Professor sakinlərə SƏSLƏNDİ: "Dərmanların keyfiyyətinə dair ciddi şübhələr var"




Azərbaycana gətirilən dərmanların keyfiyyətində ciddi problemlər var.

Bunu Sherg.az-a dərman vasitələrinin istifadəsinə aid təlimat mətninin Azərbaycan dilində tərtib olunması barədə qərara münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. 

Onun sözlərinə görə yalnız Ümumdünya Səhiyyə Təşkilatında qeydiyyatdan keçirilən dərmanlar Azərbaycana daxil olmalıdır: 

"Hazırda dərmanların təhlükəsizliyi və tərkibinin keyfiyyəti ciddi müzakirə olunan məsələdir. Dərman Təhlükəsizliyi Konsepsiyası Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsidir. Buna rəğmən dərman bazarında xaos hökm sürür. Ona görə də, dərmanların keyfiyyət göstəriciləri ilə bağlı ciddi əsaslı şübhələr mövcuddur. Azərbaycana gətirilən dərmanların keyfiyyət yoxlanmasına nəzarət gücləndirilməli, məlumat kitabçasında ana dilində təlimatlar olmalıdır. Ümumiyyətlə, bu sahədə də müşahidə olunan ana dilinə hörmətsizlik məmurlardan qaynaqlanır. Bir çox dövlət qurumlarında, nazirliklərdə xüsusilə Müdafiə Nazirliyində yazışmalar rusca aparılır. Bu problemlər ana dilinin təbliğinin qarşısını alır”.

Qeyd edək ki, "Dərman vasitələri haqqında” qanunun 11-ci maddəsinə, Nazirlər Kabinetinin 108 nömrəli qərarı ilə təsdiqlənmiş "Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na 10 nömrəli əlavəyə əsasən, dərman vasitələrinin istifadəsinə aid təlimatın mətni Azərbaycan dilində və istehlakçı üçün aydın şəkildə tərtib olunmalıdır.

Ayyət Əhməd