"Qondarma Dağlıq Qarabağ heç zaman danışıqlarda tərəf olmayacaq" - Deputat





"Ermənistanın baş naziri Nikol Paşinyanın hansı iddialarla çıxış etməsinin, səsləndirdiyi fikirlərin Azərbaycan üçün ciddi əhəmiyyəti yoxdur”.

Bunu "Sherg.az”a N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda üçüncü tərəfin - Qondarma Dağlıq Qarabağ rəhbərinin iştirakının vacibliyi ilə bağlı iddialarına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 

O diqqətə çatdırıb ki, N.Paşinyan Ermənistanda hakimiyyətə gəlmiş təsadüfi şəxsdir:

"Onun siyasi rəhbər olması, gələcəkdə ölkənin siyasətini düzgün qura bilməsi hələ də şübhə altındadır. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini hər zaman diqqətə çatdırır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Burada yaradılmış qondarma, cinayətkar, separatçı qurum ləğv ediləcək. Separatçı qurumu formalaşdıranlar isə lazımi cəzalarına çatacaqlar”.

Ötən əsrin 90-ci illərində Dağlıq Qarabağ ətrafında baş verən hadisələri xatırladan E. Məmmədov ermənilərin hələ o vaxtdan qondarma rejimi təbliğ etdiyini vurğulayıb:

"Bütün cəhdlərə baxmayaraq, ermənilərin istəyi baş tutmayıb. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Orada sovet dövründən bəri yaşayan əhali Azərbaycan vətəndaşlarıdır. Qondarma Dağlıq Qarabağ heç zaman danışıqlarda üçüncü tərəf olmayacaq. Çünki Azərbaycanın əraziləri – Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon orada məskunlaşan bir neçə erməni tərəfindən işğal edilməyib. İşğal olunan Azərbaycan ərazilərinin cavabdehi Ermənistandır. Ona görə, danışıqlar işğala məruz qalan Azərbaycan və onun ərazilərini işğal edən Ermənistan arasında aparılacaq. Üçüncü tərəf yoxdur, olmayacaq”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı olmadığını söyləyib. Əsas arqument kimi o, "DQR”-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə” olduğunu; onun baş nazir seçilməsində dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb. Və bildirib ki, məlum danışıqlarda üçüncü tərəf kimi qondarma Dağlıq Qarabağ rəhbərliyinin iştirakı zəruridir.  

Aysel Aslan