət etmək lazımdır. Onu da deyim ki, Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdinə Ermənistan ölümcül zərbə ilə cavab verəcək”. Erməni baş nazirin dediyindən belə çıxır ki, qondarma rejim də danışıqlarda iştirak etməlidir. Amma təbii ki, bu sərsəmlikdən başqa bir şey deyil. Əvvəla Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanıdığı ərazi bütövlüyünə daxil olan regiondur. Bütün beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edir. BMT Təhlükəsizlik Şurasının hələ də icra edilməyən qətnamələri Dağlıq Qarabağda separatçılığa son qoyulmasını, erməni silahlı birləşmələrinin oradan çıxarılmasını, Azərbaycanın ərazi hüdudlarının bərpasını tələb edir. İkinci bir yandan da separatçıların qurduğu qondarma "respublika” ilə, bu terrorçu rejimin rəhbərliyi ilə rəsmi danışıq aparmaq mümkün deyil. Çünki dediyimiz kimi bu separatçıların özlərini elan etdiyi qondarma bir "dövlətdir” ki, Azərbaycan buna yol verməyəcək.
Digər yandan Paşinyan iddia edir ki, Ermənistanın Dağlıq Qarabağa dəxili yoxdur, ora ayrıca subyektdir və s. Bəs yaxşı o zaman sual ortaya çıxır, nəyə görə Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir, Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur? Ermənistan dövlətinin və onun rəhbərliyinin Qarabağla bağlı söz demək haqqı yoxdursa, o zaman qondarma "DQR”-in büdcəsinin formalaşmasında, maddi, hərbi və s. təchizatında Ermənistan niyə iştirak edir? Əgər həqiqətəndə "DQR” "müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan dərhal çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Neçə ki işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir. Ona görə də, Azərbaycan yalnız Ermənistanla, onun başında duranlarla danışıqlar apara bilər.
Paşinyan Dağlıq Qarabağdan qovulan azərbaycanlıların Azərbaycan vətəndaşı olması barədə iddia irəli sürür. Amma dərk etmir ki, Dağlıq Qarabağ dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir və millətindən və dinindən asılı olmayaraq orada yaşayan insanlar da Azərbaycan vətəndaşlarıdır. Maraqlıdır 25 ildir öz yurd yuvalarından didərgin düşən bu insanlar harada və hansı statusda yaşamalıydılar? Paşinyan bu insanların hansı proseslərin qurbanı olduğunu guya bilmir? Yaxşı bilir, sadəcə auditoriyaya hesablan mış ritorik çıxışlar etməkdədir. Bu ritorikadan biri də Azərbaycana güclü zərbə vuracağı ilə hədələməsidir. 
Bütün dünya bilir ki, Azərbaycanın gücü, hərbi potensialı nəyə qadirdir. Təxminən 10-15 günə hərbi gücü vasitəsi ilə Azərbaycan işğalda olan ərazilərini terrorçu ermənilərdən təmizləyə bilər. Sadəcə rasmi Bakı sülhə, danışıqlar və dinc yolla torpaqlarını işğaldan azad etmək niyyətindədir. Qafqazın lider dövləti olan Azərbaycan sülhdən yana olduğunu, sülh dövləti olduğunu nümayiş etdirir. Beynəlxalq vasitəçilərin hərəkət etməsini, sülhün bərqərar olmasında beynəlxalq təşkilatların xahişini nəzərə alır, hərbi yola əl atmır. Amma torpaqlarının işğalına da göz yummur. 
Təbii ki, danışıqların nəticəsiz bitəcəyi tam aydınlaşandan sonra, Azərbaycan istənilən anda hərbi potensialı ilə, ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı separatçılardan təmizləyəcək. Ordumuzun gücünü təxmin etmək üçün, 2016-cı ilin aprel döyüşlərini yada salmaq kifayətdir. Necə ki, faktiki olaraq Ermənistan mediası və ekspertləri etiraf edirlər ki, bu günə kimi bu ölkə aprel hadisələrinin şokunu yaşayır. Aprel hadisələri aydın göstərdi ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir, nəinki Ermənistan tərəfi...
