Qapısı bağlı qalmış idman kompleksləri...

İqtisadçı hesab edir ki, onları aktiv fəaliyyətə gətirməyin yolları var



Gənclər və İdman Nazirliyi daha bir neçə regionda olimpiya idman komplekslərinin tikiləcəyi anonsunu verib. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yeni idman kompleksləri Abşeron, Yevlax, Yardımlı, Neftçala, Goranboy, Ağcabədidə tikiləcək.

Qeyd edək ki, bir müddət əvvəl Milli Məclisdə regionlarda inşa edilmiş olimpiya idman komplekslərinin istifadəsiz qaldığı bildirilmişdi. Hətta millət vəkillərindən bəzisi istifadəsiz qalan bu idman komplekslərinin özəlləşdirilməsi təklifini irəli sürmüşdülər. 

Bir halda ki, tikilmiş olimpiya idman kompleksləri istifadəsiz qalır, yenilərinin tikintisinə ehtiyac nədən doğur?

İqtisadçı Samir Əliyev "Şərq”ə açıqlamasında nəzərdə tutulan hər bir tikinti ilə bağlı əvvəlcədən qiymətləndirmə aparılmasının vacibliyini bildirdi:

- Bu idman kompleksləri havadan ərsəyə gəlmir. Onların tikintisinə külli miqdarda dövlət vəsaiti sərf olunur. Dövlət büdcəsi hesabına tikilir bu komplekslər. Amma onlar dövlət büdcəsinə hansı gəliri gətirir? Bəli, idman mərkəzləri lazımdır, gənclərin sağlam inkişafı üçün idman komplekslərinin olması vacibdir. Amma məsələ təkcə kompleksin tikilməsi ilə bitməməlidir. Tikintidən də vacib onların fəaliyyətidir. Deyilənlərlə tamamilə razıyam ki, bəzi regionlarda olimpiya idman komplekslərinin qapısı bağlı qalır. 

Ora nə gedən var, nə də idmanla məşğul olan. İdman kompleksləri özünü maliyyələşdirə də bilmir. Üzgüçülük hovuzunun suyunu dəyişdirməyə belə bəzən vəsait tapılmır. Olimpiya idman kompleksləri çox yerdə yalnız mehmanxana, qonaq evi rolunu oynayır. Hansısa rayona gedənlər fikirləşir ki, mehmanxanaya filan qədər pul ödəməkdənsə, idman kompleksinin otağında qalım. Hovuzdan, idman avadanlıqlarından da istifadə edim. Bu, doğrudan da sərfəli variantdır. Ancaq bu idman kompleksləri turistləri, qonaqları qəbul etmək məqsədilə tikilməyib axı. Orda nə qədər idman avadanlıqları var, hamısı da bahalı. Onların alınmasına da vəsait xərclənib. Olimpiya komplekslərinə xarici turistləri cəlb etmək olar, ancaq bu komplekslərin təyinatı başqadır axı.
Bəs istifadəsiz qalmış idman komplekslərini necə yararlı hala gətirmək olar?

İqtisadçı bu fikirdədir ki, idman komplekslərinin özəlləşdirilməsi vəziyyətdən çıxış yolu deyil:


- Özəlləşdirib nə edəcəklər? Söküb yerində ya bina, ya da otel tikəcəklər. Bəs o binanın tikilməsinə sərf olunmuş vəsait necə olsun? Qapısı bağlı qalmış idman komplekslərini aktiv fəaliyyətə cəlb etməyin yolları var. Birincisi, əlbəttə ki, idmanın inkişaf etdirilməsidir. Amma bu, uzaq perspektivdir. Bunun üçün illər tələb olunur. Hesab edirəm ki, nəhəng idman komplekslərini kompakt hala gətirmək mümkündür. Vacib deyil ki, bir idman kompleksində idmanın bütün növləri üzrə çalışmalar aparılsın. Regiona baxmaq lazımdır. Harada hansı idman növünə maraq var, hansı növ üzrə idman ustaları, məşqçilər var. Bu idman növlərinin inkişafı təmin edilməlidir.

Orta məktəb şagirdlərinin idman dərs saatlarını kompleksdə keçirməsi təmin edilə bilər. İdman məşğələləri, idman klubları yaradıb uşaqları, gəncləri cəlb etmək olar. Ümumiyyətlə, regionlarda infrastruktur layihələri işlənərkən regionun xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Vacib deyil ki, idman kompleksi nəhəng tikilsin. Kiçik modelli komplekslər tikmək də olar. Əgər rayonun əhalisi azdırsa və yaxud o kompleksdən istifadə edə biləcək kontingent zəifdirsə. Belədə xərc də az olar, idman kompleksi də özünü maliyyələşdirə bilər.

Məlahət Rzayeva