Peşəkar media əziyyət çəkir

İnternet media ilə bağlı sərhədləri müəyyənləşdirməyin vaxtı çatıb
“Baş redaktor sözünü o qədər ucuzlaşdırıblar ki, adam adının yanında bu titulun qeyd olunmasına utanır”



Son illər ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətləri bəzi jurnalist və redaksiyaları qeyri-peşəkarlıqda ittiham edirlər. Bildirirlər ki, mətbuatda heç bir məqalə ilə çıxış etməyənlər müxtəlif yollarla hansısa elektron media quruluşuna "baş redaktor” təyin olunurlar. Bunun da əzab-əziyyətini həm peşəkar media orqanları, həm də bəzi dövlət qurumları çəkir. Ona görə ki, həmin "baş redaktorlar” əməkdaşlarına mövzu planlaşdırması zamanı doğru-düzgün istiqamət verə bilmirlər. Nəticədə müxbir sualını aidiyyəti olmayan qurumların mətbuat xidmətləri və ya ekspertlərinə ünvanlayır ki, sonda arzuolunmaz mənzərə meydana çıxır.

Bəzi ekspertlərin iddiasına görə, "Azərsun” şirkətinə zəng edərək su ilə bağlı müraciət edən və ya hansısa iqtisadçıya siyasi məsələdən sual verən "müxbirlər” peyda olub. Əlbəttə, bu faktlar müəyyən texniki yanlışlıq olmaqla yanaşı, eyni zamanda ciddi qeyri-peşəkarlıq nümunəsi də ola bilər. Əksər ekspertlər isə düşünür ki, ümumiyyətlə, elektron media resurslarının sürətli çoxalma mərhələsində bu cür problemlərin qarşısını almaq asan deyil.

Mövzu ilə bağlı "Sherg.az”a danışan "Xalq Cəbhəsi” qəzetinin və "baymedia.az” saytının baş redaktoru Elçin Mirzəbəyli deyib ki, ənənəvi mətbuatda jurnalistlərin, redaktorların qeyri-peşəkarlığı ilə bağlı problemlər demək olar ki, ortaya çıxmır. Onun sözlərinə görə, mətbuata heç bir aidiyyəti olmayan adamlar bu adla təqdim edilir: 

"Xalq Cəbhəsi” qəzetinin əməkdaşları önəmli qurumların mətbuat xidmətlərini, ekspertləri səhv salacağını təsəvvür edə bilmir. Baş redaktor sözünü o qədər ucuzlaşdırıblar ki, adam adının yanında bu titulun qeyd olunmasına utanır. Çox hallarda mən özümü sadəcə Elçin Mirzəbəyli kimi təqdim edirəm. Çünki mətbuata heç bir aidiyyəti olmayan, baş redaktor sözünün çəkisini, mahiyyətini anlamayan, bu sözə nəinki layiq, hətta yanından keçə bilməyən adamlar bu adla təqdim edilir. Görünür, bəzən onlar qəbul olunur. Baş redaktorluq, redaktorluq, jurnalistlik həddən artıq böyük məsuliyyət daşıyan statusdur. Bu sahədə hüquqi tənzimləmələrə ehtiyac var. Birmənalı qərar vermək lazımdır. Hüquqi şəxs kimi qeydiyyatdan keçməyən, məsuliyyət daşımayan, peşəkarlığın prinsiplərinə uyğun gəlməyənlər media qurumları hesab oluna bilməzlər”.

Baş redaktor xatırladıb ki, irəli sürülən şərtlərlə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun indiyə qədər qəbul etdiyi çox uğurlu qərarlar var: 

"Bunlar yazılı mediaya tətbiq olunur. Amma internet mediaya da müəyyən şərtlər qoyulmalıdır. Ən azı bu qurumların, ümumiyyətlə, peşəkar fəaliyyət göstərmək üçün ofisləri, ştatları olmalı, çalışan işçilər, onların fəaliyyəti göstərilməlidir. Ciddi strukturlar bunu nəzərə alacaq. Bir nəfər "komanda” ilə çalışan, səyyar media fəaliyyəti ilə məşğul olanlar isə şərtləri təmin etməli olacaq. Həmin internet media resursları hüquqi şəxs kimi qeydiyyatdan keçərkən bütün bunlar nəzərə alına bilər. Domen adlarının verilməsi zamanı da bu prinsiplərə əməl etmək lazımdır. Hüquqi şəxslər, dövlət qurumları, şirkətlər sayt açarkən rəsmi qaydada müraciət edib, domen alır. Öz fəaliyyətlərini Kütləvi İnformasiya Vasitəsi kimi elan edənlərə də bu şərtlər qoyulmalıdır. Başqa yol yoxdur. İctimai qınağın effektli olmayacağı artıq təsdiq edilib. Hüquqi tənzimləmələrə ehtiyac var. İnternet media ilə bağlı sərhədləri müəyyənləşdirməyin vaxtı çatıb. Çünki biz özümüz də bundan əziyyət çəkirik”.

