Qeydiyyatsız işləyənlərin sayı çoxdur

Bundan əlbəttə ki, dövlətə milyardlarla manat ziyan dəyir


"Azərbaycan hökumətinin siyasətinin başlıca məqsədlərindən biri əhalinin məşğulluğunun təmin edilməsidir”. Trend-in məlumatına görə, bunu Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda deyib. Ə.Əhmədov bildirib ki, Azərbaycanda işsizliyin səviyyəsi 5 faizə enib.

Baş nazirin müavini qeyd edib ki, əhalinin məşğulluğu və sosial hüquqların qorunması bir-biri ilə sıx bağlı olan məsələlərdir: "İnsanların məşğulluğu təmin edildikdə onların sosial hüquqlarının təmin olunması zərurəti yaranır. Beləliklə, ilkin prioritet əhalinin məşğulluğunun təmin edilməsi, ikinci məsələ isə məşğul əhalinin sosial hüquqlarını təmin etməkdir”.

Ə.Əhmədov deyib ki, bu gün Azərbaycanda qeyri-formal məşğulluğu formal məşğulluğa çevirmək istiqamətində iş aparılır. Azərbaycanda əhalinin artımı da sürətlə gedir: "Ona görə də hər il Azərbaycanda 100 min yeni iş yeri yaratmalıyıq ki, işsizliyin səviyyəsi yüksək olmasın”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə Azərbaycanda iqtisadi inkişaf nəticəsində əhalinin məşğulluq strukturunun dəyişdiyini söyləyib. Nazir qeyd edib ki, əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb. Nazir həmçinin deyib ki, son 12 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, 1 milyondan artıq yeni iş yeri yaradılıb”.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında gizli əməklə qeyri-formal əməyin fərqləndiyini bildirdi:

- 3 il əvvəl elektron qeydiyyat sisteminə keçiləcəyi elan olunanda demişdim ki, bu, heç bir effekt verməyəcək, xoşlarına gəlmədi. İndi isə etiraf edirlər ki, qeydiyyatsız işləyənlərin sayı çoxdur. Gərək proses mərhələli həyata keçiriləydi və əhalinin maarifləndirilməsi təşkil ediləydi. Məsələ burasındadır ki, gizli əməklə qeyri-formal əmək münasibətləri biri-birindən fərqlənir. Gizli əmək odur ki, işçinin heç bir qeydiyyatı aparılmır, onunla əmək müqaviləsi bağlanmır. Qeyri-formal əmək münasibətlərində isə əmək müqaviləsi bağlanır, amma qeydiyyat yoxdur. Əmək münasibətləri rəsmiləşdirilməyib, əmək münasibətləri elektron sistemə daxil edilməyib. Bundan da əlbəttə ki, dövlətə milyardlarla manat ziyan dəyir. Bizim ölkədə aldadıcı əmək münasibətləri var. Bəzi insanlar əmək haqqını cibdən-cibə almağı üstün tutur. "500 manatımı nağd ödəsin, vəssalam”.

 Gündəlik yaşayış üçün bu, bəlkə də yetərlidir. Bəs sabah nə olacaq? Sabah bu işçi istehsalatda bir xəsarət alarsa, onun müalicəsi, sosial təminatı olacaqmı? Çox zaman məhz əmək münasibətlərinin rəsmiləşdirilməməsi işçilərin hüquqlarının pozulmasına gətirib çıxarır. Deyək ki, hamilə qadın analıq məzuniyyətinin verdiyi hüquqlardan yararlana bilmir. 

Pensiya yığımı olmur. İşəgötürəndən həmişə asılı vəziyyətdə olur. İşəgötürən sabah heç bir tutarlı səbəb, əsas olmadan işçini işdən qova bilər. Bu zaman işçi məhkəməyə müraciət etdikdə də hüquqlarını müdafiə etmək çətinləşir. Bu səpkili bir çox problemlər ortaya çıxır ki, onların qarşısının alınması üçün əmək münasibətlərinin rəsmiləşdirilməsi vacibdir. Gərək insanlar günlük qazanca aldanmasın. Sabahını düşünsün. Və əmək müqaviləsinin bağlanmasını, elektron qeydiyyata alınmasını tələb etsin.

Məlahət Rzayeva