“Hər zaman bu fikirdəyəm ki, insanın başına gələn yaxşı və pis hadisələrin çoxunun kökündə onun dili dayanır”
Peşəkar jurnalistin nitq mədəniyyəti mediada əsas amildir
Cəlalə Nəzəroğlu: “Dili bilmək və onu danışıq prosesinə çevirmək aparıcının yeganə silahıdır”
“Hər zaman bu fikirdəyəm ki, insanın başına gələn yaxşı və pis hadisələrin çoxunun kökündə onun dili dayanır”
“Hər zaman bu fikirdəyəm ki, insanın başına gələn yaxşı və pis hadisələrin çoxunun kökündə onun dili dayanır”
İnformasiya texnologiyasının inkişaf sürəti ictimai mühitdə medianın rolunu və yerini möhkəmlədir. Qəzet işindən başlamış ən müasir internet resurslarınadək bütün informasiya vasitələrində dil və nitq problemi, yəni fikrin sərbəst çatdırılması ən önəmli yer tutur. Təsadüfi deyil ki, son vaxtlar qəzet, radio, televiziya internet dili ətrafında geniş diskussiyalar aparılmaqdadır. Bütün bu sahələrdə əsas vəzifə jurnalistin üzərinə düşdüyünə görə, müsbət və mənfi fikirlər də onun ünvanına yönəlir.
Xüsusilə medianın bütün növlərində əsas informasiya ötürücüsü rolunu oynayan nitq peşəkar jurnalistin həyat tərzidir. Nitqin mükəmməl olması bir tərəfdən jurnalistin peşəkarlığından xəbər verirsə, digər tərəfdən informasiyanın aydın və mükəmməl ötürülməsi ilə oxucuya, dinləyiciyə, tamaşaçıya səviyyəli xidmət rolunu oynayır. Ona görə də peşəkar jurnalistin nitq mədəniyyəti media sistemində əsas amil hesab olunur.
Bu sahəyə dair hər bir elmi-nəzəri-praktik əsər müasir jurnalistin öz nitqini mükəmməlləşdirmək işinə xidmət edir. Vurğulanan problemlə bağlı "Şərq”in suallarını cavablandıran "Xəzər Xəbər”in keçmiş aparıcısı, ASAN Radioda redaktor və aparıcı kimi fəaliyyət göstərən diksiya təlimçisi Cəlalə Nəzəroğlu deyib ki, nitq mədəniyyəti məfhumu zəncirvari şəkildə bir-biri ilə bağlı olan məsələləri özündə birləşdirir. Diksiya təlimçisinin sözlərinə görə, dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir:
"İnsan dili nə qədər yaxşı mənimsəyirsə, söz ehtiyatı nə qədər çox olursa, bir o qədər səlis danışır. "Mədəniyyət” məfhumu isə bir çox sahələrə aiddir, o cümlədən nitqə. Sokrat deyirdi ki, "danış, səni görüm”. İnsanın kimliyini ortaya qoyan onun nitqidir. Başqaları haqqında bizim bütün təəssüratlarımızın yaranmasının tək səbəbi onun danışığıdır. Dediyi sözlər, intonasiyası, hətta bədən dilidir. Haqqında "filankəs mədəni adamdır” dediklərimiz, sözünə-söhbətinə çox diqqət edən, nəyi harada, necə deməli olduğunu bilən kəslərdir. Şifahi nitqimizin qaynağı səsimizdir. Səsimizi yaradan isə nəfəsimizdir. Zəncirin birinci halqasını düzgün nəfəs almaq təşkil edir. Dolğun, başqalarında qıcıq yaratmayan səsə sahib olmaq, ağız aparatı ilə iş, hərflərin düzgün tələffüzü, orfoepik qaydaların tələblərinə əməl etmək, jest və mimikalardan istifadə, söz ehtiyatının artırılması, toplum önündə sərbəst çıxış etmək kimi məsələlər isə zəncirin digər halqalarıdır.
- Televiziya və radio aparıcıları üçün nitq mədəniyyəti nə qədər mühüm hesab olunur?
