PKK-nı təbliğ edən Müqabil Baxışov həbs edilib

Aqil Camal: “Təəssüf ki, bəzən Azərbaycanda PKK-ya, Abdullah Öcalana azarkeşlik etmək istəyənlər tapılır”
İlqar Altay: “Həmin qruplaşmanın ölkəmizdə maraqları var”



Noyabr ayının 29-da PKK lideri Abdullah Öcalanın təbliğatçısı kimi tanınan Laçın rayon sakini
Müqabil Baxışov həbs edilib. Məhkəmə onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçib. Bəzi mətbuat orqanlarında Müqabil Baxışov Laçın rayon təhsil şöbəsinin əməkdaşı kimi təqdim olunub. Ancaq Laçın rayon təhsil şöbəsindən verilən məlumata görə, Müqabil Baxışov heç də Laçın rayon təhsil şöbəsinin əməkdaşı deyil:

"Metodist Müqabil Baxışov 2014-cü ildə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə
bilmədiyinə görə, vəzifədən azad olunub”. Daxili İşlər Nazirliyi də PKK-çı kimi təqdim olunan
şəxsin həbsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib
ki, M.Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun dörd sakininin etibarlarından sui-istifadə etməklə
və aldatma yolu ilə əmlakını ələ keçirib. O, həmin şəxslərə ailə üzvlərini işə düzəltmək və digər bu
kimi vədlər verməklə 4 min manata yaxın ziyan vurub. O.Mansurzadə qeyd edib ki, həmin
vətəndaşlardan daxil olan şikayət ərizələri əsasında fakt üzrə cinayət işi başlanıb. Məhkəmənin
qərarı ilə Baxışov barəsində həbs-qətimkan tədbiri seçilib. Xatırladaq ki, Müqabil Baxışov bundan
əvvəl də məhkumluq həyatı yaşayıb. O, 2012-ci ilin oktyabrında Ağcabədi Rayon Məhkəməsinin
qərarı ilə xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Sonra
isə barəsində 1 il 6 ay müddətinə şərti sınaq müddəti tətbiq edilib.

 Məsələ ilə bağlı "Şərq”ə danışan "Türküstan.info”nun baş redaktoru Aqil Camal deyib ki, terror təşkilatını, onun başçılarını təbliğedənlər yaşadığı ölkədən asılı olmayaraq, bütün cəmiyyət və dövlət üçün hər zaman təhlükə mənbəyidir: 

"Konkret, bu məsələyə gəlincə, Azərbaycanla Türkiyə canı bir, qanı bir qardaş
dövlətlərdir. PKK 40 ildir ki, Türkiyəni hədəf seçib. On minlərlə insan bu təşkilatın terrorunun
qurbanı olub. Amma təəssüf ki, bəzən Azərbaycanda PKK-ya, Abdullah Öcalana azarkeşlik etmək
istəyənlər tapılır.

Haqqında bəhs edilən şəxs də bunlardan biridir. Sayları elə də çox olmasa da, onların məhz
Azərbaycanda oturub Türkiyəyə, onun güvənliyinə, ərazi bütövlüyünə qarşı iddialarla çıxış etməsi
yolverilməzdir. Bu həm də Azərbaycana qarşı bir hərəkətdir. Ona görə də müvafiq qurumları bu
fəaliyyətin içərisində olan şəxsləri müəyyən edib layiqli cəzalarına çatdırmalıdır”.


Kriminalist-tədqiqatçı İlqar Altay bildirib ki, dövlətimizə qarşı təhlükə barədə fikirləşəndə ilk
növbədə dini radikallar məsələsi ağlımıza gəlir. Amma təhlükəsizlik məsələsi təkcə dini
ekstremizmlə bitmir, daha narahatedici məqam separatizmdir: 

"Azərbaycanda kürdlər tarixən çox rahat şəkildə yaşayıblar. Ümumiyyətlə, ölkəmizdə sülh və mehribançılıq hökm sürüb, müxtəlif etnik qruplar, talışlar, ləzgilər, kürdlər mehriban şəkildə birgə ömür sürüblər. Eyni zamanda Azərbaycan nadir ölkələrdəndir ki, etnik xalqların nümayəndələri ən yüksək vəzifələrə təyin olunublar. Onların içindən prokurorlar, rayon rəhbərləri çıxıb. Amma bir qrup kürdün xarici kəşfiyyat orqanlarının əliylə yaratdığı PKK terror təşkilatıdır. Onların məqsədi həm terror törətmək, həm də ölkələri bölmək, parçalamaqdır. Fikrimcə, PKK Azərbaycan üçün də təhlükədir. Çünki həmin qruplaşmanın ölkəmizdə maraqları var. Həmçinin, Azərbaycanda PKK-ya rəğbət bəsləyən, təbliğ edən adamlar mövcuddur. Onların dəstəkçisi isə ermənilərdir. Düşmənlərimiz onlardan bizə qarşı istifadə edə bilər. Ona görə də PKK tərəfdarlarının hansısa dövlət idarələrinə, təhsil şöbələrinə sızmasına qətiyyən imkan vermək olmaz. Bu hadisəni nəzərə alaraq təhlükəsizliyi gücləndirmək lazımdır”.

İsmayıl