Prezident əhalinin yaşayış səviyyəsini yüksəltməyə çalışır





Prezident İlham Əliyevin minimum əmək haqlarının artırılmasına dair sərəncamı bir çox təbəqələri əhatə edir. Məlumdur ki, dövlət başçısının imzaladığı sərəncamla minimum aylıq əmək haqqı 180 manatdan 250-yə çatdırılıb. 

Dövlət qulluqçularının aylıq vəzifə maaşı 50 faiz, hərbi və hüquq-mühafizə orqanları əməkdaşlarının aylıq əmək haqqı isə 40 faiz artırılır. Bu sərəncam son 4 ayda minimum əmək haqqının 2 dəfə qaldırılmasıdır və analitiklər də bunu ölkə iqtisadiyyatının yüksək inkişaf tempi ilə izah edir.

Hazırda sərəncamın daha çox hansı kateqoriyaları əhatə etdiyi ətrafında müzakirələr aparılır. Bəziləri müəllimlərin əmək haqqının az artırıldığını, artımın daha çox büdcə təşkilatlarını əhatə etdiyini deyir və bunun aztəminatlı ailələrə xeyri dəyməyəcəyini iddia edir. 

Prezidentin əmək haqqı artımı ilə bağlı son sərəncamını şərh edən millət vəkili, iqtisadçı Azər Badamov «Şərq»ə açıqlamasında minimum əmək haqqının və əmək haqlarının artırılması ilə bağlı Prezidentin imzaladığı sərəncamların aztəminatlı ailələri nəzərdə tutmadığına dair səsləndirilən iddiaların tamamilə yanlış olduğunu dedi:

- Çünki 18 iyunda imzalanmış 16 sərəncam aztəminatlı təbəqəsinin sosial rifahının yaxşılaşmasına birbaşa təsir göstərəcək. Minimum əmək haqqının aşağı həddi 250 manata çatdırılması o deməkdir ki, ölkədə bu rəqəmdən aşağı əmək haqqı qadağandır. Bu həm özəl, həm də dövlət sektoruna aiddir. Həm də Vahid Tarif Cədvəli üzrə əmək haqları alanların əmək haqları da minimum əmək haqqına uyğun proporsional artırılaraq 270-350 manat arasında qərarlanacaq. Yəni artırılan 80 manat birbaşa əhalinin aztəminatlı təbəqəsinin gəlirlərini artıracaq. 

Minimum əmək pensiyalarının da 200 manata çatdırılması və 2020–ci ildən yenə də artacağı gözlənilir. Bu artımlar əhalinin aztəminatlı təbəqəsinin gəlirlərinə təsir etmirmi?! Təbii ki, edir. Amma xoşagəlməz iddiaları səsləndirənlər həm də artımları öz xidmətləri kimi də qələmə verməyə çalışırlar. O iddiaları səsləndirənlərin belə ucuz fikirləri təbii ki, gülməli çıxır. 

Çünki bütün sərəncamları cənab Prezident imzalayır və burada yeganə məqsəd isə əhalinin yaşayış səviyyəsini qaldırmaqdır. Həm də müəllimlərin əmək haqlarının az, dövlət qulluqçularının əmək haqlarının çox qaldırılması ilə bağlı səslənən fikirlər də yanlışdır. 

Çünki 2018-ci ilin əvvəlində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılaraq əmək haqları iki dəfə artırılanda dövlət qulluqçularının əmək haqları artırılmamışdı. İndiki sərəncamlarda da ayrı-ayrı kateqoriyalar üzrə çalışan işçilərin əmək haqlarının 20-40-50 faiz artırılmaqla bütün işləyənlərin arasında sosial ədalət qorunaraq inklüziv yanaşma ortaya qoyulur.

F.Badamov qeyd etdi ki, cənab Prezidentin imzaladığı bütün sərəncamlar inqilabi xarakter daşıyır və birbaşa Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına xidmət edir.

Məlahət