Professor: "Dilimizə olan arzuolunmaz münasibətin əsas səbəbi..."





"Prezidentimizin bu addımını yüksək qiymətləndirirəm”.

Bunu "Sherg.az”a açıqlamasında sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib.

Alim bəyan edib ki, bu fərmandan sonra istər qanunvericilik, istər maarifləndirmə, istərsə də inzibati cəhətdən mühüm işlər görülməlidir:

"Konkret mexanizmlər yaransa, yaxşı olar. Dilimizə olan arzuolunmaz münasibətin əsas səbəbi uzun bir dövrdə İslamın təsiri altında ərəb, İran dövlətinin tərkibində fars, Sovet dövlətinin əsarətində rus, ötən əsrin son onilliklərindən başlayaraq isə ingilis dilinə olan aludəçiliyimiz dayanır. Bu dövrlər ərzində bizdə həqiqi vətənpərvərlik hissləri lazımi şəkildə aşılanmayıb. Ana dilinin əhəmiyyəti, onun potensialı barədə vacib maarifləndirmə işi aparılmayıb. Ana dilinə qarşı həqarətə, etinasızlığa qarşı heç bir tədbir görülməyib. Bu sahədə ictimai qınaq da yoxdur. Düşünürəm ki, bu fərmandan sonra ciddi bir fəaliyyət proqramı hazırlamağa və həyata keçirməyə böyük ehtiyac var”.

Qeyd edəki ki,Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Fərmanda bildirilib ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir: "Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib”.

İsmayıl