Qısa ətəkdə məktəbə getmək olmaz
Havalar soyuduqca şagirdlərin geyimləri ilə bağlı problemləri üzə çıxır
Qış mövsümünün gəlişi özü ilə bəzi problemləri də gətirir. Xüsusilə də məktəblərdə mövsümün dəyişilməsi bu və ya digər şəkildə şagirdlərin təhsil prosesinə təsir etmiş olur. Belə ki, qış fəslində şagirdlər «nə və necə geyinməli» sualı qarşısında çətinlik çəkirlər. Bu gün təhsil qanununa uyğun olaraq məktəblərdə vahid məktəbli formasının geyinilməsi vacib məqamlardan biridir. Təbii ki, bəzi dövlət və özəl məktəblər özlərinə məxsus geyim formaları ilə seçilir. Amma bir məqam unudulur. Qışda şagirdlərin geyindikləri onların soyuqdan qorunması üçün yetərlidirmi? Xüsusilə də qız uşaqlarının ətəkdən istifadə etməyə məcbur qalması və vahid məktəbli formasından çıxa bilməmək kimi məqamlar onların səhhətinə təsirsiz ötüşmür.
Nəzərə alsaq ki, Bakı küləkli şəhərdir, qış mövsümünün, havaların soyuq keçməsi, yağış və digər təbii proseslər nəqliyyat sistemində də tıxacların yaranmasına səbəb olur, belə halda şagirdlər məktəbə gedərkən bəzən yarım saatla soyuq havada dayanacaqda gözləməli olurlar. İkinci növbə təhsil alan şagirdlər axşam saatlarında evə dönürlər, bunların hamısı onların gündəlik həyat tərzinə əlavə çətinliklər yaratmış olur. Qış aylarında ətəkdə qızların məktəbə getməyə məcbur qalması onların sağlamlığına birbaşa təsir etmiş olur. Təbii ki, bu da məktəblərdə şagirdlərin davamiyyətinə təsirsiz ötüşmür.
Bununla bağlı Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrətə müraciət etdik. "Şərq"ə açıqlama verən A.Həsrət vahid məktəbli formasının vacibliyini vurğuladı:
- Fikrimcə, vahid məktəbli formasının müsbət tərəflərini qeyd etməyə ehtiyac yoxdur. Şagirdlər məktəbdə vahid məktəbli formasından istifadə edərkən həm estetik görünüş gözəl görünür, rəngarəng, pərən-pərənlik nəzərə çarpmır, eyni zamanda məktəbdə varlı və ya kasıb şagird eyni görünüşə sahib olur, beləliklə də ayrı-seçkilik baş vermir. Bu, vahid məktəbli formasının vacibliyini sübut edən ən önəmli məqam kimi göstərilə bilər. Elə sovetlər dövründə, bizim təhsil aldığımız zamanda da vahid məktəbli forması olub.
Yeri gəlmişkən, Avropa ölkələrində də vahid məktəbli formasından istifadə etmə təcrübəsinə az rast gəlmirik. Təbii ki, fəsil dəyişdikcə, məktəbli formalarında da dəyişikliyin olması normaldır. Yəni yaz fəslində olan məktəbli geyimi ilə qış mövsümündə geyiniləcək geyim dəstində fərq olmalıdır. Xüsusilə də qız uşaqlarına məktəbli formasının yaratdığı çətinliklərdən dınışırıqsa, təbii ki, qışda ətək geyinmək sağlamlığa müəyyən mənada təsir etmiş olur. Amma bu təkcə qız uşaqlarına aid edilməməlidir. Qış mövsümündə elə oğlan uşaqlarının da qalın, isti geyim geyinməsi sağlamlıq baxımından şərtdir. Burada məktəblərin istilik sisteminin nə dərəcədə təmini məsələsi də diqqətdən qaçmamalıdır. Əgər məktəb lazım olduğu səviyyədə istilik sistemi ilə təmin edilibsə, şagirdlərin qalın geyinməsinə ehtiyac qalmır. Amma hələ də elə məktəblər var ki, bəli, orada istilik sistemi problemləri mövcuddur. Belə olan halda vahid məktəbli formasını geyinən şagirdlərin xəstələnmə ehtimalları daha çox olur. Bu da birbaşa davamiyyətə təsir edir. Belə olan halda valideynlər bir qədər diqqətli olub uşaqlarını daha qalın geyindirməlidirlər ki, məktəbdə üşüməsinlər. Böyük mənada məktəbli formalarında problem görmürəm. Nə mənada? O mənada ki, ağ köynəyin altından qalın uzunboğaz köynək geyinə bilərlər. Qalın üst geyimi olaraq isə pencək və ya jaketdən istifadə olunur. Bu olmadıqda isə şagirdlər tünd rəngli digər üst geyimlərindən də istifadə edə bilərlər.