Məsələni "Şərq”ə dəyərləndirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət isə deyib ki, bu ittiham və iddiaları hamıya şamil etmək olmaz. Ekspertin sözlərinə görə, hazırda yetərincə peşəkar, işinin incəliklərini bilən jurnalistlər, media rəhbərləri var: 

"Dövlət qurumlarının özlərində də qüsur az deyil. Elə mətbuat xidməti rəhbərləri var ki, onların adını ən fəal və ən peşəkar jurnalistlərimiz belə bilmir. Bu halda günahkar kimdir? Təbii ki, özünü tanıda bilməyən mətbuat xidmətinin rəhbəri. Ona görə də məsələyə iki mövqedən yanaşmaq lazımdır. Yəni doğrudan da media meydanında işindən xəbərsiz redaktorlar, jurnalistlər var. Həm də öz işini düzgün qura bilməyib daim tənqidlərə tuş gələn mətbuat xidmətlərinin rəhbərləri mövcuddur”.

"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da "Şərq”ə açıqlamasında bildirib ki, problem o qədər dərin, çox səbəbli və mürəkkəbdir ki, bunu qısaca izah etmək mümkün deyil: 

"Neqativ hallarla bağlı deyilənlər faktdır, hətta bir xeyli yumşaq ifadə olunub. Qısaca deyə bilərəm ki, bu problemin ən azı 95 faizi elektron media ilə bağlıdır və internet azadlığı ilə birbaşa əlaqəlidir. Köklü və ciddi qəzet və jurnallarda belə hallar çox az müşahidə olunur. Bir neçə iri agentlik və xəbər saytını çıxmaqla hamısında vəziyyət faciəvidir. Bu problemlərin səbəblərini dəfələrlə təhlillərimizdə və rəylərimizdə bildirmişik. Əvvəla, televiziyaları çıxmaq şərti ilə mediada reklam və satış bazarı demək olar ki, yoxdur. Nəticə etibarı ilə gəlir əldə edə bilməyən bəzi mətbu vasitələr ucuz işçi qüvvəsi, yəni gənc və təcrübəsiz, az savadlı işçilərə üstünlük verirlər. Üstəlik, o cür saytlarda korrektorlar da olmur, redaktor isə elə həmin jurnalistdən fərqlənmir”. E.Bayramlının sözlərinə görə, peşəkar, təcrübəli və savadlı jurnalist belə saytlarda işləmir. Çünki çox az maaş təqdim edirlər: "Bundan başqa həmin saytların əməkdaşının əsas işi planı doldurmaq və mövzu ilə bağlı kimi gəldi danışdırıb yazmaqla bitir. Məqalənin, xəbərin, müsahibənin və ya araşdırmanın keyfiyyəti heç kimi maraqlandırmır. Əsas məsələ şou xarakterli və ya şişirdilmiş başlıq qoyub oxucu tora salmaq və ya lazımi şəxsləri qıcıqlandırmaqdır. Son olaraq deyim ki, nə qədər internetdə sərbəst xəbər vermək azadlığı var, kim istəsə sayt açıb xəbər yaya bilir, bu tipli problemlər heç vaxt həll olmayacaq”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə də "Şərq”ə bildirib ki, elektron media resurslarının çoxalması bu sahədə qarmaqarışıqlıq yaradıb: 

"Əvvəllər də demişəm ki, bəzən yanımızdan ötüb keçən adamın cibində iki sayt gəzdirdiyindən xəbərimiz olmur. İndi sayt yaratmaq xüsusi bacarıq və külli miqdarda vəsait tələb etmir. Cüzi məbləğ sərf etməklə hansısa elektron media resursuna sahib olmaq mümkündür. Bu cür münbit mühit qeyri-peşəkarların bu sahəyə axınını gücləndirib. Təsəvvür edin ki, hazırda vəziyyət o qədər acınacaqlıdır ki, ölkədə fəaliyyət göstərən internet media resurslarının dəqiq statistikasını aparmaq mümkün deyil. Dövlət qurumlarının, o cümlədən, özəl müəssisələrin mətbuat xidmətlərinə rəhbərlik edən şəxslərin narazılıq etməsinə müəyyən əsaslar var. Həqiqətən, bəzən jurnalistlər qeyri-peşəkar davranır, sualı lazımi instansiyaya ünvanlamırlar. Amma bunu ciddi qəzetlərə, aparıcı saytlara şamil etmək doğru olmazdı. Azərbaycanda kifayət qədər ciddi media resursları var ki, onların əməkdaşları müxtəlif sahələr üzrə ixtisaslaşıb və öz peşə borclarını ləyaqətlə yerinə yetirirlər. Mətbuat xidmətlərinin rəhbərləri həmin jurnalistlərlə qeyri-peşəkarlar arasında bərabərlik işarəsi qoymamalıdır”.

