"Neftin qiyməti 100 dolları keçə bilər”.
Bunu "Sherg.az”a neftin qiymətindəki davamlı artım haqqında danışarkən iqtisadçı ekspert Natiq Cəvərli bildirib.
Onun sözlərinə görə, indiki şəraitdə neftin qiyməti siyasi proseslərdən dolayı artır:
"ABŞ-ın İrana qarşı sanksiya tədbiq etməsi və onun icra olunacaq vaxtının yaxınlaşması bazada "qara qızıl”ın qiymətini daha da yüksəldir. ABŞ oktyabrın 4-də İrana qarşı sanksiyanı tətbiq etməyi düşünür. Yəni İrandan neft idxalının dayandırılması planlaşdırılır. Hətta ABŞ bildirib ki, İrandan neft alan şirkətlər olarsa, bu sanksiya onların ölkəsinə də tətbiq olunacaq.
Məhz buna görə də bir sıra ölkələr İrandan neft idxalını dayandırdı. Belə olaylar da bazarda hərəkətlilik yaradır. Və nəticə etibarı ilə neftin qiyməti bahalaşır. Həmçinin İran hər gün dünya bazarına iki milyon barel neft çıxarır. Və bazarda birdən-birə bu həcmdə neftin ixracı dayansa, tələb və təklif indeksi arasında qeyri-sabitlik yaşanacaq.
Bu kimi məqamları nəzərə alan analtiklər "qara qızıl”ın qiymətinin daha da bahalaşacağını düşünür. Əgər ABŞ sanksiyalarını təmamilə tətbiq etsə, bu zaman bazarlarda neftin qiyməti 90, hətta 100 dollar olacaq. Hazırda neftin qiymətinə təsir göstərən hər hansısa bir iqtisadi amil yoxdur.
Bəzi ölkələrdə neft hasilatı artıb və bu məqamları nəzərə alanda "qara qızıl”ın qiyməti ucuzlaşmalı idi. Lakin siyasi səbəblər sonda öz sözünü dedi. Əgər İran və ABŞ arasındakı mübahisə yekunlaşmasa, biz noyabr ayında neftin qiymətinin 90 dollar həddində və ondan da yüksək olmasını görəcəyik”.
Qeyd edək ki, Azərbaycan nefti bahalaşmaqda davam edir. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 82,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,85 dollar/barel çoxdur. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 81,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 24-də 78,73 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 24-də 80,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,11 dollar/barel çoxdur.
Kənan Eynuroğlu