ABŞ-ın indiki situasiyada Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlaması siyasi məsuliyyət yarada bilər
ABŞ-la Şimali Koreya arasındakı münasibətlər getdikcə təhlükəli hal alır. Tərəflər biri-birinə hücum etməyə hazırlaşır, hədələyici xəbərdarlıqlar edirlər.
Şimali Koreyanın hücum planlarına cavab olaraq ABŞ-ın müdafiə naziri Jim Matis bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Şimali Koreyaya məxsus bir element belə, ABŞ torpağında görünərsə, Vaşinqton Pxenyanla sürətli müharibəyə başlayacaq.
Onu da deyək ki, Pentaqonla Şimali Koreya arasında gərginliyin pik həddə çatması dünya ictimaiyyətini ciddi şəkildə narahat etməyə başlayıb. Narahatlığa səbəb isə Şimali Koreya ilə ABŞ arasındakı müharibə riskinin üçüncü dünya müharibəsinə rəvac vermə ehtimalıdır. Belə ki, indidən beynəlxalq güclər öz tərəfini seçib.
Avstraliya ABŞ-la arasında imzalanan "Avstraliya, Yeni Zelandiya, Birləşmiş Ştatlar (ANZUS) Təhlükəsizlik Müqaviləsi” hökmlərinin açıq olduğunu qeyd edərək müttəfiqinin yanında dayandığını bəyan edib. Qeyd edək ki, Avstraliya, Yeni Zelandiya və ABŞ arasında 1951-ci ildə imzalanan ANZUS Təhlükəsizlik Müqaviləsi həmin ölkələrin Okeaniya regionunda hər hansı bir təcavüzə məruz qalmaları halında biri-birinə kömək etmələrini nəzərdə tutur.
Çin isə Şimali Koreya ilə ABŞ arasındakı gərginlikdə, ilk hücum edənin Pxenyan olması vəziyyətində "bitərəf” qalacağı, ilk həmləni Vaşinqtonun etməsi vəziyyətində isə Şimali Koreyada rejim dəyişikliyinə icazə verməyəcəyi bildirilib.
ABŞ-ın müdafiə nazirinin bəyanatını dəyərləndirən politoloq Qabil Hüseynli isə hesab edir ki, ABŞ-ın indiki situasiyada, yəni hüquqi-siyasi baza formalaşdırmadan Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlaması siyasi məsuliyyət yarada bilər. Amerikanın Şimali Koreyanı bəlli bir qırmızı xəttin içərisinə çəkilməyə məcbur etmək niyyətində olduğunu vurğulayan politoloqa görə, sadəcə olaraq bunun üçün lazımi hüquqi-siyasi bazanı formalaşdıra bilmir.
Rusiya və Çinin Şimali Koreyaya açıq dəstək verdiyini qeyd edən Q.Hüseynli hesab edir ki, bütün dünyadan təcrid olunduğu halda bu iki dövlətin dəstəyi Pxenyana güc verir: "Dünya çox çətin bir dönəmdən keçir. BMT kifayət qədər müstəqil siyasət yeridir və ABŞ-ın istəkləri ruhunda addımlar atmır. BMT-nin xüsusi qərarı olmadan Şimali Koreyaya qarşı hərbi əməliyyatların başlanması o qədər də uyğun nəticələrə gətirib çıxarmaz. İraq təcrübəsi bunu əyani surətdə ortaya qoyur. Ancaq ox yaydan çıxıb, ABŞ Şimali Koreyanın nüvə silahına can atmasına mane olacağını qarşısına bir məqsəd kimi qoyub. Əgər Vaşinqton bu mövqeyindən geri çəkilsə, bu, ABŞ-ın imicinə böyük zərbə vuracaq. Yəni ABŞ sıradan bir dövlət səviyyəsinə enə, hətta müttəfiqləri və dünya qarşısında öz nüfuzunu itirə bilər. Yəni ABŞ-ın geriyə yolu yoxdur və başlatdığı prosesi sona qədər aparmağa məcburdur. Amerika dövlətçiliyinin prestiji də bunu tələb edir. Ancaq ABŞ hüquqi-siyasi baza formalaşdırmadan Şimali Koreyaya qarşı hərbi əməliyyatlara başlamaqla siyasi məsuliyyət yarada bilər. Bu, Trampa da çox ağır bir zərbə vura bilər”.
ABŞ-ın Rusiya və Çini əsas maneə kimi gördüyünü istisna etməyən politoloq deyib ki, hər iki dövlət də Şimali Koreyanı ABŞ-a qarşı qaldırmaqla bundan öz məqsədləri üçün yararlanmaq istəyirlər. Bütün bu qarşıdurma təfəkkürü də o dərəcəyə gəlib çıxıb ki, bəşəriyyət az qala III Dünya müharibəsinin astanasındadır və kiçik bir qığılcım bu savaşı körükləyə bilər.
Q.Hüseynli hesab edir ki, dünyada qarışıqlıq yaradan nüvə silahlarının sözügedən dövlətlərin hər birində olması onlara müəyyən edilmiş qırmızı xətti keçməyə imkan vermir. Bu qeyri-müəyyənliyin uzun müddət davam etməyəcəyini güman edən politoloq Şimali Koreyanın BMT-dəki nümayəndəsi ilə ABŞ arasında aparılan uzunmüddətli danışıqların da heç bir nəticə vermədiyini xatırladıb.
ABŞ-la Şimali Koreya arasındakı gərginliyin bu qədər uzun sürməsində ən böyük məsuliyyətin Rusiya və Çinin üzərinə düşdüyünü vurğulayan Hüseynlinin qənaətincə, bu iki dövlət istəsə, məsələnin diplomatik yolla həllinə nail ola bilər: "Lakin Moskva və Pekin tamamilə əks mövqedədir və ABŞ-ın zəiflədilməsi ilə fövqəldövlət statusuna nail olmağı hədəfləyirlər”.
Şəymən