İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq
Peşə təhsilindən çıxan kadrlarla biz gələcəyimizi quracağıq
Artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq
İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq
İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq
Ölkəmizdə "Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub.
Təhsil Nazirliyindən verilən məlumata görə, cari tədris ilindən başlayaraq yeni proqram layihəsi çərçivəsində Quba Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb.
Təcrübə proqramı Təhsil Nazirliyi, "British Council” təşkilatı və ölkədə fəaliyyət göstərən turizm-xidmət sektoru üzrə müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihənin əsas məqsədi turizm-xidmət sahəsi üzrə müəllimlərin potensialının artırılması, işəgötürənlərin iştirakı ilə milli standart və kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunmasına imkan yaradılmasıdır.
Yeni layihə ilə bağlı fikirlərini "Şərq”lə bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi sahəsində ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanında "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib:
"Strateji Yol Xəritəsində qarşıdakı dövrdə peşə təhsili və təlimi sektoru üzrə normativ hüquqi, iqtisadi və informasiya bazasının təmin edilməsi, peşə-ixtisas təhsilinin yeni pozitiv imicinin formalaşdırılması, peşə təhsili sisteminin özəl sektor üçün cəlbediciliyinin artırılması, müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik peşə-ixtisas təhsili müəssisələrinin formalaşdırılması məsələləri yer alıb. Həmçinin sənəddə peşə-ixtisas təhsili sistemində əmək bazarının tələblərinə cavab verə bilən mühəndis-pedaqoji kadrların hazırlanması, peşə-ixtisas təhsili müəssisələrinin məzunlarının işlə təminatının yüksəldilməsi kimi strateji məqsədlərə nail olunması nəzərdə tutulub”.
Ekspertin sözlərinə görə, hazırda ölkədə iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sənayenin və kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsində kadrlara böyük ehtiyac var:
"Bu ehtiyacı ödəmək üçün regionlarda mərkəzləşdirilmiş peşə təhsili müəssisələri yaradılır, amma bu sahələr üzrə kadrlar da hazırlanmalıdır. Bu sahələr üzrə peşələrin inkişafı və ixtisaslı kadrların hazırlanması iqtisadiyyatın inkişafına təkan verəcək. İxtisaslı mütəxəssislər ilk peşə təhsili üzrə aldıqları bilikləri praktikada tətbiq edəcək və bunun nəticəsində əkin sahələri genişlənəcək. O cümlədən qeyri-neft sektoru hesabına ölkə iqtisadiyyatı yüksələcək. Bu inkişaf meyvə-tərəvəzin daha çox istehsalına gətirib çıxaracaq.
Yəni artıq bizim xaricdən geni dəyişmiş məhsullar almağa ehtiyacımız qalmayacaq. İqtisadiyyatın inkişafı həm də yerli məhsullar hesabına sağlamlığın təminatına səbəb olacaq. Xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var. Bu baxımdan, rayonlarda həmin sahələr üzrə peşələr tədris olunmalıdır. Peşə məktəblərinin inkişafı insan kapitalının inkişafı üçün əhəmiyyətli töhfə ola bilər. Dövrün tələbatına uyğun gələn peşələr maraqlıdır. Hazırda sənaye məktəbləri açırlar.
Həmin məktəblərin yanında peşə kursları da olmalıdır ki, şagirdlərə öyrətsinlər. Peşə məktəblərində tədris edilən peşələrlə bağlı gənclər arasında təbliğat olmalıdır: Bu, gənclərin gələcək yoluna işıq tutar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər.
Bu da onlarda həmin sahələrə, ümumən peşəyə stimul yaradar. Son illərdə ölkədə inkişaf edən sahələrdən biri də turizm sahəsidir. Hər il yeni otellər, istirahət mətkəzləri tikilib istifadəyə verilsə də, turizm xidməti sektorunda müəyyən çatışmazlıqlar var. Qeyd olunan iaşə obyektlərində daha çox aşpaz”, "oteldə konsiyerj” və "mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə kadrlara ehtiyac var ki, Qusar Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığı həyata keçirildikdən sonra bu problem aradan qalxacaq. Dünya təcrübəsi göstərir ki, turizm-xidmət sektoru əmək bazarında ən çox ehtiyac olan ixtisasların önündə gəlir. Hesab edirəm ki, təkcə kadr problemini həll etmək yox, eyni zamanda turizm-xidmət sahəsi üzrə müəllimlərin potensialının artırılması istiqamətində də beynəlxalq təcrübədən istifadə etmək lazımdır. Əmək bazarının tələbatının ödənilməsi üçün peşə təhsili müəssisələrində yeni ixtisasların açılması çox müsbət addımdır.
Xüsusi ilə qeyd edim ki, əmək bazarında təkcə turizm-xidmət sahəsi üzrə ciddi kadr ehtiyacı yoxdur. Eyni zamanda "Suvarma sistemlərinin operatoru", "Soyuducu qurğularda məhsulların saxlanması və anbarlanması üzrə operator”, "Tədbir və mərasimlərin təşkilatçısı”, "Bağban-dekorator”, "Ağac nəqqaşı”, "Quru inşaat və suvaq işləri ustası”, "Daşdoğrayan maşın operatoru”, "Oteldə konsiyerj”, "Bitkiçilik mütəxəssisi”, "Aqroservis mütəxəssisi”, "Heyvandarlıq mütəxəssisi” kimi ixtisaslar üzrə də ehtiyac var”.
Yeganə Bayramova