Qidamızın təhlükəsizliyinə nəzarət olacaq
Adil Qeybulla: “Respublika ərazisinə keyfiyyətsiz, geni modifikasiya olunmuş, mənşəyi naməlum olan ərzaq məhsullarının daxil olması hallarına rast gəlirik”
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addım atılıb. Dövlət başçısının 2017-ci il 13 noyabr tarixli Fərmanına əsasən, "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci il yanvarın 1-dən etibarən fəaliyyətə başlaması nəzərdə tutulub.
Artıq yeni qurumun əsasnaməsi də təsdiq olunub və səlahiyyət çərçivələri müəyyənləşib. Əsasnaməyə görə, agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bəs görəsən, agentliyin fəaliyyəti hansı istiqamətlərə yönələcək və hansı məsələləri tənzimləyəcək?
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn bildirib ki, agentliyin yaradılması prosesində müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınıb. Həmçinin dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir. Agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzarətin gücləndirilməsinə səbəb olacaq.
Bununla həm də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası təmin olunacaq. Ümumiyyətlə, bütün maraqlı tərəflərin iştirakçılığına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması, ilk növbədə, Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcək”. (Azərtac)
Sovet dövründə gigiyenaya nəzarət edən qurumların fəaliyyətinin bəzi hallarda formal xarakter daşıdığını deyən tibb üzrə ekspert, professor Adil Qeybulla qida təhlükəsizliyinin bütün dünyada Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi hesab olunduğunu deyib. Onun sözlərinə görə, qida təhlükəsizliyi də dərman təhlükəsizliyi kimi birbaşa genefonda bağlı olan bir məsələdir.
Sözügedən qurumun sırf qida təhlükəsizliyi ilə bağlı bir struktur olacağını qeyd edən A.Qeybulla hesab edir ki, bu qurum daha əvvəllər formalaşmalı idi. Amerikada FDA (Food And Drug Adminstration) adlı bir qurumun qida və dərman təchizatına nəzarət etdiyini deyən professor bildirib ki, FDA konkret olaraq, ərzaq növünün ölkə ərazisinə istifadəsinə icazə verən qurumdur:
"Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin iş mexanizmi ölkəyə ekoloji baxımdan təhlükəsiz, parametrləri yüksək olan qidaların daxil olmasına şərait yaradacaq:
"Nəzərə almalıyıq ki, qidaların böyük əksəriyyəti konservləşdirilmiş qidalar olduğu üçün onları stabilləşdirmək üçün tərkibinə qida əlavələri vururlar. Həmin maddələrin bəziləri təhlükəli olduğu üçün orqanizmə daxil olması ziyanlıdır. Hətta Rusiyada bu cür qida əlavələrinin bəziləri qadağan olunub. Azərbaycan kiçik bir ölkə olduğu üçün qida təhlükəsizliyinə xüsusi diqqət ayrılmalıdır. Ancaq çox təəssüflər olsun ki, qida idxalı ölkəmizdə monopoliyada olduğu üçün korporativ maraqlar milli maraqları üstələyib.
Respublika ərazisinə keyfiyyətsiz, geni modifikasiya olunmuş, mənşəyi naməlum olan ərzaq məhsullarının daxil olması hallarına da rast gəlirik. Hesab edirəm ki, bu qurumun fəaliyyətindən sonra bütün bu problem öz həllini tapacaq və qida maddələrinin istifadəsinə icazə verən Reyestr xidməti yaradılacaq və ictimaiyyət bu qurumla tanış olacaq”.
İndiki situasiyada belə bir qurumun bizdə də yaradılmasının çox müsbət hal olduğunu vurğulayan tibb eksperti deyib ki, əgər agentliyin fəaliyyəti təcrübəyə əsaslanmasa, onun fəaliyyətinin heç bir faydası olmayacaq.
Şəymən