- Cəmiyyət hər zaman müxbirləri, aparıcıları söz sərrafı kimi qəbul edib. Çünki onların "çörəyi sözdən çıxır”. Bir dərzi paltarı tikərkən yaxşı parçadan istifadə etməyə, işlədiyi alətləri saz vəziyyətdə saxlamağa, biçib-tikərkən səhv etməməyə səy göstərirsə, aparıcılar da sözlə bu qədər ehtiyatlı olmalıdır. Əlbəttə, səlis, nümunəvi nitqə sahib olan aparıcılarımız var. Amma aparılan
monitorinqlər göstərir ki, zəif söz ehtiyatına sahib, etik normaları pozan, orfoepik qaydaları bilməyən, jarqon və parazit ifadələri efirə gətirənlər də az deyil. Hər kəs bacardığı işlə məşğul olanda, daha çox uğur qazanır. Dili bilmək və onu danışıq prosesinə çevirmək aparıcının yeganə silahıdır. Əgər bu silahla davranmağı bacarmırsa, onun uğurlu olması mümkün deyil. Cəmiyyətimizdə çoxlu savadlı insanlar var, dinləyici, tamaşaçı çox həssasdır. Onlar aparıcının səhvini "göydə tuturlar” və bu, onun reputasiyasına ciddi xələl gətirir.
- Nitq bacarığı media nümayəndəsində sonradan formalaşa bilərmi, yoxsa insan anadangəlmə natiq olmalıdır?
- Səlis nitqə sahib olmaq üçün hər şeydən əvvəl insanın fiziki və psixoloji olaraq sağlamlığı yerində olmalıdır. Misal üçün, dilində, dodağında, çənəsində fiziki qüsuru olan insanların nitqində əskiklik özünü mütləq göstərir. Hətta cəmi bircə dişin yerində olmaması hansısa samit səsin düzgün tələffüz olunmamasına səbəb olur. Yox, əgər nəfəs orqanları, səs telləri, ağız aparatı ilə heç bir problem yoxdursa, əlbəttə, hər kəs səlis nitqə sahib ola bilər. Sadəcə, burada incə bir məqam var, ona xüsusi diqqət çəkmək istəyirəm. Məncə, ailənin bir insanın nitqinin formalaşmasında rolu çox böyükdür. Hələ ən kiçik yaşlarından uşaqla düzgün ünsiyyət qurulmayıbsa, ona kitab oxumaq, nəyisə nağıl etmək bacarığı aşılanmayıbsa, "sən sus, uşaqsan, get oyna” deyilibsə, onlarla iş aparmaq zəruri hala gəlir. Amma öyrənməyin yaşı yoxdur. Bizim təlimlərə hətta yaşı 60-dan çox olan insanlar da qatılır. Natiqliyə gəlincə, bu, özü xüsusi bir sənətdir. Hər kəs natiq olmaya bilər. Dilin normalarını bilmək və efirə məsuliyyətlə yanaşmaq, hazırlaşmaq kifayətdir.
- Bəzən aparıcılar reytinq xətrinə dialekt sözlərdən, müxtəlif şivələrdən istifadə edirlər. Buna necə baxırsız?
- Bilirsiniz, insan ağzından çıxan sözlərlə öz kimliyini, dünyagörüşünü, savadını, sahib olduğu milli-mənəvi, ailə dəyərlərini ortaya qoyur. Efir ciddi ictimai rəy formalaşdırmaq gücünə sahib, milyonlarla insanı öz arxasınca aparmağa qadir vasitədir. Ona görə də başqalarına yaxşı nümunə olmaq hər bir aparıcının, o cümlədən, qonaqların ən vacib vəzifələrindən biridir. Fikir verin, gənclərin sevimlisi olan hansısa aparıcı heç bir məna kəsb eləməyən, yüngül bir ifadəni tez-tez təkrar edəndə, bu, sürətlə yayılır, ağızdan-ağıza keçir. Məncə, heç bir aparıcı reytinq xatirinə sahib olduğu səlis nitqi korlayaraq, başqa tərzə keçməz. Bu, daha çox ədəbi dili bilməməkdən qaynaqlanır. Ləhcəyə, dialekt sözlərə hamımız hörmət edirik. Hər birimiz hansısa bölgədə doğulub-böyümüşük, o ləhcədə danışmışıq. Amma hər şeyin öz yeri var. Ədəbi dil hər kəs konkret bir norma daxilində danışsın deyə mövcuddur və hər bir peşəkar aparıcı buna əməl edir.
- Televiziya və radioda çalışan şəxs kimi aparıcıların ən böyük səhvlərini, qüsurlarını nədə görürsüz? Yəni, dillə bağlı sizi daha çox narahat edən nədir?
