"Uzun illərdir Qarabağdan gəlmiş hərbi xunta, terrorçular, hərbi canilər, separatçılar Ermənistanda siyasi hakimiyyəti zəbt ediblər, dövləti fəlakətə sürükləyiblər”.
Bunu Sherg.az-a Ermənistan hökumətinin istefasının səbəblərini izah edərkən millət vəkili Elman Məmmədov deyib.
O bildirib ki, erməni rəhbərliyi sırf cinayətkarlardan ibarətdir. Hazırda isə Ermənistanı bu cinayətkarlardan təmizləməyə çalışırlar:
"Hətta Sovet dövründə əhalisinin sayı 3 milyon olan Ermənistanın özünün açıqladığı statistikaya görə, hər il 80-100-120 minlərlə insanın miqrasiyası baş verir. Hazırda faktiki Ermənistanda milyon yarıma qədər də insan yoxdur. Ölkədən çıxanları seçkilərdə saxtakarlıq edib, siyahıda ölkə ərazisində göstərirlər. Ancaq faktiki onlar Ermənistanda yoxdur. Ermənilər çörək tapmaq üçün hətta özlərinə düşmən saydıqları Türkiyəyə də müraciət edirlər, ölkəyə keçmək üçün min cür yollardan istifadə edirlər.
Türkiyə prezidenti R.T.Ərdoğan da hazırda Ermənistan vətəndaşı olan 100 mindən çox erməninin qardaş ölkənin ərazisində çörəkpulu qazandığını vurğulayıb. Rusiyada, Avropada və başqa ölkələrdə də belədir. Artıq erməni cəmiyyəti anlamağa başlayıb ki, cinayətkar dəstə elə vəziyyət yaradacaq ki, Ermənistan, fəlakətdə olan bütün istiqamətlərdə, siyasətdə, iqtisadiyyatda iflasa uğrayacaq".
Ermənistanın çöküşünün qarşısını almaq üçün müəyyən qüvvələrin, siyasətçilərin, hökumət təşkilatlarının hərəkətə keçdiklərini diqqətə çatdıran deputatın sözlərinə görə, onların canlarını cinayətkarlardan qurtarmaqdan başqa yolu yoxdur:
"Yaxşı bilirlər ki, yaşamaq, dövlət olmaq, inkişaf etmək üçün bir yol var. Türkiyə ilə, Azərbaycanla bir münasibətləri normallaşdırmaq və yaşamaq. Əgər onlar əbədi düşmənçilik yolu seçiblərsə, demək, özlərinin məhvinə doğru gedən yoldur. Gedişatlar da bunu göstərir. Ermənistandakı prosesləri dünya izləyir. Onlar dünyanı öz saxtakarlıqları, yalançı ideologiyaları, təbliğatları ilə inandırıblar, amma bu yalanlara, saxtakarlığa inanan dünyada bir oyanma gedir. Bu oyanmada Azərbaycanın rolu isə o qədər də çox deyil. Burada dünya siyasətçilərinin, ermənilərə dost olan Rusiya politoloqlarının Avropa qurumlarının araşdırmaları, hesabatları aşkar edir ki, onların bütün ideologiyası, sözü söhbəti saxtakarlıq, yalançılıq üzərində qurulub.
Buna görə Ermənistanda baş verən hadisələr, cəbhə xəttində təxribatlar fırtına qabağı çabalamalardır. Necə ki, selqabağı qaçhaqaç düşür, onlar da buna hazırlıq görür. Ermənistan hakimiyyəti bilir ki, gethagetdədir. "Suda batan saman çöpündən yapışır” ifadəsinə uyğun Ermənistana rəhbərlik edən hərbi xunta həmin vəziyyətdədir. Ermənistan cəmiyyətində erməni xalqı içərisində kifayət qədər ağıllı düşüncəyə malik insanlar, siyasətçilər də var. Onlar erməni xalqını, Ermənistan dövlətini bu cinayətkarlardan xilas etmək üçün hərəkətə keçməlidirlər. Bunun müqabilində də yaşayış tapmalıdırlar”.
Qeyd edək ki, prezident Serj Sarkisyan hökumətin istefasını qəbul edib. Hazırkı hökumətin üzvləri yeni hökumət formalaşanadək səlahiyyətlərini icra edəcəklər.
Aysel Aslan