Buna qadağa qoyulmur. Qızların ətəkli məktəbli formasından istifadəyə gəlincə isə analar bir az da diqqətli olub ətəyin altından qalın geyim geyindirə bilərlər. Bu kimi xırda nüansları böyük problemə çevirməyə ehtiyac görmürəm. Yeri gəlmişkən, təkcə şagirdlərin deyil, sinif otaqlarına daxil olan müəllimlərin də səliqəli və məktəb mühitinə uyğun geyim tərzindən istifadələri şərtdir. Müəllimlər geyimlərinə diqqət yetirsələr, bu, şagirdlər üçün də nümunə ola bilər. Əgər yuxarıda da qeyd etdiyimiz kimi, məktəb istilik sistemi ilə təmin edilməyibsə, müəllimə məcburiyyətdən 1 metr şala bürünüb sinif otağına daxil olursa, burada şagirdin də məktəbli formasından əlavə geyimlərdən istifadə etməsi qaçılmazdır. Çünki müəlliməsinin şala büründüyünü görən şagird avtomatik olaraq üşümüş olar. Ümumi təhsil sistemimizdən söhbət gedirsə, burada təkcə şəhər və paytaxt məktəbləri nəzərdə tutulmur. Bölgələrdə hələ də istilik sistemi olmayan məktəblər var ki, şagirdlər və müəllimlər dərsə daha qalın geyimlərdə gəlməyə məcburdular.
Bu gün bölgələrdə hələ də bu kimi problemlər var və bunları danmaq mümkün deyil. Ona görə də bölgələrdə sınıq pəncərəsi, qapısı olmayan olan sinif otaqlarını, qışda hələ də isinmək üçün odundan istifadə edən məktəbləri də unutmaq lazım deyil.
Daha dəqiq desək, onların probleminin həlli üçün çalışmaq lazımdır. Bu gün paytaxtda fəaliyyət göstərən məktəblərin demək olar ki, istilik sistemi problemləri yoxdur. Bəzən valideynlər və uşaqlar sadəcə qışda bəhanə olsun deyə bu kimi nüansları əllərinə bayraq edib davamiyyətdən yayınırlar. Bu gün Bakıda dəhşətli dərəcədə otaqlarda üşüyə biləcək nə şagirdə rast gələ bilərik, nə də tamamilə istilik sistemindən məhrum məktəblər var. Bunlar sadəcə bəhanədir. Normal şəraitdə təhsil sistemi varsa, şagirdlər bu imkanlardan maksimum dərəcədə istifadə edə bilərlər. İl ərzində təhsil müddətində təxminən 2, ya 3 ay havalar daha sərt olur. Bu müddətdə də şagirdlər üşüməsinlər deyə, tünd üst geyimlərindən istifadə edə bilərlər. Bu nə estetik baxımdan görünüşə xələl gətirər, nə də sağlamlıqları üçün ziyan olar. Ona görə də bəzən çox xırda məsələləri qabardıb davamiyyətlə əlaqələndirmək yersizdir.
İlahə Əhmədqızı