“Qazaxıstandakı yanğında müəyyən qüvvələrin “əli” ola bilər” – EKSPERT

Qazaxıstanın cənubunda, Türküstan əyalətinin Aris şəhərində yerləşən hərbi hissədə partlayış olub. Partlayışdan sonra anbarda yanğın başlayıb.
"Sherg.az" xəbər verir ki, hadisənin səbəbləri məlum deyil, zərərçəkənlər barədə məlumat daxil olmayıb, araşdırmalar davam edir.
Yanğınla əlaqədar Türküstan əyalətində fövqəladə vəziyyət elan olunub.
Region rəhbəri Umirzak Şukeyevin məlumatına görə, Aris şəhəri ümumilikdə evakuasiya olunacaq.
Maraqlıdır, baş verənlərin Qazaxstandakı yeni prezident seçkiləri ilə nə kimi əlaqəsi var? Bundan sonrakı durum necə olacaq?
Baş verənləri "Sherg.az”a dəyərləndirən politoloq İlqar Vəlizadə qeyd edib ki, hadisənin bütün təfərrüatlarını bilmədən hansısa nəticəyə gəlmək və konkret fikir söyləmək bir az çətindir:
"Məlumdur ki, Türküstan əyalətində havalar isti keçir. Çox güman ki, isti hava yanğına əsas verən amillərdən biridir. Lakin baş verən yanğında müəyyən maraqların "əli” olduğu da istisna deyil. Çünki, son həftələr Qazaxıstandakı siyasi vəziyyətlə bağlı müəyyən fikirlər səsləndirilir. Sonuncu prezident seçkiləri zamanı da siyasi proseslər fonunda müəyyən fikirlər söyləndi. 
Deyildi ki, bəzi siyasi qruplar fəallaşıblar və ola bilər ki, onlar öz rəqabətlərini aparırlar. Düşünmürəm ki, yaxın zamanda Qazaxstanda köklü dəyişikliklər baş versin.Bu mənada ki, Təhlükəsizlik Şurasının başında keçmiş prezident Nursultan Nazarbayev durur. Şuranın da əsas iş sturukturları Nazarbayevə tabedir. Nəticə etibarı ilə Qazaxstanda təhlükəsizliklə bağlı ciddi hadisələr baş verməyəcək”.
Yeganə Bayramova