Pulların geri qayıtması çətin məsələdir

Kiçik bir valyutadəyişmə məntəqəsinin açılması üçün təqribən 100 min manata yaxın vəsait lazımdır
"Hansısa fiziki şəxs yüz min manat xərcləyirsə, ən azı bir neçə il gözləməlidir ki, həmin vəsaitin geri dönüşünü təmin etsin. Bu da çox adama sərf etmir"


Millət vəkili Rüfət Quliyev ölkəmizdə bir dənə də olsun valyutadəyişmə məntəqəsinin olmadığını deyib. Deputat İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası zamanı bildirib ki, valyutadəyişmə məntəqələrinin açılması üçün qanuna dəyişiklik edilib.

Deputat həmçinin bildirib ki, banklar şənbə və bazar günləri işləmir. Bu zaman vətəndaş xarici valyutada olan pulu xırdalaya bilmir: 

"Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər əlində olan pulu dəyişmək üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə "Şərq”ə bildirib ki, depozit şərtlərinin sərtləşməsi və bəzi əlavə çətinliklərin olması valyutadəyişmə məntəqələrinin açılmasına marağı azaldıb:

 "Çünki 50 min manata yaxın depozit qoyulmalıdır və bu məbləğə əl dəymək olmaz. Beləliklə birdən-birə dövriyyədən böyük məbləğdə vəsait çıxarılır. 

Bundan əlavə, valyutadəyişmə məntəqəsi nəzərdə tutulan məkanda gülləkeçirməz şüşədən tutmuş, yanmaz seyf və digər təhlükəsizlik sistemlərinin quraşdırılması, illik lisenziya xərcləri tələb olunur. 

Toplamda kiçik bir valyutadəyişmə məntəqəsinin açılması üçün təqribən 100 min manata yaxın vəsait lazımdır. Əvvəllər Bakı şəhərində valyutadəyişmə məntəqəsinin əksəriyyəti banklarla müqavilə bağlamış fiziki şəxslər tərəfindən işlədilirdi. Həmin şəxslərin birdən-birə 100 min manatı valyutadəyişmə məntəqəsinin açılmasına xərcləməsi və sonradan bu məbləğin geri dönüşü üçün gözləməsi sərfəli deyil”.

İqtisadçı deyib ki, depozit xərclərinin yüksək olması bir çox insanların bu sahədə fəaliyyət göstərməsinə marağı azaldıb. Valyutadəyişmə məntəqələrinin açılmamasının səbəbi də məhz bundan ibarətdir: 

"100 min manatın dövriyyədən çıxarılması və sonradan bu vəsaitin valyutadəyişmə məntəqəsinin işlədilməsi yolu ilə geri qayıtması çox çətin bir prosesdir. Çünki alış və satış arasında çox az fərq olur. 

Dollarla olan alqı və satqı arasında isə çox kiçik fərq var. Bu isə gəlirliliyin o qədər də yüksək olmadığını göstərir. Hansısa fiziki şəxs yüz min manat xərcləyirsə, ən azı bir neçə il gözləməlidir ki, həmin vəsaitin geri dönüşünü təmin etsin. Bu da çox adama sərf etmir.

Depozit xərclərinin ləğv edilməsi, lisenziyanın daha da ucuzlaşdırılması və təhlükəsizlik qaydaları ilə bağlı bəzi dəyişikliklərin edilməsi baş verərsə, bir çox fiziki və hüquqi şəxslərin marağı yaranacaq ki, əsasən turistlərin çox olduğu mərkəzi hissələrdə valyutadəyişmə məntəqəsinin açılmasına maraq göstərsinlər”.

Valyutadəyişmə məntəqələrinin bağlanmasının yanlış qərar olduğunu deyən iqtisadçı məntəqələrin bağlanması nəticəsində "qara” bazarın yaranmasını da vurğuladı:

 "Sonradan atılan düzgün addımlar nəticəsində "qara” bazar yığışdırıldı. Valyutadəyişmə məntəqələri bağlanan zaman isə təqribən 4 minə yaxın insan işsiz qaldı. Yenidən valyutadəyişmə məntəqələrinin fəaliyyəti yüzlərlə yeni iş yerinin açılması ilə nəticələnə bilər. Ona görə də yeni iş yerlərinin açılması nöqteyi-nəzərdən yanaşsaq, qanunvericilikdə bu sahədə dəyişikliklər olmalıdır. Həmçinin şərtlər asanlaşdırılmalı, xərclər azaldılmalıdır ki, fiziki və hüquqi şəxslər valyutadəyişmə məntəqələrinin açılmasına maraq göstərsinlər”.

Yeganə Bayramova