Təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxalanır
“Qara siyahı”dakılar qara təfəkkürlərindən çıxa bilmir
Reket jurnalistlər Mətbuat Şurasının üzvlərinə qarşı çirkin kampaniyaya başlayıb
Təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxalanır
Təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxalanır
Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 8 noyabrda keçirilən iclasından sonra adları tam haqlı əsaslarla "qara siyahı”ya salınan saytlar tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniya başladılıb. Bu barədə Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, adları "qara siyahı”da yer alan bəzi informasiya orqanları MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlayır, sosial şəbəkələrdə paylaşılır. Real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilir. Mətbuat Şurasının bəyanatında bildirilib ki, "qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir.Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır.
Buna görə də "reket jurnalistika”ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər. Komissiya rəyə gələrkən, həmçinin, peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayətlər doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları da əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir. Guya şəhid ailələrinin hüquqlarını qorumaq, hansısa ədalətsizliyin qarşısını almaq məqsədi ilə onların adından ölkə rəhbərliyinə aramsız müraciətlərin yayımlanması, eyni şəxslərin hədəfə götürülməsi, qanunsuz tələblərin yerinə yetirilməsi üçün şikayət müəllifləri kimi göstərilən şəxslərlə sövdələşmələr, milli ayrıseçkilik zəminində ittihamlar və s. yarıtmazlıqlar kifayət qədərdir. Bütün bunlar əslində "reket” sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün də ciddi əsaslar yaradır. Mətbuat Şurasının fəaliyyəti timsalında Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir. İndiyədək həqiqi qələm sahibləri, peşənin təəssübünü çəkən jurnalistlər tərəfindən prosesə böyük dəstək göstərilib. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxalanır. Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək və layiqli cəzasını alacaq. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcək.
Məsələyə münasibət bildirən "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı problemin həllini yalnız jurnalistlərdə deyil, eyni zamanda cəmiyyətdə də gördüyünü deyib. Baş redaktorun sözlərinə görə, bu vəziyyət bir neçə ildir ki, davam edir:
"Reket jurnalistika”sı bir cinayət hadisəsidir. Bunun mətbuatla, jurnalistikayla heç bir əlaqəsi yoxdur. Jurnalistikadan çox-çox uzaq olan adamlar öz dolanışıqlarını yaxşılaşdırmaq üçün bu yoldan bir vasitə kimi istifadə edirlər. Ciddi mətbuat orqanlarının, saytların adından istifadə edərək "siyasətlərini” qurmağa çalışırlar. Müəyyən mənada aldadıcılıq bunla bağlıdır. İkinci bir tərəfdən, cəmiyyətin özündə də problemlər var. "Reket jurnalistika”sına qarşı mübarizə təkcə jurnalistlərin işi deyil. Cəmiyyətdə hamı məlumatlı olmalıdır. Ciddi mətbuatla qeyri-ciddi mətbuatı ayıra bilmirlər. Bu baxımdan cəmiyyət hazırlıqlı olanda, bu cür qanunsuz əməllərə müqavimət göstərəndə, bizim ümumi işimizin xeyrinə olur. Biz cəmiyyətdən kömək istəyirik, çox təəssüf ki, ala bilmirik. Hüquq-mühafizə orqanlarının bu hallara qarşı mübarizəsi ən mühüm işlərindən biri olmalıdır. Ötən illərdə Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi və "reket jurnalistika” şəbəkəsinə daxil olanları həbs etdilər. Müqavimət olmayanda, onlara qarşı tədbir görülməyəndə onlar şəbəkələşir və ciddi mətbuat orqanlarından sui-istifadə edirlər. Jurnalist peşəsi şərəfli peşədir. Elə məclislərdə elə qəzetlərin adını eşidirəm ki, heç məndə o qəzetlər haqqında təsəvvür olmur. Baxırsan ki, həmin orqan "reket”dir və onu tərifləyən də "reket”dir. Bax budur problem”.