- Sizə bir məsələni deyim. 2015-ci ildə AMEA-nın Dilçilik İnstitutu və MTRŞ birgə treninq təşkil etmişdi. Bütün televiziya və radiolardan aparıcılar dəvət olunmuşdu, hətta bu, bir öhdəlik idi. Müəllimlərdən biri də mən idim. Yadımdadır ki, dərsimiz çoxdan bitmişdi, biz isə həvəslə davam edirdik. Çünki treninq tamamilə fərqli formatda, nəzəriyyədən, filologiyanın o an üçün bir qədər ağır olan bölmələrindən uzaq, yalnız məşqlər üzərində qurulmuşdu. Aparıcıları tənqid etmək, onların səhvlərini tapıb qruplaşdırmaq işin bir hissəsidir. Digər ən vacib məsələ problemin həlli yolunu göstərməkdir. Heç kəsə məcburi qaydada nəyisə öyrətmək olmaz. Yalnız maraq yaradaraq, fərqli format, asan çıxış yolu təklif edərək məsələni həll etmək mümkündür. Ən vacib məsələ nəyinsə fərqində olmaqdır. Bəzən "bu, belə olmalıdır” anlayışı ilə yaşayırıq. Amma "əslində, belə olmalıdır”ı bilən ağıllı, özünə və işinə hörmət edən insanlar həmişə çıxış yolu tapırlar.
- Dil baxımından xəbər aparıcıları ilə şou verilişlərin aparıcıları arasında ciddi fərq varmı?
- Bu, bir üslub məsələsidir. Şou verilişlərin aparıcıları (söhbət bayağı yox, normal formatdan gedir) daha çox xalq danışıq dilində danışırlar, söhbət edirlər və s. Burada hər şeydən əvvəl intonasiya əhəmiyyət kəsb edir. Misal üçün, küçədə qəfildən çoxlu dəvəquşu peyda olub. Bununla bağlı xəbəri heç bir cümlə dəyişikliyi etmədən həm xəbər, həm də şou-proqramın aparıcısı təqdim edir. Görəcəksiniz ki, fərq dərhal hiss olunacaq. Xəbər formatında verilişlərin aparıcısı olaraq, əminəm ki, digər verilişlər məndə çox süni, soyuq alınacaq. Xəbər xüsusi səs tonunu, qətiyyət, daha az dəyişkən jest və mimikaları sevir.
- Çoxları sovet dövrü ilə indiki efiri müqayisə edir və o zaman natiqlik xüsusiyyətinə böyük önəm verildiyini deyirlər. Bunun səbəbi nədir sizcə?
- Bilirsiniz, istər sovet dövründə, istərsə də sonrakı zamanlarda dili bilən, onun qorunması üçün işlər görən insanlar, qurumlar və təşkilatlar olub. 2013-cü ildə dövlət başçısı tərəfindən dilçiliyin inkişafına dair Dövlət Proqramı qəbul olundu. Bu, dilin qorunmasının diqqət mərkəzində saxlanılmasını bir daha sübut edir. Bu çərçivədə KİV-lərlə iş aparılır. Konkret sovet dövrünə gəlincə, o zaman efirə ciddi nəzarət, senzura var idi. Bundan başqa, yalnız bir televiziya mövcud idi və aparıcıların, verilişlərin sayı da indiki ilə müqayisədə çox az idi. Diktorlar tərəfindən səsləndiriləcək mətnlər ciddi şəkildə yoxlanılırdı. Diktorun işi sadəcə yazılanı səsləndirirdi. O zaman efirə çıxmaq indiki kimi asan deyildi. Yüzlərlə insanın içindən efirin bütün tələblərinə cavab verənlər seçilirdi. Əlbəttə, indi də heç şübhəsiz, müsabiqələr keçirilir. Ancaq önəmli olan nəticədir. Əgər bu gün dinləyici, tamaşaçı narazıdırsa, deməli, bunun kökündə nəsə dayanır.
- Problemi aradan qaldırmaq üçün nə təklif edərdiniz?
