Ramil Səfərovun atasından Prezidentə təşəkkür: " Fəxr edirik ki..."
Bir məcburi köçkün kimi cənab prezidentin qaçqın və məcburi köçkünlərlə bağlı verdiyi fərmanı alqışlayırıq. Bu fərman hər bir məcburi köçkün ailəsinin ürəyincədir. Mən buna əminəm.
Bu sözləri Sherg.az-a ölkə başçısı İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanına münasibət bildirərkən ordumuzun zabiti Ramil Səfərovun atası Sahib Səfərov bildirib.
Onun sözlərinə görə, bu, onu göstərir ki, cənab prezident məcburi köçkünlərin müəyyən sosial çətinliklərini aradan qaldırmağı heç zaman yaddan çıxartmır: "
Eyni zamanda dövlət başçısı bu problemlərin həlli istiqamərində hər cür tədbir görmək üçün əlindən gələni etməyə çalışır. Cənab prezident bütün Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanır. Onların sosial təminatı və yaşayış şəraitinin yaxşılaşdırılmasına çalışır. Və bunu bir vətəndaş və bir məcburi köçkün kimi alqışlayırıq. Fəxr edirik ki, Azərbaycan xalqının qeydinə qalan prezidenti var. Ona görə də, biz hər zaman öz doğma torpaqlarımıza qayıtmağa hazırıq".
S. Səfərov Prezidentin Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ilə bağlı verdiyi sərəncamıa da diqqət çəkib:
"Bunun ardından cənab prezidentin bizim Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində 50 evin bərpası üçün məxsusi sərəncam verməsi və ora maliyyə vəsaiti ayırması bizi daha da sevindirdi. Cənab prezidentin bu fərmanı məcburi köçkünləri ruhlandırır. Ali baş komandanımız heç vaxt torpaqlarımızın düşmən əhatəsində qalmasına razılıq verməyəcək. Hər an biz torpaqlarımıza qayıtmağa hazırıq. Ali baş komandanın bu istiqamətdə imzaladığı hər sərəncam bizi daha da həvəsləndirir. Baxmayaraq ki, ermənilər öz yurdundan yuvasından qaçıb, amma biz öz torpaqlarımıza qayıtmağa hər an hazırıq. Prezidentin sərəncamı bizim üçün çox ümidləndiricidir.
Hər zaman gözümüz yolda, qulağımız səsdədir ki, ali baş komandanımız istər sülh, istər müharibə yolu ilə torpaqlarımızı azad edəcək. Bu istiqamətdə prezidentimizin apardığı siyasəti br cəbrayıllı olaraq dəstəkləyirəm. Və bunu alqışlayıram. Həqiqət də bu çox gözəl və vaxtında verilmiş sərəncamdır. Bu çox yaxşı haldır ki, işğal olunmuş ərazilərdə bərpa işləri getsin, biz məcburi köçkünlər də o torpaqlara qayıdaq. Hazırda 50 ev tikilməsinə sərəncam verilib, ancaq orada cəbrayıllı kimi bilirik ki, orada 400-ə yaxın ailə yaşayırdı. Onların hər biri ora köçməyə hazırdır. Yəqin ki, pillə-pillə, ardıcıllıqla bu işlər həyata keçirilməlidir. Nəinki Cocuq Mərcanlı kəndində, işğal olunmuş bütün ərazilərimizin geri qayıdacağı gün uzaqda deyil. Biz evə qayıdacağıq".
S. Səfərov onu da əlavə edib ki, girovlarımız Şahbaz Quliyev, Dilqəm Əsgərov və işğal olunmuş torpaqlarımızda şəhid olmuş əsgərimiz Çingiz Qurbanovun meyitinin qaytarılacağına inanır:
"Ancaq hər şeyi pillə- pillə, düzgün siyasətlə, səbrlə, ardıcıllıqla həyata keçirəcəyik. Mən bir cəbrayıllı kimi sizin qəzetin və saytın vasitəsilə bu fikirlərimi çatdırıram. Necə ki, cənab prezident Ramil Səfərovu çətin vəziyyətində müdafiə etdi, öz sözünü dedi, öz vətəndaşını, zabitini azad edib, ölkəmizə gətirdi. Sübut etdi ki, mən hər bir vətəndaşın arxasındayam. Və torpaqlarımız da elə bu cür qayıdacaq. Erməni əsirliyində olan azərbaycanlılar da qayıdacaq. Şəhid Çingiz Qurbanovun da nəşini alacağıq. Qoy ermənilər bilsinlər ki, artıq onların heç bir çıxış yolu qalmayıb. Azərbaycanın ordusu, Azərbaycan ali baş komandanlığı, Azərbaycanın texnikası əvvəlki kimi deyil. Aprel hadisələri bir daha onu göstərdi ki, biz hər an torpaqlarımızı almağa qadirik. Lakin nahaq yerə qan tökülməsini istəmirik. Cənab prezident çalışır ki, hər şey sülh yolu ilə, razılıqla əldə olunsun. Ancaq belə olmasa, müharibə yolu ilə də olsa, biz torpaqlarımızı azad edəcəyik. Ali baş komandanın verdiyi sərəncamı alqışlayıram, hər an onun verdiyi qərarlara öz müsbət münasibətimizi bildiririk. Arzu edirik ki, cənab prezident bundan sonrakı işlərində də hər işində can sağlığı uğurlar arzulayıram".
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb. Ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.