“Qarabağın sülh yolu ilə həlli yoxdur”

Cümşüd Nuriyev: “Əgər 25 il müşahidə etdiyimiz proseslərdən sonra yenidən Rusiyanın münaqişəni həll edəcəyinə inanırıqsa, bu, bizim faciəmizdir”
Əsgərimizin nəşini saxlamaqla onlar başqa məqsəd güdürlər. Ermənilər Mübariz İbrahimovun da, Fərid Əhmədovun da bədənlərini xeyli müddət saxladılar”




Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri bir araya gələ bilər. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşünü şərh edərkən deyib. Nazir bildirib ki, bu təkliflə Rusiya tərəfi çıxış edib: 


"Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm. Bəzi təkliflər var ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan buna razıdır. Lakin təəssüf ki, alınmır”.

Xatırladaq ki, yanvarın 24-də Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Lakin nazirin açıqlamalarından bəlli olub ki, müzakirələr o qədər də ürəkaçan olmayıb. Ümumiyyətlə, 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər var. 

Bir sıra ekspertlər yaxın aylarda tərəflər arasında danışıqların yenidən başlayacağını iddia edirlər. Amma əksəriyyət müharibə ehtimalını qabardır və ikinci aprel savaşının başlayacağını söyləyirlər. Onların fikrincə, Rusiyanın məsələyə yanaşması başqa çıxış yolu qoymur. 

Münaqişə ətrafında gedən proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yoxdur.

- Lavrovun açıqlamasından belə çıxır ki, Kreml tərəflər arasında görüş təklif edib, amma Rusiyanın vassalı Ermənistan bundan imtina edib. Bu, nə dərəcədə realdır?

- Lavrov çox peşəkar diplomatdır. Ona görə də azərbaycanlı həmkarına diplomatik siyasi cavab verib. Ermənistan kimdir ki, Rusiyanın görüş təşəbbüsündən imtina etsin? Azərbaycanlı jurnalist sual verərkən Lavrov birmənalı şəkildə erməni lehinə olan mövqeyini ortaya qoydu və özündən asılı olmayaraq həqiqəti dedi. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Fikrimcə, Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın "yeni dünya düzəninin” formalaşması haqda danışıqlarından sonra problemin həlli məsələsi gündəmə gələcək. Nəzərə alaq ki, Tramp-Putin danışıqlarından sonra ABŞ Suriyaya bomba yağdırmağa başladı. Bütün bunların arxasında Yaxın Orta Şərqin yenidən bölüşdürülməsi məsələsi dayanır. Çox güman ki, Rusiya ilə Amerika arasında Cənubi Qafqaz regionu ilə bağlı da yeni razılaşma əldə olunub. Amma bütün hallarda Moskva Azərbaycanı əldən vermək niyyətində deyil. Ona görə də qısa zaman ərzində Qarabağ məsələsinin həll olunacağına inanmıram. Verilən açıqlamaların hamısı növbəti siyasi gedişlərdir. Məqsəd Azərbaycan və Ermənistan daxilində müəyyən fikirlər formalaşdırmaqdır. Əgər 25 il müşahidə etdiyimiz proseslərdən sonra yenidən Rusiyanın münaqişəni həll edəcəyinə inanırıqsa, bu, bizim faciəmizdir. Şəxsən mən buna inanmıram. Qarabağ probleminin sülh yolu ilə həllini görmürəm”.

- Sizcə, belə məqamda Azərbaycan tərəfi hansı addımları atmalıdır?

- Status-kvonun olduğu kimi qalması qondarma Dağlıq Qarabağ respublikasına və Sarkisyana öz hakimiyyətini uzatmaq üçün sərf edir. Ermənistanda seçkilər, referendum olacaq. Seçkilərə kimi danışıqlar prosesi uzadılacaq. Rusiya məhz ona görə xatırladır ki, "münaqişənin müharibə ilə həlli yoxdur”. Belə məqamda biz nədən danışırıq? Rahat hərəkət etməyimizə imkan vermirlər. Təbii ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə çalışır. Ancaq xarici siyasətimizdə ciddi dönüşlər etməliyik, ölkə daxilində ağıllı təbliğat aparmalıyıq.

- İddia edilir ki, Trampın təcridetmə siyasətindən və Putinlə anlaşmasından sonra Moskvanın Cənubi Qafqaza təsiri daha da güclənəcək. ABŞ-ın bölgədən əl çəkəcəyi realdırmı?

