Rayonlara dotasiyanın dayandırılmasının başqa səbəbləri var

Bu addım heç də büdcə vəsaitlərinə qənaət etmək məqsədilə atılmayıb



2019‐cu ildə ölkənin 34 şəhər və rayonu dövlət büdcəsindən dotasiya almadan öz büdcəsini müstəqil şəkildə formalaşdıracaq. Yəni sözügedən şəhər və rayonlar özləri qazanıb, özləri xərcləməlidirlər.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda rayonların inkişafında əsas istiqamət yerli potensialın gücləndirilməsidir, hətta hökumətin məqsədi investisiya layihələrinin, maliyyə xərclərinin belə yerli resurslar hesabına həyata keçirilməsinə nail olmaqdır. Aqropark və sənaye şəhərciklərinin yaradılmasında da yerli sahibkarların maliyyə imkanlarından istifadə edilməsi qərara alınıb.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev isə deyib ki, rayonların reytinqlərinin tərtib edilməsinə başlanılıb və onların problemləri araşdırılır. Bu isə imkan verəcək ki, rayonların iqtisadi imkanlarının üzə çıxmaması səbəbləri araşdırılsın və qiymətləndirmə aparılsın. 

Hazırda müvafiq qurumlar rayonların inkişafına mane olan səbəbləri öyrənir və perspektiv sahələri, dəyər zəncirini araşdırır. Qərara alınıb ki, investisiya çatışmazlığı, infrastruktur təminatı, kənd təsərrüfatının inkişafına mane olan amillər öyrənilərək, inkişaf planları hazırlansın.
İqtisadçı hesab edir ki, rayonlara tətbiq edilən reytinq icra hakimiyyətlərini məsuliyyətli olmağa vadar edəcək: "2017-ci ildə 30, 2018-ci ildə isə büdcədən 33 rayona vəsait ayrılması dayandırılıb. Həmin rayonlar artıq özlərini daxili imkanlar hesabına dolandırırlar. Bunun üçün hər bir rayon öz coğrafi-iqtisadi şəraitini nəzərə alaraq investisiya planlarını hazırlayıb həyata keçirməlidir”.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun hazırladığı investisiya reytinqlərinə əsasən, hazırda xeyli rayon öz daxili hesablarına maliyyə xərclərini ödəmək iqtidarındadır.

İqtisadi konyukturu və ümumi iqtisadi vəziyyəti yaxşı olan rayonlarda iqtisadi inkişaf daha dayanıqlıdır, istehsal sektoru davamlıdır.

Son dörd ildə dövlət subsidiyası olmadan özünü tam maliyyələşdirən rayonlar isə bunlardır: Sumqayıt, Abşeron, İmişli, Şirvan, İmişli, Naftalan. Bu rayonlar həm də vergi potensialına görə ən yaxşı iqtisadi rayonlar hesab olunur.

Qeyd edək ki, rayonlara ayrılan dotasiyaların dayandırılmasının səbəbləri ayrı-ayrı ekspertlər tərəfindən müxtəlif cür dəyərləndirilir. Bir qrup ekspert hesab edir ki, bu proses rayonların iqtisadi gücünün artması ilə bağlıdır. Proqnozlara görə, bu olay rayonların daxili potensialının inkişafına stimul verməklə yanaşı, büdcə vəsaitlərinə qənaət etməyə də imkan yaradacaq.

Fikrət Yusifov isə "Şərq”ə açıqlamasında deyib ki, artıq ikinci ildir 34 rayona mərkəzləşdirilmiş qaydada büdcədən dotasiya ayrılmayacaq. Bunun da konkret səbəbi var, sadəcə büdcə işini yaxşı bilməyən insanlar düzgün izah verə bilmirlər: 

"Bizim üçün xoş olardı ki, yerlərdə iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərdən, atılan addımlardan sonra rayonlarımızın büdcədən asılılıqları qalmasın. Hər birimiz rayonların öz iqtisadiyyatını qurması və yerlərdə qeyri-neft sektorunun inkişaf etməsini arzulayırıq. Düzdür, bu istiqamətdə müəyyən irəliləyişlər var, amma 34 rayona büdcədən ayrılan vəsaitlərin dayandırılması, onların iqtisadi göstəricilərinin artması ilə bağlı deyil. Rayonlarımız hələ ki, öz xərclərini ödəmək qabiliyyətində deyil.

Rayonlara dotasiyanın dayandırılmasının başqa səbəbləri var. Ötən ildən etibarən təhsil, mədəniyyət və səhiyyə xərclərinin böyük bir hissəsinin mərkəzləşdirilməsinə görə, sözügedən rayonlar dotasiyalardan azad olunublar. Əvvəllər yerlərdəki təhsil xərcləri büdcədən ayrılan vəsait hesabına rayon icra hakimiyyətləri tərəfindən ödənilirdi. İndi isə təhsil üçün nəzərdə tutulan həmin vəsaitlər yerli icra orqanlarına yox, mərkəzləşdirilmiş qaydada respublikanın Təhsil Nazirliyi tərəfindən aparılır. 

Deməyim odur ki, bu addım heç də büdcə vəsaitlərinə qənaət etmək məqsədilə atılmayıb. Sadəcə son iki ildə təhsil üçün nəzərdə tutulan maliyyə vəsaitlərinə rayon icra hakimiyyətləri yox, Təhsil Nazirliyi nəzarət edir. Onu da deyim ki, yerli büdcələrin ümumi xərclərinin 70-75 faizini məhz təhsil xərcləri təşkil edir. Yerdə qalan 25-30 faizi isə yığılan vergilər hesabına ödənilir deyə, rayonlara büdcədən əlavə vəsait ayrılmasına ehtiyac qalmır”.

Rayonlara ayrılan dotasiyaların dayandırılmasının rayonların iqtisadi gücünün artması ilə bağlı olmadığını vurğulayan F.Yusifov deyib ki, əgər təhsil xərcləri rayonların üzərində qalsaydı və icra orqanları mərkəzdən dotasiya almadan həmin xərcləri bağlasaydı, bu iddialar real olardı.

Şəymən