Quzu əti ucuzlaşıb

Fermerlər yemə pul vermir, qiymət yenə düşəcək



Bakıda quzu ətinin qiyməti ucuzlaşıb. Bazarlara çıxarılan quzunun sayının artması quzu ətinin qiymətinə təsir edib. Milli.az bildirir ki, təxminən bir neçə gün əvvəl 12 manatdan baha satılan quzu ətinin 1 kq-ı indi 11 manat, 11 manat 50 qəpiyə satılır. Söhbət çəkisi 12 kiloqrama qədər olan quzulardan gedir.

Qəssabxanaların qarşısına qiymətin düşməsi ilə bağlı artıq elanlar da vurulub. Satıcıların sözlərinə görə, quzu ətinin qiymətinin enməsinə səbəb xüsusən bu aylarda bazara çıxarılan quzuların sayının çox olmasıdır. Satıcılar bildirirlər ki, çəkisi 12 kiloqramdan ağır olan heyvanların əti daha ucuz qiymətə satılır. Qiymətlərin düşməsi isə təbii ki, alıcıların ürəyincədir.

Satıcılar deyirlər ki, bu tendensiya davam edərsə, quzu ətinin qiyməti daha da enəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli isə "Şərq”ə deyib ki, bu dəyişiklik yemlə bağlıdır. Çünki fəsillə əlaqədar olaraq təbii yem çoxalıb. Fermerlər yemə pul vermir. Bu da qiymətlərə kifayət qədər təsir göstərir.

Havaların xoş keçməsi təqribən fevral ayının axırı və mart ayının əvvəlindən etibarən heyvanları təbii yemlə bəsləməyə şərait yaradıb. Beləliklə də, qiymətlərdə enmələrin olması normal haldır. Bundan əlavə, rəsmi rəqəmlərdən görünür ki, xaricdən ölkəmizə kifayət qədər iri və xırda buynuzlu mal-qara gətirilir. Əsasən də Rusiya və Gürcüstandan daha çox mal-qara idxal edilir. Keçən il xaricdən 65 milyon dollarlıq iri və xırda buynuzlu mal- qara gətirilmişdir. Bu ilin iki ayında da bu tendensiya davam edir. Yəni xaricdən mal-qaranın gətirilməsi daha ucuz başa gəlir. Bu da yerli bazarda rəqabət formalaşdırır. 

Qiymətlərin aşağı düşməsinə şərait yaradan bir amilə çevrilir. Amma bunun davamlı olması üçün Azərbaycanda iri və xırda buynuzlu mal-qaraların sayının kəskin şəkildə artmasna ehtiyac var. Hələ ki, bu sahədə ciddi artım görmürük. Mal-qaraların sayında kəskin artım olsa, qiymətlərin aşağı olması davamlı olaraq qalar. İndi təbii şəraitdən qaynaqlanaraq noyabr ayına qədər qiymətlərdə bir sabitlik yaranacaq. Demək olar ki, hazırda fermerlər tərəfindən yemə pul verilmir. Amma noyabr ayından sonra yemlə bağlı problem yaranacaq. Həm də yeni illə bağlı tələbin çoxalması ilə əlaqədar olaraq qiymətlər yenidən qalxacaq.

Kənan Eynuroğlu