“Duyğularını idarə edə bilməyən uşaqlarda tez-tez davranış pozuntuları müşahidə olunur və onlar nizamsız hərəkətlərə meyilli olurlar”
Qatarları, avtobusları niyə daşa basırlar?
Psixoloq deyir ki, o uşaqların əksəriyyəti ailədaxili sıxıntılarda zədə alanlardır
“Duyğularını idarə edə bilməyən uşaqlarda tez-tez davranış pozuntuları müşahidə olunur və onlar nizamsız hərəkətlərə meyilli olurlar”
“Duyğularını idarə edə bilməyən uşaqlarda tez-tez davranış pozuntuları müşahidə olunur və onlar nizamsız hərəkətlərə meyilli olurlar”
Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun sözlərinə görə, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Belə ki, 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”. Hadisənin törədilmə səbəbinə gəlincə, Eldar Sultanov olayı bir müddət öncə Bakı-Sumqayıt qatarının daşa basılması hadisəsi ilə eyniləşdirib:
"Qatarı niyə daşa basırdılar? Avtobusa qarşı da belə davranıblar. İnzibati xətadır və bunu edənlərin müəyyənləşdirəcəklər”.
Xəbəri Daxili İşlər Nazirliyində də təsdiqləyiblər. Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını həyata keçirir.
Bakı-Sumqayıt-Bakı qatarından sonra sözügedən rayonda marşrut avtobusunun da daşlanması çox müəmmalıdır.
Qeyd edək ki, bundan əvvəl baş verən analoji faktlarda hadisənin uşaqlar tərəfindən törədildiyi məlum olmuşdu.
Görəsən, qatarların daşa basılmasında nə məna, nə anlam, nə məqsəd ola bilər? Bəs silsilə baş verən bu hadisələrin kökündə nə dayanır?
"Narınc” Uşaq Psixologiya Mərkəzinin 9-cu mkr ofisinin direktoru, psixoloq Aydan Talıbova "Şərq” qəzetinə açıqlamasında bu cür sosial problemlərin günümüzdə üstünlük təşkil etdiyini deyib. Onun sözlərinə görə, problemin kökü isə uşaq yaşlarında alınan travmalara, ailədaxili sıxıntılara, insanların yaşam tərzinə dayanır. Bunun üçün də hər bir valideyn körpə yaşlarından övladlarının psixologiyasını düzgün formalaşdırmalıdır. Çünki duyğularını idarə edə bilməyən uşaqlarda tez-tez davranış pozuntuları müşahidə olunur və onlar nizamsız hərəkətlərə meyilli olurlar. Ailədə psixoloji sarsıntı yaşayan uşaqlar zamanla affekt vəziyyətinə düşürlər və həmin anda ağıllarına gələni edirlər.
Valideynlərin uşaqlarına vaxt ayırmasının tərbiyənin əsas xüsusiyyətlərindən biri olduğunu vurğulayan psixoloq tövsiyə edir ki, uşaqların sualları cavabsız qalmamalıdır: "Xüsusən də 3-5 yaşlı uşaqlar ətrafda baş verən hadisələrə aşırı maraq göstərir, hər şeyin səbəbini öyrənmək istəyirlər. Əgər valideyn əlindəki işini, vaxtının azlığını bəhanə gətirib övladının maraqlarına diqqət ayırmırsa, uşaqlarda yanlış düşüncə formalaşır”.
Aydan xanımın sözlərinə görə, uşaqların hər istədiyini almaq, daimi olaraq onlara güzəştə getmək də tərbiyə prosesinə mənfi təsir edən amillərdən biridir. Hər zaman hər istədiyi olan uşaqlar "yox” sözünü anlamır və valideynin hər hansı bir etirazı onlarda aqressiya yaradır və sonda mənfi tendensiyalara yol açır:
"Belə uşaqlar evdən qaçmağa, valideynə əl qaldırmağa, oğurluq etməyə meyl edirlər və içlərindəki aqressiyanı bu yolla boşaldırlar. Hətta elə yeniyetmələr var ki, sırf valideynlərinə inad hazırlıq pulunu müəllimə çatdırmır. Halbuki kiçik yaşlarından uşaqlar düzgün istiqamətə yönləndirilsə, uşaqlarda bu cür davranış pozuntuları müşahidə olunmaz. Əgər uşaqların davranışında xırda bir qüsur görürüksə, zamanında onun üzərinə düşməliyik.
Düzgün tərbiyə olunan uşaq dərk edir ki, avtobusu və ya qatarı daşlamaq, kiminsə şüşəsini, qapısını qırmaq, qonşunun uşağını döymək, küçədən keçən hər hansısa bir insana qarşı əxlaqsız hərəkətlər etmək yolverilməzdir. Əks halda isə uşaqlar diqqət mərkəzində olmaq üçün hər şeyə əl atırlar. Hiperaktiv uşaqlar öz hisslərini idarə edə bilmirlər deyə, onlar təxəyüllərini işə salıb, beyinlərində müxtəlif fantaziyalar qurur, mənfi əməllərlə öz yaşamlarını rəngarəng edirlər”.
Psixoloq hesab edir ki, uşaqların zərərli vərdişlərə aludə olması ailədəki münasibətlərdən qaynaqlanır. Bir çox valideynlər uşaqlarını düzgün istiqamətləndirə bilmir, onların səhvini görəndə isə çıxış yolunu uşaqları döyməkdə görürlər. Elə bilir şiddət göstərməklə uşaq onların sözünə qulaq asacaq. Halbuki bu, doğru üsul deyil. Uşaqların beyni ağ səhifə olduğu üçün kiçik vaxtından onlara hansı nümunəni göstərsək, onu qavrayacaq və böyüyəndə də eyni cür davranacaq.
Uşaqların cəmiyyətə adaptasiyasında, etik davranış qaydalarını mənimsəməsində valideynlərin üzərinə böyük iş düşdüyünü qeyd edən A.Talıbova hesab edir ki, evdə valideyn 3 yaşına qədər uşağı düzgün yönləndirməlidir:
"3 yaşından 5 yaşına qədər bağça yaş dövrü gəlir. Bağçada müəllimlər, təlimçilər düzgün yönləndirməlidir. Ondan sonra məktəbəqədər hazırlıq və məktəb dövrü başlayır. Burada da biz artıq cəmiyyətə yönlənirik, sosiallaşırıq. Valideyn görsə ki, övladı ilə bacarmır, onun daha qlobal bir iş törətməsini gözləmədən mütləq mütəxəssisə müraciət etsinlər”.
Sosioloq-jurnalist Lalə Mehralı isə burada dərin sosioloji-psixoloji məqamlar olduğunu deyib: "Qatarın, vaqonların daşa basılması zahirən bəsit hadisə, uşaq dəcəlliyi kimi görünə bilər. Amma bunun dərin sosioloji-psixoloji kökləri var. Adətən bu cür hərəkətləri uşaqlar, yeniyetmələr edir. Və sizə deyim ki, səbəbsiz edirlər. Onlardan səbəbini soruşanda heç nə deyə bilmirlər. Deyirlər ki, uşaqlar arasında mərc etmişdik ki, görək kimin atdığı daş daha uzağa gedəcək, kimin daşı "hədəfə” dəyəcək və s. Yəni, uşaqlar bunu şüursuz şəkildə, düşüncəsiz edir.
Burada sırf kiməsə konkret zərər vurmaq məqsədi yoxdur. O yeniyetmə, uşaq anlasa ki, onun atdığı daş kiminsə başını yara bilər, kiməsə zərər vurar, bu hərəkəti etməz. Amma uşaqların şüursuzca hərəkət etməsinin kökləri var. Biz bunu müəyyən etməli və bunun qarşısını almağa yönələn tədbirlər görməliyik. Əvvəla, onu deyim ki, bu, ailədə verilən tərbiyədən irəli gəlir. Normal ailə tərbiyəsi görmüş uşaq heç vaxt sərnişinlər olan vaqona tərəf daş atmaz.
Ailədə uşaqlara lazımi qaydada tərbiyə verilmir. Başa salınmır ki, hansı əməl yaxşı, hansı pisdir. Hansı hərəkət cəmiyyətə, insanlara xeyirli, hansı zərərlidir. Cəmiyyətdə məlum bir aqressiya var və bu aqressiya özünü ailələrdə, valideynlərin uşaqlara münasibətində də, tərbiyədə də özünü büruzə verir. Uşaqların maraq dairələri çox dardır. Məşğuliyyətləri məhduddur və bəsitdir”.
Uşaqların maraq dairəsi və məşğuliyyətinin telefon və planşetdən o yana keçmədiyini təəssüflə qeyd edən sosioloq deyib ki, valideyn 100-150 manata mobil telefon, planşet alıb verir uşağın əlinə, ancaq 15 manata konstruktor oyunu almır ki, uşağın zehni inkişaf etsin, maraq dairəsi genişlənsin, uşaqda müəyyən bir peşəyə, ixtisasa maraq oyansın:
"Sovet vaxtı texniki yaradıcılıq mərkəzləri vardı. Azərbaycan gənclərinin ixtiraları, hazırladığı təyyarə modelləri, kosmik konstruksiyalar ölkə boyu yayılırdı. Bunlar hamısı uşaqların beynini, zehnini inkişaf etdirən işlər idi. İndi belə hallar demək olar ki, yoxdur. Düzdür, paytaxtda da, bölgələrdə də, yaradıcılıq mərkəzləri tikilir, açılır, ancaq ora gedən varmı? Uşaqlara yaradıcı oyunlar, düşündürücü məşğuliyyətlər lazımdır. Nə qədər valideyn var ki, uşağına bircə dəfə də nə "kubik-rubik”, nə rəngli kağız, plastilin alır. Halbuki, bunlar uşağın zehnini genişləndirən, onu düşünməyə, ən yaxşını tapmağa vadar edən vasitələrdir. Digər tərəfdən, ailələrdəki sosioloji gərginlik övladlara da təsir edir.
Uşaqlar da bu stressin içində "qaynayır” və daxildəki mənfi enerjini hər cür hərəkətlə üzə çıxarırlar. Qatarları da daşa basırlar, biri-birilə dalaşırlar, oğurluq da edirlər. Biz uşaqları, yeniyetmələri müsbət işlərə yönəltmədikcə, belə hadisələrin də çox şahidi olacağıq”.
Şəymən