"Putin ABŞ-da “odun üstünə yağ tökməyə” çalışır" - Elçin Xalidbəyli




"Müəyyən qüvvələr Amerika Birləşmiş Ştatlarında yeni seçilmiş prezidenti Donald Trampın legitimliyini zədələmək, onu "Maydan” təşkil etməklə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir”. Belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib. O, bildirib ki, Trampa qarşı mübarizənin altında iki məsələ dayanır. 

Birincisi, prezident seçkilərinin nəticələrini sual altına almaq, ikincisi yeni seçilmiş prezidentin əl-ayağını bağlamaqdır”. Məlumat üçün deyək ki, Tramp seçki kampaniyası zamanı tez-tez Putini tərifləyib və ona şəxsi simpatiyasının olduğunu söyləyib. Habelə mühüm beynəlxalq məsələlərlə bağlı Kremlin nöqteyi-nəzərinə uyğun olan bəyanatlarla çıxış edib və bugün də etməkdədir. Ötən gün isə ABŞ-da Trampın Rusiya tərəfindən ələ alındığını iddia edən məxfi dosyelər mətbuata sızdırılıb. 

Xatırladaq ki, Donald Trampa qarşı ölkə daxilində nəinki müxalif Demokratlar Partiyasından, hətta təmsil etdiyi Respublikaçılardan belə etirazlar səslənməkdədir. Yerli ekspertlərin fikrincə, Tramp öz açıqlamaları və sonrakı fəaliyyəti ilə ABŞ-ın dövlət strategiyasına zidd addımlar atarsa, onun hakimiyyətdən uzaqlaşdırılması məsələsi gündəmə gətirilə bilər. Onların fikrincə, Tramp rəhbərlikdən gedəcəyi halda onu seçkidə ikinci yerə çıxmış Hillari Klinton əvəz edəcək. Bəs, görəsən bu iddialar nə dərəcə realdır, ümumiyyətlə Tramp hansısa halda hakimiyyətdən devrilə bilərmi? 

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ-da cərəyan edən siyasi proseslər daha çox daxili hesablaşma xarakteri daşıyır: 

"Bu hesablaşma ölkə daxilində müəyyən ziddiyyətlər və gərginlik yaradır. Çünki Donald Trampı hakimiyyətə gətirən "dərin qüvvələr” ABŞ-ın indiki daxili və xarici siyasət kursundan məmnun deyillər. Ona görə də Trampın prezidentliyi dönəmində həmin siyasi kursu köklü şəkildə dəyişməyi hədəfləyiblər. Qarşı tərəf, yəni indiki siyasi kursun tərəfdarları isə buna müqavimət göstərirlər. Ancaq bu daxili siyasi çəkişmənin prezident Donald Trampın devrilməsi ilə nəticələnəcəyi qətiyyən inandırıcı deyil. Çünki ABŞ-da hakimiyyət çevrilişləri elə də asan baş verə biləcək proses deyil. Düzdür, Amerika tarixində impiçmentə məruz qalıb, istefaya göndərilən prezident örnəyi mövcuddur. Ancaq Trampın belə bir taleyi yaşamaq ehtimalı o qədər də yüksək deyil”. 

Politoloq vurğulayıb ki, ABŞ-da Ukraynada baş vermiş "Maydan” hərəkatına bənzər proseslərin yaşanması mümkün görünmür: 

"Özünün oturuşmuş siyasi sistemi olan ölkələrdə belə proseslər yaşanmır. Bunun baş verəcəyinə yalnız sadəlövhlər inana bilər. Rusiya prezidenti Vladimir Putin bu barədə açıqlamalar verməklə, sadəcə, "odun üstünə yağ tökməyə” çalışır. ABŞ-da daxili vəziyyətin daha da gərginləşməsinə və ziddiyyətlərin dərinləşməsinə can atır. Çünki Amerikada yaşana biləcək daxili ziddiyyətlər Rusiyanın zaman qazanmasına və heç olmasa, bir müddət daha rahat nəfəs almasına imkan verə bilər”. 

Ekspertin fikrincə, prezident Tpampın andiçmə mərasimindən sonra bu qarşıdurmanın ciddi ölçüdə səngiyəcəyi şübhə doğurmur:

"Çünki yeni prezident dövlətin bütün iplərini rəsmən ələ aldıqdan sonra onunla belə qarşıdurmaya davam etmək o qədər asan olmayacaq. Əslində, prezident Tramp nə qədər avantürist şəxs kimi götünsə də, kifayət qədər qətiyyətli prezident olacağının mesajlarını verməyə başlayıb. Belə ki, Trampın "İŞİD Obama hakimiyyəti tərəfindən yaradılıb” məzmunlu açıqlaması onu Putinlə əlaqələrdə şantaj edənlərə yalnız sərt mesaj deyil, həm də sarsıdıcı əks zərbədir. Bu açıqlama ona qarşı çıxanları dili gödək və gözü kölgəli etməklə yanaşı, ABŞ-ı da beynəlxalq siyasət məkanında manevr imkanlarından məhrum edərək, dar çərçivəyə sala bilər. Donald Tramp bununla öz siyasi rəqiblərinə xəbərdarlıq edir ki, "əgər davam etsəniz, digər "qara işlər”inizi də açaram və bunun nəticələrini artıq özünüz düşünün”. Trampın Putunlə əlaqələri olmuş olsa belə, bu, İŞİD-in yaradılmasından daha ağır ittiham deyil”.

 E.Xalidbəyli bildirib ki, Hillari Klintonun Ağ Evə gedən yolu birdəfəlik bağlanmış kimi görünür: 

"Seçki prosesi dönəmində Klintonun səhhət və əqli problemlərinin olması ilə bağlı çoxsaylı video-görüntülər yayıldı. ABŞ vətəndaşları, eləcə də bu super dövlətin "dərin gücləri” bundan sonra Klintonun namizədliyi üzərinə qayıtmağa həvəs göstərməzlər. Bütün bunları nəzərə aldıqda, Trampın hakimiyyətdən kənarlaşdırılma ehtimalının o qədər də yüksək olmadığı şübhə doğurmur. Böyük ehtimalla andiçmə mərasimindən sonra "bütün daşlar öz yerinə oturacaq” və bir çox ziddiyyətli məqamlar aydınlaşmağa başlayacaq”.

İsmayıl