Bütün reallıqları dərk etsə də, Ermənistanın yeni rəhbərinin dediklərindən açıq-aydın görünür ki, o, danışıqlar formatını dəyişdirmək və Ermənistana sərf edən formada danışıqlara getmək niyyətindədir. Paşinyanın çıxışları və iddiaları göstərir ki, onun sülh haqqında iddiaları səmimi deyil və beynəlxalq auditoriyaya hesablanıb. Çünki Paşinyanın üçüncü tərəflə bağlı iddiaları Dağlıq Qarabağla bağlı aparılan danışıqların ruhuna uyğun olmamaqla yanaşı mövcud reallığı əks etdirmir.
Digər tərəfdən də, görünən odur ki, Paşinyan danışıqlar prosesinin real vəziyyəti haqqında tam məlumatlı deyil. Onun verdiyi bəyanatlar inqilab dalğasında hakimiyyətə gəlmiş birisinin daxili auditoriyanın qarşısında simasını itirməmək məqsədi daşıyır. Eləcə də, onun ölkə daxilində qanunçuluğu bərpa edəcəyi, "sehrli çubuqla” hər şeyi öz yoluna qoyacağı barədə iddiaları onun dövlət idarəçiliyində hələ çox təcrübəsiz olduğunun göstəricisidir.
Lakin dediklərini daxili auditoriya üçün hesablamış olsa b elə, bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı formalaşmış formata, ATƏT-in Minck qrupu həmsədrlərinin mövqeyinə hörmətsizlikdir. Faktiki olaraq bu gün Paşinyan ritorik açıqlamaları ilə Minsk qrupunu da təhqir edir.
Ermənistanın başına gələn Nikol Paşinyan təcrübəsiz ola bilər, çünki o Sarkisyan rejiminin zülmlərindən bezən erməni xalqının etirazlarının sonunda baş nazir olub. Amma o bir şeyi də anlamalıdır ki, Ermənistanı quldur rejimə çevirən, Dağlıq Qarabağ separatçılarını dəstəkləyən, terrorçu qrup yaradan ondan qabaq dövlətini idarə edənlər, Sarkisyan-Koçaryan cütlüyü olub. Və o cütlük təkcə Azərbaycan xalqına qarşı deyil, erməni xalqının özünə qarşı da çoxsaylı cinayətlər törədib.
Məsələn 2008-ci il martın 1-də baş verən hadisələr... Həmin vaxt Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticdə 10 nəfərin qətlə yetirilməsi bilavasitə sabiq prezident, quldur Robert Koçaryanın öz xalqına qarşı cinayəti idi. Koçaryan-Sarkisyan cütlüyü bu illər ərzində Ermənistanda qanunsuzluğun hökm sürməsinə, insan haqlarının kobud pozulmasına, iqtisadiyyatın hakim Qarabağ klanı tərəfindən mənimsənilməsinə, Ermənistanda sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsinə, insnların bu ölkədən baş götürüb getməsinə görə birbaşa məsuliyyət daşıyır. Paşinyan vəziyyəti düzəltmək üçün ritorik bəyanatlar verməkdənsə, əvvəlcə Koçaryan-Sarkisyan canilərinin cəzalandırılmasına nail olmalıdır.
Bununla yanaşı Ermənistanın ac-yalavac, insan haqlarının kobud pozulduğu ölkə durumuna düşməsinə görə daha bir şəxs məsuliyyət daşıyır – bu da katolikos ll Qaregindir. Çünki ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsinə təkcə göz yummayıb, həmçinin təşkilatçılardan olub . Belə ki, o, Ermənistanın o vaxtkı hakimiyyətinə belə cinayətkar addım atmaq üçün öz razılığını və xeyr-duasını verib. Bu gün katolikos erməni xalqının bəlalarında heç də Koçaryan və Sarkisyandan heç də az cavabdeh deyil. İşğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də məhz oldur. Paşinyan bunlarla məşğul olmalı, Qarabağla bağlı sərsəm ideyalarından əl çəkməli, təhdid dili ilə dan ışmağa son qoymalı, Ermənistanı ağ günə çıxarmaq istəyirsə beynəlxalq hüququn normalarına hörmət edib , Dağlıq Qarabağ münaqişəsinin həllində sülhün tərəfində durduğunu səmimi sübut etməlidir. Və erməni xalqına verdiyi vədləri, "sizi ağ günə çıxaracam”, "Ermənistanı inkişaf etdirəcəm” kimi sözlərini yerinə yetirmək üçün, ilk öncə Dağlıq Qarabağ separatçılarının arxasından çəkilməli, qoşunlarını işğal etdikləri Azərbaycan ərazilərindən çəkməlidir.
Anar Bayramoğlu