Pediatrdan SOS:"Anadangəlmə göz xəstəlikləri ilə doğulan uşaqların sayı artıb"






"Anadangəlmə göz xəstəliklərinin qarşısını almaq üçün hamilə qadınların mütəmadi həkim nəzarətində olması mütləqdir”.

Bu sözləri "Sherg.az”a uşaqlarda rast gəlinən anadangəlmə göz xəstəliklərinin səbəbini izah edərkən pediatr Vaqif Qarayev bildirib. 

O qeyd edib ki, bəzi infeksiyalar dünyaya gəlməmiş uşağın gözündə problemlər yarada bilir:

"Ana bətnində vaxtında müalicə olunmayan uşaqlarda doğulandan sonra belə problemlər yaranır. Amma gözdə problemlər olub-olmayacağını təyin etmək bətndaxili çətin məsələdir. Son vaxtlar anadangəlmə göz xəstəlikləri ilə doğulan uşaqların sayı artıb. Bəzən bu uşaqlar əməliyyata qədər gedir. Hətta bağça yaşında uşaqlar eynəklə gəzir.

Doğulandan sonra azyaşlı uşaqların göz xəstəliklərinin yaranmaması üçün kompüter, mobil telefon, planşet sindromundan qurtarmaq lazımdır. Məktəb yaşında uşaqlar isə öncə düzgün oturma vərdişlərinə yiyələnməlidir. Uşaq uzaqdan baxanda gözünü qıyırsa, bu zaman göz həkiminə yaxud pediatra müraciət etmək gərəkir ki, zəiflik dərinləşməsin. Eynəklə düzəldilə biləcək görmə pozğunluğu əməliyyata gətirib çıxarmır.

Sovet dövründə məktəblərdə göz həkimləri var idi və uşaqların görmə problemlərini vaxtaşırı yoxlayırdı. Nəticədə problemlər vaxtında aşkarlandığından qarşısı alınırdı.

İndi belə tibbi nəzarət mexanizmi olmadığına görə, valideynlər mütləq diqqətli olmalıdır. Ola bilər ki, anadangəlmə yaranmış göz problemlərində həkimlərin günahı olsun, amma sonradan yayılan narahatlıqlarda həkimlərin heç bir məsuliyyəti yoxdur. Hamilə qadınlar vaxtında müayinələrdən keçməli, valideynlər uşaqlarının tibbi problemlərinə vaxtında diqqət etməlidir”.

Aysel Aslan