A.Aşırlı "reket”lərin Mətbuat Şurasına qarşı çıxmalarının heç bir əhəmiyyəti olmadığını vurğulayıb:
"Bir neçə ildir ki, Mətbuat Şurasının "reket”lərə qarşı komissiyası yaradılıb. Müəyyən qəzetlərin, saytların monitorinqi aparılır. Peşə dəyərlərinə hörmətsizlik varsa, qeyri-etik normalar varsa və bu hallar təkrar olunursa, həmin KİV-lər "qara siyahı”ya salınır. Bu bir növ qınaq obyektinə çevirmək üçün edilir. Çünki Mətbuat Şurasının bundan başqa təsir mexanizmi yoxdur. Effekti müəyyən dərəcədə var. Ancaq ümumi götürəndə ciddi təsiri görə bilmirik. O siyahılar nazirliklərə, komitələrə göndərilir. Yenə baxırsan ki, komitələr, yerli strukturlar adı "qara siyahı”da olan şəxslərlə bu və ya digər tərəfdən əlaqəlidir. "Reket jurnalistika”sının kökünün kəsilməsi zamanın işidir. Hesab edirəm ki, Azərbaycan mətbuatının indiki vəziyyətini təhlil eləsək, "reket jurnalistika” orda həlledici amil deyil. Biz bunun kökünü kəsmək istəyiriksə, ciddi jurnalistika ayaqda durmalı, peşəkarlığını, cəmiyyətə təsir imkanını artırmalıdır. Peşəkar jurnalist cəmiyyətdə yaxşı yaşamalıdır ki, reket jurnalist görünməz olsun”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də "Reket jurnalistika” ilə məşğul olan şəxslərin çirkaba bulaşdıqlarını və onlara qarşı mübarizə tədbirlərinin bundan sonra da davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb:
"Əslində Mətbuat Şurasının bu mübarizəsi yeni deyil. Düzdür, bir intensivləşmə müşahidə edilir. Amma əks tərəfin, yaxud qarşı tərəf dediyimiz qüvvələrin, adamların "qara piar”a başlaması üzücüdür. Biz onları haqq yoluna dəvət etmək istəyirik, onların öz üzərlərində işləməsini, doğrudan-doğruya mətbuatla, jurnalistika ilə məşğul olduqlarını göstərmələrini istəyirik. Təəssüflər olsun ki, bu adamlar çirkaba bulaşıblar və bulaşmaqda da davam edirlər. Düşünürəm ki, Mətbuat Şurası öz səlahiyyətləri çərçivəsində addımlarını atmağa davam edəcək. Amma onlar unutmamalıdırlar ki, bu adamların, bu qüvvələrin bizə olan hücumlarının qarşısında dövlət də dayana bilər. Fikrimcə, Mətbuat Şurası müvafiq şəkildə dövlət qurumlarına müraciət etməli olacaq ki, həmin adamların o çirkin kampaniyalarına son verilsin. Çünki onların əməllərinin jurnalistikaya heç bir formada dəxli yoxdur. Bu adamlar jurnalistikadan sui-istifadə edirlər, qanunsuz əməllərə yol verirlər, konkret olaraq jurnalistikanın adından sui-istifadə etməklə bizim sənətimizi, peşəmizi gözdən salmaqla məşğul olurlar. Təbiidir ki, biz Şura olaraq buna dözümlü yanaşmalı deyilik. Eyni zamanda istərdik ki, Azərbaycan dövlətinin müvafiq qurumları həmin adamlara qarşı qanun çərçivəsində, yəni sui-istifadə ilə bağlı, eyni zamanda da Mətbuat Şurası üzvlərinə, bütövlükdə bu qurumun özünə böhtan və şər atmaları ilə bağlı tədbirlər görsün. Yəqin ki, Əflatun Amaşov bu məsələlərlə bağlı müvafiq qurumlara müraciət etməyə məcbur olacaq”.
"SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev də bildirib ki, ölkəmizdə "reket” jurnalistlərin sayı kəskin şəkildə artıb. Onun sözlərinə görə, bu arzuolunmaz hal əslində, müstəqil Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına çox ağır zərbə vurur:
"Bildiyimiz kimi, hələ SSRİ dönəmində mətbuatda sağlam tənqid mövcud olub və bu istiqamətdə çalışan jurnalistlər heç bir məqsəd güdmədən yanaşdığı mövzularda tənqidi yazıları, məqalələri ilə çıxış edirdilər. Lakin bu siyasi üsul-idarə sisteminin süquta uğradığı ərəfələrdə ictimailəşdirilmiş "aşkarlıq” və "demokratiya” tezisləri sonradan reketçilik üsulu ilə əvəzləndi. Təəssüf ki, "reket” jurnalistika çirkli yara kimi kök salmağa başladı. Bu gün reketçilik deyiləndə biz həmin halın yalnız Azərbaycanda deyil, digər ölkələrdə də mövcudluğunu müşahidə edirik. Məgər biz xarici ölkələrdə fəaliyyət göstərən bəzi mətbu orqanlarının zaman-zaman öz çirkin məqsədlərini reallaşdırmaları üçün ölkəmizə qarşı qondarma ittihamlar irəli sürdüklərinin şahidi deyilikmi? O cümlədən, xarici ölkələrdə də insanlar "reket” jurnalistlər vasitəsilə təqib və şantajlara, böhtanlara məruz qalırlar. Ölkəmiz müstəqilliyini qazandıqdan sonra, uzun illər sağlam jurnalistikada fəaliyyət göstərənləri "reket” jurnalistlər əvəzləməyə başladılar və bu, mütəmadi şəkil aldı. Hətta deyərdim ki, həqiqi jurnalistika get-gedə müxtəlif vasitələrlə sıxışdırıldı. Müstəqil mediaların yaranması bu faktoru genişləndirməyə başladı və nəticələr heç də ürəkaçan olmadı.
Düşünürəm ki, bu gün jurnalistikadakı bu cür mənfi və neqativ tendensiyalar daha ciddi fəsadlara şərait yaradır. Buna görə də təcili tədbirlərin görülməsinə ehtiyac var”. Baş redaktorun sözlərinə görə, əsas məqsəd asan və qanunsuz yollarla maddi gəlir əldə etməkdir: "Baxın, hazırda ölkəmizdə ciddi və nüfuzlu, innovativ sferadakı fəaliyyəti ilə seçilən bir neçə sayt və portallar mövcuddur. İnformasiya resurslarını özləri istehsal edərək oxuculara çatdıran sayt və portallar hər dəqiqə ölkə daxilində və xaricdə baş verən siyasi, mədəni, idman, sosial və s. sahələri əhatə edən məlumatlar yayırlar. Müxtəlif təhlilləri, şərhləri, müsahibə və açıqlamaları oxucularına təqdim edirlər. Bəs, "reket”çiliklə məşğul olanlar nə edirlər? Onlar ictimai rəyin gözündən pərdə asmaq üçün gün ərzində uzağı bir, ya da iki məlumatı başqa mənbələrdən oğurlayıb öz saytlarına yerləşdirməklə "informasiya yaymaq prinsipi” əsasında işlərini bitmiş hesab edirlər.
Bundan sonra çirkin, qanunsuz əməllərini davam etdirirlər. İctimai rəydə, cəmiyyət arasında tanınan insanlara, iş adamlarına, dövlət müəssisələrinin rəhbərlərinə və başqa insanlara qarşı şər-böhtan xarakterli yazılar dərc edirlər. Ancaq onlar qeydiyyatdan keçmirlər. Çünki yaxşı bilirlər ki, əgər qanuni yollarla fəaliyyət göstərsələr, öz çirkin və cinayətkar əməllərini rahat şəkildə həyata keçirə bilməyəcəklər”.
İsmayıl