“Qarabağ”ın oyununa görə 400 avtobus ayrılıb, çox əla, amma...

Bəs sərnişinləri yönləndirmək, yerləşdirmək, sərnişin axınına nəzarət etmək işini kim görəcək?Ekspert təklif edir ki, futbol oyunları zamanı könüllülərin xidmətindən istifadə edilsin
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 22-də "Qarabağ”-”Çelsi”ni qəbul edəcək. Bu oyuna, "Qarabağ”dan da bəlkə daha artıq azarkeşlər hazırlaşır. Əslində, bütövlükdə millət olaraq hər birimiz azarkeşlik edəcəyik. Lakin söhbət məhz həmin gün, həmin saatda Bakı Olimpiya Stadionunda oyunu izləməyə hazırlaşanlardan gedir. Məlumdur ki, analoji kütləvi tədbirlərdə gediş-gəlişdə problemlər yaranır, insanlar saatlarla tıxaclarda qalır. Tamaşçıların və ümumilikdə paytaxt sakinlərinin rahat hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi tədbirlər planı tərtib edib. Futbol oyununu izləyəcək tamaşaçıların qarşılaşma bitdikdən sonra daşınması ekspress xətt avtobusları ilə həyata keçiriləcək.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
M.Ağayev qeyd edib ki, ekspress xətt avtobusları Bakı Olimpiya Stadionunun ərazisindən 3 istiqamətdə metronun "Qara Qarayev”, "20 yanvar” və "28 may” stansiyaları istiqamətində hərəkət edəcək:
"Ekspress xətt avtobuslarından istifadə edəcək tamaşaçılar oyundan sonra stadionun şimal çıxışı istiqamətində (Böyük Şor gölünə doğru olan körpü) hərəkət etməlidirlər. Tamaşaçılara Şimal çıxışında ekspress xətt avtobuslarının hərəkət istiqamətini bildirən məlumat lövhələrinə diqqət yetirmələri xüsusi ilə tövsiyə edilir. Məlumat üçün bildiririk ki, şimal çıxışından sol istiqamətdə metronun "Qara Qarayev”, sağ istiqamətdə "28 May”, üzbəüz yolda isə "20 yanvar” stansiyasına gedəcək avtobuslar sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin vaxtında və rahat daşınması üçün 3 ekspress xətt üzrə ümumilikdə 400-dən artıq avtobus ayrılıb”.
Qurum rəsmisi deyib ki, Bakı Olimpiya Stadionuna şəxsi avtomobili ilə gələn tamaşaçılar nəqliyyat vasitələrini İctimai Nəqliyyat Terminalında park etməlidirlər:
"Oyun günü "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də fəaliyyətini davam etdirəcək. Bakı Nəqliyyat Agentliyi azarkeşlərə stadiona gələrkən mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyi, eyni zamanda hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etmələrini tövsiyə edir”.
Bütün səylərə baxmayaraq yenə də basabas olacağı, tıxacların yaranacağı ehtimalı var.
Nəqliyyat məsələləri ürə ekspert Fərhad Eyyubov "Şərq”ə açıqlamasında kütləvi tədbirlər zamanı xüsusi koordinasiya sisteminin olmasının vacibliyini vurğuladı:
- Bakı Nəqliyyat Agentliyi öz vəzifəsini yerinə yetirir. Amma BNA-dən savayı digər qurumlar da vəzifələrinin icrası ilə məşğul olmalıdır. BNA 400 avtobus ayırıb. Çox əla. Bəs sərnişinləri o avtobuslara yönləndirmək, sərnişinləri yerləşdirmək, sərnişin axınına nəzarət etmək, avtobusların ardıcıllığını təmin etmək kimi işləri görən lazımdır. Burada təkcə BNA deyil, stadionun mühafizə xidməti, polis əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşür. İkincisi, adətən belə kütləvi tədbirlərdə könüllülərin xidmətindən geniş istifadə olunur. Niyə "Avroviziya”, sonra Avropa Oyunları, ardınca İslam Həmrəyliyi Oyunlarında qayda-qanuna ciddi riayət edildi, yollarda tıxaclar, basabas yaşanmadı, çünki bu tədbirlərə yetərli sayda könüllü cəlb edilmişdi. Könüllülər tamaşaçıların yönləndirilməsi, yerləşdirilməsində böyük əmək sərf etdilər. 
Niyə futbol oyunları zamanı könüllülərin xidmətindən istifadə olunmur? Nəzərə almaq lazımdır ki, Çempionlar Liqasındakı qarşılaşmalar sıradan futbol matçları deyil. 60-70 min izləyici, azarkeş nəhəng izdiham deməkdir. Burada təkcə avtobus ayırmaqla iş bitmir. Gərək tamaşaçının əvvəlcə o avtobuslara çıxışı təmin edilsin ki, ictimai nəqliyyat vasitəsi öz funksiyasını yerinə yetirə bilsin. Təsəvvür edin ki, nəhəng bir kütlə eyni vaxtda, eyni saatda hərəkət edir. 400 yox, lap 800 avtobus olsa da, yenə çətindir. Sıxlıq olacaq. Hər dəfə əhaliyə də, tamaşaçılara da məsləhət görülür ki, şəxsi avtomobillərdən az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin. Amma hər dəfə də bunun əksinin şahidi oluruq. İnsan anlamır ki, o, şəxsi avtomobili ilə yalnız özünü, olsa-olsa, bir-iki də dostunu apara bilər. Amma ictimai nəqliyyatda 30-40 nəfər rahat gedə bilər. Bəzi insanlar şəxsi komfortu ümumi rahatlıqdan üstün tutduğundan yollarda tıxaclar, sıxlıq və dayanmalar yaranır.
F.Eyyubov bildirdi ki, kütləvi tədbirlər zamanı əvvəlcədən xüsusi tədbirlər planı hazırlanmalıdır:
- Burada aidiyyətli qurumların koordinasiyalı hərəkəti əsasdır. Mühafizəçi polisə, polis mühafizəçiyə, sərnişinlər özləri də onlara kömək etməlidir. Hər kəs anlamalıdır ki, hamı eyni vaxtda stadionu tərk edə bilməz. Tamaşçılar hissə-hissə, tələsmədən, qaydaları pozmadan və onlara məsləhət görülən istiqamət üzrə hərəkət etməlidirlər. Biz artıq neçə ildir ki, mötəbər beynəlxalq tədbirlər keçirməklə təcrübə qazanırıq. Əsas məsələlərdən biri təhlükəsizlikdir. Çünki futbol oyunlarında azarkeşlərə nəzarət etmək çox çətindir. 
Komanda uduzursa, azarkeşlər hirsli, öfkəli, bədbin olur, komanda qalib gələndə isə eyforiya, hədsiz sevincdən doğan yüksək emosiyalar nəticəsində insanlar özünə nəzarəti itirir, hərəkətlərinə hədd qoya bilmirlər. Hər iki halda da kütləni nəzarətə almaq çətinləşir. Ona görə də belə tədbirlər zamanı təhlükəsizlik məsələlərinin həlli vacibdir, təhlükəsizlik xidməti əməkdaşlarının üzərinə də böyük məsuliyyət düşür.
Məlahət Rzayeva