Qadın azadlığı

Aysel Ələkbərzadə, BDU-nun 3-cü kurs tələbəsi
Şərq dünyasında "qadın”, "qadın problemləri” tam həll olunmamış mövzulardandır. Bu gün belə, həmin mövzu problem olaraq qalır. Qadına qarşı ikili münasibət, qadının " ev əşyası” kimi görülməsinə qarşılıq olaraq, ədiblərimiz öz əsərlərində problemi əks etdirmiş, məsələni aydınlatmağa, cəmiyyəti ayıltmağa çalışmışlar. Hələ dahi Nizaminin "Leyli və Məcnun” əsərində "qadın hüquqsuzluğu” problemi ifadə olunur. Demək, "qadın azadlığı” problemindən ədiblərimiz hər əsrdə yazıb, ən azından, bu mövzuya toxunublar.
XIX – XX əsrlərdə bu mövzunu öz əsərlərində əks etdirən, dahi ədiblərdən biri də, " Molla Nəsrəddin” jurnalının banisi Cəlil Məmmədquluzadədir. O, demək olar ki, bütün əsərlərində mövzuya bu və ya digər tərəfdən toxunub. Xüsusən, "Ölülər” və "Danabaş kəndinin əhvalatları” əsərlərində qadın azadlığı probleminin işıqlandırılması özünü göstərir. "Molla Nəsrəddin” jurnalının da əsas yazı istiqamətindən biri qadınlarla bağlı olub. Mirzə Cəlil qadının "əşyaya tay tutulması”nın, dəyərsizliyinin səbəbini cəmiyyətin avamlığında, kişi hegemonluğunda görürdü. O, dəfələrlə vurğulayırdı ki, "kişi təhsil alanda savadlı bir kişi olur, qadın elmli olanda isə, bütün bir ailə savadlı yetişir”. O, erkən nigaha, elmsizliyə, fanatik dindarlığa qarşı idi və qadın problemlərinin də kökündə bunların dayandığını dəfələrlə vurğulayırdı. "Ölülər" əsərində Kefli İsgəndərin bacısı həmin dövrün "qız uşaqları”nın ümumiləşdirilmiş obrazıdır. Dünyada bu qədər gözəlliklər, gəzməli – görməli, baxıb – öyrənməli yerlər varkən, bu qızlar – Şərq qadını evə məhkum edilmiş, dünya – aləmdən tədric olunmuşdur. Sanki onun həyatda bir məqsədi vardır – bir az böyüyüb evlənmək, daha doğrusu, "zorla özündən yaşca çox böyük birinə satılmaq” və "nəsli davam etdirmək”. Mirzə Cəlil bu "fədakar”, " ömrünü ərinə, uşaqlarına həsr edən” qadınları nələr gözlədiyini də açıqca deyir : KÖTƏK! Bir də bir para "ər çörəyi”. Qadın ərinə qarşı çıxa bilmirdi, çünki o savadsız idi. Öz ayaqları üzərində dura, cəmiyyətdə özünə yer tapa bilmirdi. Bunun da tək səbəbi savadsızlıq idi. Sanki cəmiyyət qadını bu hala salmaq üçün bilərəkdən onu elmdən məhrum edirdi.
Mirzə Cəlilin böyüklüyü onda idi ki, o, təkcə Nazlı kimi kiçik qızların deyil, Zeynəb kimi, ərini itirmiş qadıların da faciəsini yazır, bununla da göstərirdi ki, "bu cəmiyyətdə kişi himayəsi olmayan qadına hamı təzyiq göstərir, ona həyatı dar edirlər”. Zeynəb "Danabaş kəndinin əhvalatları” əsərinin əsas qəhrəmanlarındandır. O, ərini itirir. Cəlil "dul qadına münasibət”i Xudayar bəy kimi "daxili də ən azı xarici qədər çirkin olan” bir şəxsin timsalında göstərir. Əslində burada qadını tək Xudayar bəy deyil, onun kimi bütün cəmiyyət "tora salır”. Hətta qadının öz oğlu da başqa bir qadınla – Xudayar bəyin qızıyla evlənə bilsin deyə, onu böyüdən qadına – anasına əl qaldırır. Nədənsə, qadını tək səhv hərəkətində daş – qalaq edən cəmiyyət, din xadimləri, valideynə qarşı olan bu hörmətsizliyə səs çıxarmır. Hətta digər qadınlar da öz həmcinslərinə yardım etmirlər. Amma bu o demək deyil ki, cəmiyyət ancaq nadanlardan ibarətdir. Cəmiyyəti ayıltmağa çalışan insanlar da vardır. Lakin onlar cəmiyyət tərəfindən qəbul olunmur, bəzən "dəli” , bəzən də "kefli” kimi ləqəblərlə cəmiyyətdən təcrid edilirlər. Mirzə Cəlil Azərbaycan qadınını qərb qadını səviyyəsində görmək istəyir.
"Molla Nəsrəddin” jurnalında da bu haqda çoxlu karikaturalar, yazılar vardır. Məsələn, karikaturanın birində otaq təsvir edilir. Bu otağın pəncərələri də "niyəsə” bərk – bərk örtülüb. Bir qadın nəfəslikdən çölə boylanır. Və uşağın anasına söylədiyi sözlərlə karikaturanın məğzi açılır. O "ya mənə bir abbası ver, ya da atam gələndə deyəcəm ki, fortuçkadan çölə baxırdın, səni döyəcək” - deyir. Burada aydın olur ki, qadının hər işinə qarışan, onun üstündə tam hökmə sahib olan kişidir. Kişi "öl" desə, qadın ölməlidir. Öz ailəsindən belə görən kiçik oğlan uşağı böyüyüb ailə quranda eynisini tətbiq edir və cəmiyyət bu bəladan xilas ola bilmir.
Başqa bir karikaturada "dərsə gedən kafir qızıyla, ərə gedən müsəlman qızı” göstərilir. Azərbaycan cəmiyyəti üçün "ərə getmək” böyük xoşbəxtlik, elm isə vaxt itkisi hesab olunurdu. Qadınlar ömürlərinin demək olar ki, hamısını evdə keçirirdilər. Bir az zəngin olanların bəxti gətirirdi, ən azından ataları insaflı olsa, onlar üçün ev şəraitində dərs keçmək üçün müəllimlər tuturdular.
Cəmiyyətin gözündə qadın "zəif məxluq”, "gücsüzlük simvolu”, kişi isə tam əksi idi. Bir kişiyə "qadın” desən bu təhqir, bir qadına "kişi kimidir” desən bu, tərif sayılırdı. Hətta bəzi yazarların dilində " qadın” kəlməsi yerinə, çox böyük səhv olan "arvad” kəlməsi istifadə olunurdu. "Arvad” sözü ərəb mənşəli sözdür və "ayıb, ayıb yer” mənasına gəlir. Bu kəlməni işlədənlər, hətta ədiblər belə olsa, böyük səhvə yol verib, "namus yükünü” bilmədən qadının çiyinlərinə buraxmışlar.
Bu gün də "qadın azadlığı” Şərqin böyük problemlərindəndir...