- Bayaq dediyim kimi, insanlar nəyinsə fərqində olanda mütləq çıxış yolu axtarırlar. Son dövrlərdə nəinki aparıcılar, tamamilə fərqli sahələrdə illərdir çalışan, karyerasında ciddi uğurlar əldə edən insanlar da diksiya təlimlərinə qatılır. Bir insan nə qədər bilik və bacarıq sahibi olsa da, bildiyini düzgün ifadə etməyi bacarmasa, kölgədə qalacaq. Ara-sıra ali məktəblərdə seminarlara dəvət olunuram. 1 saatlıq seminar bəzən tələbələrin öz istəyi ilə 3 saata yekunlaşır. Əsas məsələ sevdirməyi bacarmaqdır. Misal üçün, saatlarla nəzəriyyə oxumaqdansa, ağız tənbəlliyini necə aradan qaldırmağa aid bir-iki məşqi elə yerindəcə göstərmək daha faydalıdır. Yaxud ömrü boyu nəfəs alanda sinəsi qabaran insanlar o seminarda əslində, diafraqmadan nəfəs almanın faydalarını öyrənir və elə oradaca məşqə başlayır. Təklifə gəlincə, diksiya dərslərini öyrədən mərkəzlərə maddi sıxıntı ucbatından çox adam qatıla bilmir. Yaxşı olardı ki, pulsuz təlim mərkəzi yaradılsın. O zaman hər kəs, xüsusilə də aparıcılarımız ora qatıla bilərlər.
- Sizin "Danışığınla həyatı qazan” kitabınız çox maraqla qarşılandı. Kitab kimlər üçün, nə məqsədlə yazılıb?
- "Danışığınla həyatı qazan” nitq mədəniyyətinə tamamilə fərqli formatda baxışı ilə seçilir. Bu kitabı yaşından, peşəsindən asılı olmayaraq, hər kəsə aid etmək olar. Burada hər şey "biz nitqimizlə işimizdə, şəxsi münasibətlərdə necə uğur qazana bilərik” məsələsinə hesablanıb. Kitab nitq mədəniyyətinin bütün qollarını özündə birləşdirir, məşqləri göstərir. Həmçinin, kitabda nitqlə bağlı həyatdan götürülmüş hadisələr, məşhur insanların başına gələnlər, bəzi mərasimlərdə rahat danışmaq üçün şablon çıxışlar, lətifələr və s. yer alıb. Oxumağı tövsiyə edirəm.
- Şifahi nitqlə yanaşı, yazılı nitq anlayışı da gündəmə gətirilir. Hesab edilir ki, təkcə televiziya və radio aparıcıları deyil, yazılı və internet media əməkdaşları da nitq bacarığına sahib olmalıdır. Yazı yazmaq, sual vermək, fikrini düzgün ifadə etmək baxımından bu amil önəmli sayılır. Bu barədə nə deyə bilərsiz?
- Nitqin 3 növü var: daxili nitq, yəni düşünmək, şifahi nitq, bir də yazılı nitq. Ünsiyyətdə bədən dilimiz təxminən 60, səsimiz 30, sözlərimiz isə 10 faizlik təsirə malikdir. Düşünmək olar ki, bu zaman söz dəyərsizdir? Əsla! Söz çox dəyərlidir. Mövlanə deyirdi ki, "nə dediyin yox, necə dediyin önəmlidir”. Yəni, düzgün sözü uyğun səs tonu və bədən dili ilə deyəndə ona məna qazandırırıq. Söz o zaman dəyərli olur. Amma yazılı nitqdə bədən dili və səs tonu köməyə gələ bilmir. Burada bütün yük sözlərin üstünə düşür. Yenə də yazdıqlarımız haqqımızda fikir formalaşdırır. Yazılı nitqin bir çox tələbləri var. Ən əsası orfoqrafik qaydalardır. Bəzən insanlar necə danışırsa, elə də yazır, durğu işarələri yerində olmur. Hətta tək bir durğu işarəsi bütün mənanı dəyişə bilir. Misal üçün, "Ata, gəlir?” və "Ata gəlir?” cümlələrində vergülün sayəsində aydın olur ki, birincidə sual ataya ünvanlanıb, ikincidə isə başqa bir adamdan atanın gəlib-gəlmədiyi soruşulur.
Ümumiyyətlə, hər zaman bu fikirdəyəm ki, insanın başına gələn yaxşı və pis hadisələrin çoxunun kökündə onun dili dayanır. Əgər düzgün istifadə edə bilsək, dil bir nemətdir. Həzrəti Əli deyirdi ki, "İnsan dilinin altında gizlənib”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb