Qaz və işığa qoyulan limit aradan qaldırıla bilərmi ? - İqtisadçı “hə” dedi

"Azərbaycanda işıq və qaza qoyulan limitin aradan qaldırılması mümkündür və dövlət büdcəsinin buna imkanları var”.
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, manatın məzənnəsi stabildir. Nəticədə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçün mavi qazı limitsiz satmaqda hər hansı bir çətinlik yaranmır:
"Digər yandan da, elektrik enerjisi satışında da limitlərin aradan qaldırılması mümkündür. Düşünürəm ki, limitlər ləğvi səmərəli olar. Faktiki olaraq, sözügedən şirkətlərin bunu reallaşdırması üçün imkanları var. Kommunal xidmətlərdə limitlərin ortadan qaldırılması məqsədəuyğundur. 
Çünki aztəminatlı ailələrdə və kombi sistemi istifadə olunan evlərdə mavi yanacağa görə, ödənişlər kifayət qədər yüksəkdir. Bu da ailə büdcəsinə mənfi təsir göstərir. Kommunal xidmətlər üçün limitlərə yenidən baxılması və ya limitlərin artırılmasının ləğv edilməsi müsbət hal kimi qiymətləndirilə bilər. Və ailələrin sosial vəziyyətinə müsbət təsir göstərər”.
Limitlərin ləğv olunmasına gəlincə ekspert bilidirib ki, bu məsələ Tarif Şurasından asılıdır:
"Bu qərarlar Tarif Şurası tərəfindən verilir. Güman edirəm ki, sözügedən qurumların Tarif Şurasına, müraciət etməsinə ehtiyac var. Həmin qurumlar şuraya müraciət edərsə, o zaman məsələyə baxılması və qərarın qəbul edilməsi mümkündür”.
Sevda Ulutau