JAM sədri vurğulayıb ki, internet media məkanında xaos hökm sürür və bunu danmaq bizə fayda gətirməyəcək:

"Bir qrup adam reketlik edərək, əvvəlcə çap mətbuatını nüfuzdan saldı. İndi də hədəfdə elektron mediadır. Demək olar ki, onlar öz məqsədlərinə müəyyən qədər çatıblar. Bu cür ünsürlərə qarşı mübarizəni əzmlə davam etdirməliyik. Sonda vacib bir məqama da toxunmaq istəyirəm. Biz jurnalistlər öz fəaliyyətimizə tənqidi yanaşmağı bacarırıq. Amma bu o demək deyil ki, mətbuat xidmətlərinin rəhbərlərinin hamısı süddən çıxmış qaşıqdır. Onların arasında da qeyri-peşəkarlar çoxdur. Hətta elə mətbuat xidmətlərinin rəhbərləri var ki, neçə illərdir iynə olub, yoxa çıxıblar. Bu adamlar jurnalistlərin fəaliyyətini təftiş etməkdənsə, bir az da öz fəaliyyətlərini təftiş etsələr, yaxşı olar”.

"Bakipost.az” portalının rəhbəri Elçin Zahiroğlu vurğulayıb ki, bütün qurumlarda peşəkarlar və qeyri-peşəkarlar çalışır. Onun sözlərinə görə, hər sahədə tutduğu posta layiq olan və ya olmayanlar var:

"Hansısa dövlət qurumu mətbuatın, onlarla işləyən media orqanlarının səhvini tapmaqdan, "qeyri-peşəkarlar” kəşf etməzdan öncə öz işlərinin öhdəsindən gəlməyə çalışsınlar. Əlbəttə, qeyri-peşəkar jurnalistlərin olması istisna deyil. İşini bilməyən jurnalist də var, baş redaktor da. Amma nisbətdə işinin öhdəsindən gələ bilməyən, öz missiyasının məsuliyyətini dərk etməyən mətbuat xidmətinin rəhbərləri daha çoxdur. Ən pisi isə odur ki, onların fəaliyyətsizliyi və ya qeyri-peşəkarlığı cəmiyyətə, təmsil etdikləri quruma daha çox ziyan verir, nəinki hansısa jurnalistin sualı səhv ünvana göndərməsi”.


"Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu bəyan edib ki, gündəmə gətirilən məsələ ənənəvi müzakirə olunan mövzudur. Jurnalist deyib ki, digər sahələrdə olduğu kimi mediada da vəziyyət o qədər də ürəkaçan deyil:

 "Müəyyən problemlər var. Üstəlik, nisbətən azad sahə olduğu və son illərdə formalaşmış vəziyyət səbəbindən müəyyən mənada qarışıqlıq hökm sürür. Amma məşhur misalda deyildiyi kimi, "daşı gərək günahı olmayan atsın”. Bu iradı o zaman haqlı saya bilərik ki, həmin şikayətlənən qurumların özləri qüsursuz fəaliyyət göstərsinlər. Amma düşünürəm ki, bu da bir prosesdir, müəyyən bir müddətdən sonra keçəcək. Süni, kənar müdaxilələr olduğu üçün mediada təsadüfi adamlar var. Təbii ki, belə məqamda sualını düzgün verə bilməyənlər də olacaq. Amma bunu elə də dramatikləşdirməyə ehtiyac yoxdur. Dünyanın hər yerində peşəkar və ciddi media ilə yanaşı, qeyri-ciddi, necə deyərlər, həvəskarlar da var. Sadəcə problem ondadır ki, bizdə bunları cəmiyyət özü seçib ayırmalıdır ki, hansı media ciddi, peşəkar mediadır, hansı deyil. Ciddi media orqanlarında bir qayda olaraq ixtisaslaşma olur. Siyasətdən yazan adam gedib su və ya işıq təsərrüfatından sual vermir. Hər kəs öz sahəsindən yazır və orada ixtisaslaşır. Burada medianın özünün iqtisadi baxımdan dayanıqlı olub-olmamasının da rolu var”.

(Davamı var)

İsmayıl


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb