Anar Niftəliyev: "Ziyalıların, dilçilərin, media nümayəndələrinin birgə işi, dilə qayğısı, səmimi yanaşması lazımdır"
Prezidentin dilimizlə bağlı ortaya qoyduğu qəti movqe ilk deyil
Azərbaycan dilinin inkişafı ilə bağlı bir çox sərəncamlar var, Dövlət Proqramı qəbul olunub
Anar Niftəliyev: "Ziyalıların, dilçilərin, media nümayəndələrinin birgə işi, dilə qayğısı, səmimi yanaşması lazımdır"
Anar Niftəliyev: "Ziyalıların, dilçilərin, media nümayəndələrinin birgə işi, dilə qayğısı, səmimi yanaşması lazımdır"
Əhməd Qəşəmoğlu: "Bu fərmandan sonra ciddi bir fəaliyyət proqramı hazırlamağa və həyata keçirməyə böyük ehtiyac var"
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Azərbaycan dilinin saflığının qorunmasını və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayıb bir ay müddətində təsdiq edilməsi, Monitorinq Mərkəzinin nizamnaməsinin, strukturunun, işçilərinin say həddini və əməkhaqqı fondunun Prezidentlə razılaşdırmaqla iki ay müddətində təsdiq edilməsi tapşırılıb.
"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını yüksək qiymətləndirən ictimaiyyət üzvlərinin fikrincə, bu qərar mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntularının aradan qaldırılması məqsədi daşıyır.
Ekspertlərə görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb.
Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin tətbiqi, təbliği, onun saflığının qorunması və inkişafına diqqət və qayğısının bariz nümunəsidir.
Təcrübə göstərir ki, Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları geniş yayılıb.
Azərbaycan Dil Qurumu İctimai Birliyinin üzvü, "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev "Şərq”ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı ortaya qoyduğu qəti mövqeyi ilk dəfə deyil. Bundan öncə də bir çox sərəncamlar, həmçinin dünya ədəbiyyatı incilərinin latın qrafikası ilə büdcə hesabına dərcindən tutmuş 2013-cü ildə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının qəbuluna qədər, ciddi qərarlar olub.
Dövlət Proqramı çərçivəsində müvafiq qurumlara (səhv etmirəmsə, 2 milyon manat) araşdırma aparmaq və müvafiq təkliflər hazırlamaq üçün külli miqdarda vəsait ayrıldığını xatırladan A.Niftəliyevin sözlərinə görə, 2013-2014-cü illərdə bununla bağlı geniş maarifləndirmə işlərinə start verilib, nüfuzlu dilçi-alimlər prosesə cəlb olunub: "AMEA-nın Dilçilik İnstitutunda yaranan Monitorinq şöbəsi, dillə bağlı qaynar xətt, həmçinin yeni orfoqrafiya lüğətinin hazırlanması, qaydaların ictimai müzakirəsi və s.
Prezidentin birbaşa bu sərəncam və qərarlarına bağlıdır. İndiki fərman isə bu monitorinqlərə daha yüksək status verəcək və güman edirəm ki, təsir imkanları da olacaq. Bilirsiniz, mən həm də Azərbaycan Dil Qurumunun icraçı direktoruyam və bu prosesləri uzun müddət izləmişəm. İllər öncə bu problemləri biz qaldıranda bilmirdik və səmimi desək, inanmazdıq ki, 2012-ci ildə Prezident məhz bu cür, bu qədər böyük qayğı ilə Dövlət Proqramının hazırlanması barədə sərəncam verər və 2013-cü ildə bu proqram təsdiq olunar. Proqramla tanış olanlar bilir: çox mükəmməl bir proqramdır və dövlətin dilin təmizliyinin qorunması və inkişafı üçün iradəsi ortadadır”.
Dil Qurumunun icraçı direktorunun fikrincə, bu məsələ inzibati metodlarla tənzimlənməz: "Ziyalıların, dilçilərin, media nümayəndələrinin birgə işi, dilə qayğısı, səmimi yanaşması lazımdır və bu məqamda qəribə bir paradoks yaşayırıq. Vaxtilə, sovet dönəmində ziyalılar dilin saflığı üçün mübarizə aparırdı, dövlət "millətçilikdən" ehtiyat edib, ciddi dəstək verə bilmirdi. Ancaq indi dövlətin iradəsi var, ziyalıların müqaviməti yoxdur. Bunun da nəticəsidir ki, hazırda dil çox ciddi təzyiq altındadır”.
Prezidentin sözügedən Fərmanını yüksək qiymətləndirən sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib ki, bu fərmandan sonra istər qanunvericilik, istər maarifləndirmə, istərsə də inzibati cəhətdən mühüm işlər görülməlidir:
"Konkret mexanizmlər yaransa, yaxşı olar. Dilimizə olan arzuolunmaz münasibətin əsas səbəbi uzun bir dövrdə islamın təsiri altında ərəb, İran dövlətinin tərkibində fars, sovet dövlətinin əsarətində rus, ötən əsrin son onilliklərindən başlayaraq isə ingilis dilinə olan aludəçiliyimiz dayanır. Bu dövrlər ərzində bizdə həqiqi vətənpərvərlik hissləri lazımi şəkildə aşılanmayıb. Ana dilinin əhəmiyyəti, onun potensialı barədə vacib maarifləndirmə işi aparılmayıb. Ana dilinə qarşı həqarətə, etinasızlığa qarşı heç bir tədbir görülməyib. Bu sahədə ictimai qınaq da yoxdur. Düşünürəm ki, bu fərmandan sonra ciddi bir fəaliyyət proqramı hazırlamağa və həyata keçirməyə böyük ehtiyac var”.
Şəymən