Radikal dindarlarla radikal müxalifət arasında əlaqələr qurulur

Əvvəllər heç vaxt “Məhsul” stadionunda bu qədər çadralı qadın və saqqallı kişi gözə dəyməmişdi



Azərbaycan hökumətinin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində tərəfdarlarının sayı getdikcə azalan radikal müxalifət ölkənin siyasi səhnəsində silinmək təhlükəsi ilə üz-üzə qalıb. Təsadüfi deyil ki, bəzi xarici qüvvələr ciddi dəstək verməklə radikal müxalifəti ölkənin siyasi həyatına qaytarmaq istəyirlər. Bu məqsədi reallaşdırmaq üçün radikal dindarlarla radikal müxalifət arasında əlaqələr qurulur.

"Milli şura”nın son mitinqində Mövsüm Səmədov və Taleh Bağırzadənin tərəfdarlarının iştirakı bunu bir daha sübut edir. Lakin sosial şəbəkələrdə aparılan müzakirələr radikal dindarlarla "Milli Şura” və AXCP arasında kəskin problemlərin olduğunu göstərdi. Dindarlara "qucaq açan” "Milli Şura” onları Ə.Kərimlinin siyasi ambisiyalarının reallaşdırılmasında vasitə hesab edir. Dindarlar "Milli Şura”ya yalnız meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün lazımdır.

Dindarlar Qərb dairələrinin sifarişini yerinə yetirən Əli Kərimlinin əlində oyuncaq olduqlarını görür və mitinqə qoşulmaqlarını səhv hesab edirlər. Sosial şəbəkələrdə etiraz aksiyası zamanı dindarların nümayəndəsinə söz verilməməsi, onların yalnız sonda ümumi cümlə ilə anılmalarını həzm edə bilmirlər. Aktiv radikal dindarlar "Qərbçi müxalifətin içərisində həzm olunmamaq” üçün tərəfdarlarını ehtiyatlı olmağa çağırır, satqın müxalifətlə əlaqələri tənqid edirlər. Tohid

İbrahimbəyli yazır: "İslamçılar Qərbyönümlü müxalifətin içində həzm olunmamalıdırlar. Bu müxalif qrupların islamla ziddiyyətləri var”. Mövsüm Səmədov səhifəsinin admini isə belə deyir: "Milli Şura” indiyə qədər dəfələrlə mitinqlər edib. Amma heç vaxt bu qədər adam yığışmamışdı”. O, bununla göstərmək istəyir ki, "Milli Şura”nın mitinqi məhz dindarların hesabına baş tutub. Rauf Musazadə adlı dindar isə təəccüb edir: "Sionist müxalifətlə möminlər necə dil tapıb? Möminlər, bu sionist fondlarından pul alan müxalifətə inanmayın. 2005-ci ildə bunlar Corc Buşun şəklini mitinqdə qaldırırdılar. O vaxt Amerika müsəlman şiə İraq xalqını qətl edir, hərəmləri bombalayırdı”. Başqa bir dindar isə sual edir: "Ə.Kərimlinin məscidə getdiyini, namaz qıldığını görən olub? Amma Amerika səfirliyindən əl çəkmir”.

Həqiqətən əvvəllər heç vaxt "Məhsul” stadionunda bu qədər çadralı qadın və saqqallı kişi gözə dəyməmişdi. Bu, təhlükəli oyundur. Meydanda terrorizmə yardım etməkdə ittiham olunan Taleh Bağırzadənin şəkillərinin qaldırılması onu göstərir ki, Kərimlinin dini siyasət oyunları yeni faciələrin meydana çıxmasına qədər dərinləşə bilər. Məsələ ilə bağlı "Şərq”ə danışan BAXCP sədri Elçin Mirzəbəyli deyib ki, Əli Kərimli və "Milli Şura” adlanan anti-milli ünsürlərin indiyə qədər yürütdükləri siyasətin mahiyyəti bilavasitə Azərbaycanın hüquqi quruluşuna qarşı yönəlib: "Onlar öz məqsədlərinə çatmaq üçün hətta terrorçularla belə əməkdaşlığa hazır olduqlarını açıq şəkildə bəyan etdilər. Faktiki olaraq 2010-cu ildə bu proseslər daha qabarıq şəkildə nəzərə çarpmağa başladı. Artıq uzun müddətdir ki, Əli Kərimli müxtəlif radikal qruplarla, o cümlədən İrandan gələn dini cərəyanlarla, Qərb tərəfindən yetişdirilən İŞİD-çilərlə yaxın əlaqədədir. Son aksiyada səsləndirilən təhlükəli şüarlar və tezislər, aqressiv davranışlar bir daha göstərdi ki, proseslər vahid mərkəzdən idarə olunur. Aralıq dənizi hövzəsini qana bürüyən,Türkiyəni qarışdırmaq istəyən radikal güclər eyni hadisəni Azərbaycanda da reallaşdırmağa çalışırlar. Bu zaman isə ənənəvi olaraq, "Milli Şura” və Əli Kərimli cütlüyündən yararlanırlar. Amma onların niyyətləri baş tutmayacaq”.

İsmayıl