"....Radio bazarına sözü "üyüdüb" tökənlər ayaq açacaq"






"Ölkədə ümumi durum, cəmiyyətin sosial ovqatı necədirsə, ictimai qınaq nəyə yönəlibsə, eyni vəziyyəti radio efirlərində görürük”.

Bunu "Sherg.az”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) radio efirlərində monitorinq planlaşdırmasından danışarkən tanınmış media eksperti Zeynal Məmmədli söyləyib. O diqqətə çatdırıb ki, radio efirlərindəki nöqsanları aradan qaldırmaq üçün öncə cəmiyyətdəki mənfi halların qarşısını almaq lazımdır:

"Radio efirlərində çalışanlar da bizim həyatımızdan qopanlardır. Radioların reklam bazarı, işçilərin maddi durumu necədir? Bütün bunlara diqqət etməli, cavab tapmalıyıq. Sağlam rəqabət, ədalətli mühit olmadıqda radio bazarına peşəkar olmayan, sözü sadəcə üyüdüb tökən və özünün məişət mədəniyyəti səviyyəsində danışanlar ayaq açacaq.

Monitorinq aparılması, sadəcə "quş" qoymaq üçündürsə, məişət sözlüyünün efirlərə ayaq açması baş alıb gedəcək. Monitorinqi apardıqda cəmiyyəti bilgiləndirmək, yoxlanacaq məsələləri cəmiyyətlə bölüşdürmək, cəmiyyəti sağlamlaşdırmaq vacibdir. Cəmiyyət özü də bu məsələlərdən uzaqdır, sanki özünə qapanıb, yumaq kimi "yığılıb”. Bu kələfin ucunu kimin tapacağı böyük sualdır”.

Qeyd edək ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov radiolardakı əsas problemləri də açıqlayıb. O deyib ki, əsas problemlər sırasında bəzi radio aparıcılarının nitqi, efir mədəniyyətinə, bir sıra hallarda mənəvi dəyərlərə zidd mövzularda müzakirələrin aparılması, dinləyicilərlə ünsiyyətdə etik qaydalara riayət edilməməsini göstərilə bilər.

Aysel Aslan