“Prezident seçkilərində İmamoğlunun namizədliyi irəli sürülə bilər” – AKTUAL





"CHP-nin namizədi Əkrəm İmamoğlunun ikinci dəfə AKP üzərində qələbəsi ölkə siyasi sistemində yeni dəyişikliklərə gətirəcək”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, 2016-cı il 16 iyul hərbi çevriliş cəhdinddən sonra mövqelərini möhkəmləndirən prezident Ərdoğan üçün İstanbul seçkisində məğlubiyyət gözlənilməz oldu:

"Bununla türk cəmiyyəti AKP-nın son iki ildə apardığı siyasətə İstanbulda böyük çoxluqla etiraz etdi. Bu həm də MHP-nın mövqelərinin zəifləməsinə gətirəcək. İstanbul seçkiləri Azərbaycan üçün ona görə bu qədər maraq kəsb edir ki, Türkiyənin taleyi məhz İstanbulda müəyyən olunur. Türkiyə qardaş ölkədir. Bizlər Türkiyədə Atatürk ideyalarının arxa plana keçməsindən narahat idik”.

Analitikin sözlərinə görə, Əkrəm İmamoğlu üçün AKP ilə işləmək çox çətin olacaq:

"Məclisdə böyük çoxluğa malik olan AKP verilən qərarlara qarşı çıxacaq. Buna baxmayaraq İstanbul əhalisi İmamoğlunu axıra qədər dəstəkləyəcək. Bundan sonra ABŞ və Avropada İmamoğlunun böyük siyasətə gəlməsi üçün onunla görüşmələr reallaşdıracaq. Növbəti prezident seçkilərində İmamoğlunun namizədliyi irəli sürülə bilər. 

AKP-nin siyasi və iqtisadi addımları səmərə vermir. Partiyanın böyük şəhərlərdə məğlubiyyətə uğraması bunu deməyə əsas verir. Aparılan siyasət, son seçkidə PKK lideri Öcalandan "istifadə” edilməsi türk cəmiyyətinə vurulan ən böyük zərbə oldu. Hər halda qardaş Türkiyədə demokratiyanın möhtəşəm qələbəsi Azərbaycanın da maraqlarına cavab verir”.

İsmayıl