“Ermənistanın hazırkı hakimiyyəti də nasizmə əsaslanaraq, yəni Qarabağda törətdikləri cinayətlərə görə hakimiyyət başında dururlar”
Azərbaycanın torpaqlarını işğal edən təcavüzkar Ermənistan hökuməti bu azmış kimi üstəlik, İkinci Dünya müharibəsi zamanı faşistlərin əlaltısı olmuş ermənilərlə fəxr etməkdən də çəkinmir. Yəni indiki erməni faşistləri 40-cı illərdə alman işğalçılarına qulluq eləmiş erməni faşistlərinə sahib çıxırlar.
İşğalçı ölkə utanmadan Qaregin Njde kimi erməni faşistin adını əbədiləşdirir, İrəvanda ona abidə ucaldır. Ermənistanın bu addımı onun ağası Rusiyanı da hiddətləndirib. Bu günlərdə Rusiya Dövlət Dumasında keçirilən müzakirələrdə ermənilərin bu hərəkəti növbəti dəfə sərt şəkildə qınanıb, abidənin sökülməsi üçün imza toplama kampaniyasına başlanılıb. Kampaniyanın təşəbbüsçüsü, politoloq Sergey Markovun sözlərinə görə, "Change.org” saytında petisiyaya artıq 200 min adam imza atıb. Söz yox ki, Njdenin "qəhrəmana” çevrilməsini Moskva heç vaxt unutmayacaq. Görünür, elə bu səbəbdən Ermənistanda Rusiya ilə bağlı daha bir narahatlıq baş qaldırıb. Çünki Njdeyə abidə qoyulmasına Sergey Markovdan öncə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da sərt şəkildə etiraz bildirib. Daha sonra isə Rusiya Müdafiə Nazirliyinə məxsus "Zvezda” telekanalı məsələni gündəmə gətirib.
Mövzunu "Şərq”ə şərh edən Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadə Ermənistan cəmiyyətinin daim hədsiz nasizim və faşizm ideyalarına malik olduğunu deyib. Ekspertin sözlərinə görə, Daşnaksütyun və ASALA kimi terror təşkilatları da bu cür ideyaların daşıyıcılarıdır:
"Bu gün Ermənistanın işğalçı siyasətinin, Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyinin kökündə məhz faşizm ideyası durur. Ermənistanın hazırkı hakimiyyəti də nasizmə əsaslanaraq, yəni Qarabağda törətdikləri cinayətlərə görə hakimiyyət başında dururlar. İkinci Dünya müharibəsində faşistlərə xidmət etmiş Qaregin Njdeyə İrəvanın mərkəzində abidə ucaldılması erməni cəmiyyətinin birbaşa faşizm ideyasına sadiqliyini sübut edir. Sarkisyan hökuməti bu abidənin qoyulmasında ciddi problem görmür. Amma Ermənistanın müttəfiqi olan Rusiyanın bu kimi siyasətə qarşı dözümsüzlüyü ortadadır. Ancaq təəssüflər olsun ki, rəsmi Moskva əməldə deyil, sadəcə sözdə etiraz edir. Bu məsələyə digər ölkələr də etiraz etməlidir. 21-ci əsrə xas olmayan və dini-irqi nifrəti aşılayan belə bir abidə dərhal sökülməlidir”.
Analitik bildirib ki, Ermənistanda belə bir heykəlin qoyulması normaldır və erməni cəmiyyətinin arzularının təzahürüdür:
"Moskva ilə İrəvanın ikitərəfli əlaqələrində soyuqluq baş versə də, onların müttəfiqlik əlaqələri davam edəcək. Lakin reallıq odur ki, Rusiya istənilən vaxt öz geosiyasi maraqlarına Ermənistanı qurban verməyə hazırdır. Elə bir situasiya formalaşar ki, Rusiya düşmən ölkədən əlini götürər və neytral qalar. O zaman Azərbaycan işğal edilmiş ərazilərini geri alar. Amma Moskvanın bu hərəkəti tamamilə cavabsız qoyacağına inanmıram. Hesab edirəm ki, Rusiya növbəti illərdə ağır-iqtisadi vəziyyətinə görə Ermənistana yardım əlini uzatmayacaq”.
İsmayıl