Paşinyanla danışıqlar nəticəsiz və əhəmiyyətsiz olacaq

Erməni rəhbərliyi tərəfindən verilən açıqlamalar münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa hesablanıb




Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib. Ancaq Paşinyan tanınmamış separatçı "Dağlıq Qarabağ Respublikasının” danışıqlar prosesində iştirak etməsində israr edib. Erməni baş nazir bildirib ki, o, Qarabağ xalqı adından danışmağı arzu etsə də, bu məsuliyyəti öz üzərinə götürə bilməz:

"Bunun üçün hüquqi, siyasi və mənəvi əsaslar yoxdur. Qarabağ xalqının "öz hakimiyyəti” var və danışıqlarda bölgələrini təmsil edə bilərlər”. Paşinyanın fikrincə, danışıqlarda Qarabağın azərbaycanlı icmasının da iştirak etməli olduğu haqda arqumentlər "əsassızdır”. Ona görə ki, həmin azərbaycanlılar Azərbaycan vətəndaşlarıdır: "Azərbaycan Prezidenti onların adından danışıqlar aparır, çünki onlar seçkilərdə iştirak edirlər. Qarabağın sakinləri isə Ermənistan hakimiyyətini seçməyiblər, deməli Ermənistan hakimiyyəti onları təmsil edə bilməz”. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin açıqlamalarına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, erməni rəhbərliyi tərəfindən verilən bu cür açıqlamalar münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa hesablanıb. 

H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu düşmən ölkənin bilavasitə beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir: 

"Ermənistan hakimiyyətini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, onda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Yeni rəhbərliyə xatırlatmaq istərdik ki, Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan vətəndaşları olaraq qalırlar. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır. Rəsmi İrəvan anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir”.

Paşinyanın sərsəm bəyanatları ilə bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin işğal altında saxlanılan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir proqramı yoxdur. 

Ekspertin fikrincə, Nikol Paşinyanın irəli sürdüyü iddia yeni deyil. İllər öncə rəsmi İrəvan buna cəhd göstərib: 

"Lakin Azərbaycan tərəfi razı olmadığından məsələ o vaxt bağlanıb. Paşinyanın "iddiası” daha çox işğal faktının uzadılmasına xidmət edir. Əgər beynəlxalq vasitəçi rolunda çıxış edən ATƏT-in Minsk Qrupunun həmsədrləri onu dəstəkləsə, bu artıq vasitəçilik olmayacaq. Azərbaycana qarşı birbaşa açıq təzyiq sayılacaq. 

Bu halda rəsmi Bakı vasitəçilərdən imtina edərək, danışıqları dayandıra bilər. Odur ki, beynəlxalq vasitəçilərin də Paşinyanın timsalında ermənilər kimi düşünəcəyi az inandırıcıdır. Absurd mövqedə olan Nikol Paşinyan hökuməti ilə danışıqların nəticəsiz və əhəmiyyətsiz olacağını indidən demək olar. Bu isə Azərbaycan tərəfinə torpaqlarını işğaldan azad etmək üçün yeni alternativlər irəli sürmək imkanı verir”.

İsmayıl