- Bu, inandırıcı görünmür. Çünki ABŞ "dərin dövlət” tərəfindən idarə olunur. Tramp Amerikanın Mərkəzi Kəşfiyyat idarəsinin yeni layihəsidir. Amerikada baş verən hadisələr, Trampa etirazlar ABŞ-ın demokratik dövlət olduğunu bütün dünyaya nümayiş etdirmək üçündür. Unutmayaq ki, Amerikada heç nə təsadüfi baş vermir. Əvvəl başqa variantlarla dünyanı işğal edirdilər, indi də Tramp oyunu ilə öz məqsədlərini həyata keçirməyə çalışırlar. Məqsəd dünyanı yenidən formalaşdırmaq, 2025-ci ilə qədər yeni layihəni tətbiq etməkdir. Çalışırlar ki, Avropa Birliyi və Çini oyundan kənarda saxlasınlar. Necə olur ki, əvvəllər Trampın əleyhinə olan senatorların əksəriyyəti indi onu dəstəkləyirlər. Dərin güclər öz işindədir, sadəcə meydana artistləri buraxıblar. Artistlərin siyasi arenada qışqır-bağır salmaları isə boş şeydir. Guya Tramp təcrid siyasəti aparır, amma bir tərəfdən də İngiltərə və İsrail ilə yaxınlaşır. Hədəf Avropa Birliyini parçalamaqdır. Azərbaycan yeni siyasi mərhələdə çox diqqətli olmalıdır. Qərbin "uşaqları” ölkəmizi qarışdırmaq istəyəcəklər.

- Bir aydan çoxdur ki, erməni quldurları şəhid əsgərimizin nəşini qaytarmaqdan imtina edirlər. Sizcə, heç bir anlam kəsb etməyən bu çirkin davranışda düşmənin əsas məqsədi nədir?

- Bu, ermənilərin xislətindən doğan məsələdir və insanlıqdan çox uzaqdır. Amma məsələ orasındadır ki, ermənilər üçün insanlıq deyilən anlayış yoxdur. Ermənistan terroru rəsmən qəbul etmiş iki ölkədən biridir. Digər ölkə isə İrandır. Ona görə də hər iki dövlət biri-birini çox istəyir. Beynəlxalq konvensiyalara görə, hərbi münaqişələr zamanı həyatını itirən şəxslərin cəsədi qarşı tərəfə təhvil verilməlidir. Bəlkə də cansız bədəni saxlamaqda başqa maraqlar güdürlər. Ermənilər Mübariz İbrahimovun da, Fərid Əhmədovun da bədənlərini xeyli müddət saxladılar. Yəni düşmənin insana yaraşmayan hərəkəti ilk dəfə baş vermir. Dünya, həmsədrlər, beynəlxalq

təşkilatlar nə qədər ikiüzlü siyasət yeridirlər. Artıq xristian təəssübkeşliyi göz önündədir. Ermənistan kimdir ki, belə bir özbaşınalıq etsin? Düşmən ölkənin bütün ipləri Rusiyanın əlindədir. Görünür, ermənilərin "böyük qardaşından” təlimat gəlməyib.

- İkinci "aprel savaşı”nın başlayacağı ilə bağlı fikirlər dolaşmaqdadır. Xüsusən, "İsgəndər” raketlərindən sonra Rusiyanın Gümrü hərbi bazasına "Nebo-M” kompleksi yerləşdirməsi tərəflərin müharibəyə hazırlaşması kimi dəyərləndirilir. 2017-ci ildə müharibə ehtimalı varmı?

- Öncə deyim ki, Ermənistan heç vaxt "İsgəndər”i Azərbaycana qarşı istifadə edə bilməz. Çünki dəhliz hesab olunan Azərbaycanda böyük dövlətlərin maraqları var. Bu baxımdan raketlərin işə düşəcəyi söz-söhbəti sıfıra bərabərdir. Bəzi politoloqların iddia etdiyi kimi ikinci aprel döyüşləri də olmayacaq. Rusiya XİN rəhbəri Lavrov açıq şəkildə bəyan etdi ki, münaqişə Azərbaycanın daxili işi deyil. Rəsmi Bakı anlayır ki, düşmən bizi təxribata çəkmək istəyir. Fikrimcə, ən azından may ayına qədər hansısa ciddi addım atılmayacaq. May ayından sonra danışıqlar prosesində müəyyən nəticələr əldə oluna bilər. Azərbaycan dördgünlük müharibədə öz gücünü göstərdi, amma təəssüflər olsun ki, o fürsətdən axıra kimi yararlanmadıq. Ordumuz kifayət qədər güclüdür. Əgər bizə mane olmasalar, Ermənistanla baş-başa qalsaq, düşməni öz sərhədlərinə qədər ata bilərik. Hətta 3 günə Dağlıq Qarabağı azad edə bilərik.

- Cocuq Mərcanlıya qayıdış planı düşmən tərəfdə çox ciddi narahatlığa səbəb oldu. Ermənistan rəhbərliyinin qorxusu nə ilə bağlıdır?

- Azərbaycan öz ərazilərində yenidənqurma işləri həyata keçirir. Əlbəttə, Ermənistana bunun heç bir dəxli yoxdur, amma düşmən ölkənin prosesləri ağrı ilə qarşılaması təbiidir. Biz düşmən tərəfə göstəririk ki, hər bir şəhərimizi, kəndimizi yenidən inşa edəcəyik. Hətta elə quracağıq ki, əvvəlkindən yaxşı olacaq. Xeyli zaman keçib, lakin işğal edilən torpaqlarımızda ermənilər yaşamır, orada hansısa quruculuq işləri aparılmır. Çünki özləri də bilirlər ki, öz torpaqlarındadırlar.

Cocuq Mərcanlının bərpası düşmən tərəflə yanaşı, həm də İrana üstüörtülü mesajdır. Arzu edirik, bərpa işlərinin davamı gəlsin.

İsmayıl