“Ən münasib variant Bakı və ətraf rayonlarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verməkdir”
"Qanunsuz valyuta mübadiləsi aparanlar var. Maliyyə Bazarlarına Nəzarət Palatası bazarda baş
verən qanunsuzluqları diqqətdən kənarda qoymur”.
Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Şura sədri bəyan edib ki,
MBNP bankların, sığorta şirkətlərinin və investisiya şirkətlərinin fəaliyyətinə nəzarət edir:
"Palataya bəzi məlumatlar daxil olur. Həmin məlumatlar əsasında biz hüquq-mühafizə
orqanlarına müraciət edirik. Xatırlayırsınızsa, bir müddət öncə prokurorluq, təhlükəsizlik
orqanlarının birgə tədbiri nəticəsində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslərsaxlanıldı. Ümid edirik ki, müvafiq orqanlar tərəfindən daha aktiv tədbirlər görüləcək”.
Problemlə bağlı "Şərq”ə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov deyib ki, inzibati metodlarla qanunsuz valyuta mübadiləsinin qarşısını almaq mümkün
deyil. Çünki ölkədə xarici valyutaya tələb var:
"Vətəndaş valyuta almaq istəyirsə, ona şərait yaradılmalıdır. Banklar insanların istədiyi valyutanı vermir və mübadilə əməliyyatına limit qoyur, ona görə də vətəndaş qara bazara üz tutmağa məcbur olur. Qara bazarı formalaşdıran şəxslər də insanların valyutaya olan tələbatını bildikləri üçün bu işdən əl çəkmirlər. Ona görə də müvafiq qurumların qanunsuz valyuta mübadiləsi ilə məşğul olanlara qarşı mübarizəsi effektli nəticə vermir”.
İqtisadçı-ekspertin sözlərinə görə, qara bazarın aradan qaldırılması üçün inzibati metodlarla
yanaşı, digər üsullardan da istifadə edilməsinə ehtiyac var:
"Ən münasib variant Bakı və ətraf rayonlarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verməkdir. Hər rayon üzrə optimal sayda valyutadəyişmə məntəqəsinin olması zəruridir. Ətraf rayonlarda təxminən 4-5, mərkəzi rayonlarda isə bir qədər artıq, hardasa 7 valyutadəyişmə məntəqəsinin fəaliyyətinə icazə verilməlidir. Məntəqələrin kifayət qədər olması ölkədə qanunsuz mübadilənin, qara bazarın yayılmasının qarşısını alacaq. Bu addımlar atılacağı təqdirdə qara bazar avtomatik olaraq sıradan çıxacaq”.
İsmayıl