Redaktorlar həmrəydir... - “Reket jurnalistika”sına qarşı cəzalar sərtləşdirilməlidir
Xəbər verdiyimiz kimi, Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 8 noyabrda keçirilən iclasından sonra adları tam haqlı əsaslarla "qara siyahı”ya salınan saytlar tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniya başladılıb. Bu barədə Mətbuat Şurasından məlumat verilib. Məlumata görə, adları "qara siyahı”da yer alan bəzi informasiya orqanları MŞ təmsilçiləri barədə qərəzli, həqiqətə uyğun gəlməyən materiallar, hədələyici anonslar yayımlayır, sosial şəbəkələrdə paylaşılır. Real və saxta profillər vasitəsi ilə verilən şərhlərdə böhtanlara, açıq təhqirlərə üstünlük verilir.
Mətbuat Şurasının bəyanatında bildirilib ki, "qara siyahı”ya daxil edilmə peşə prinsiplərinə laqeyd yanaşan, onları mütəmadi pozan, tövsiyə və iradlara məhəl qoymayan, ümumən etik dəyərlərə zidd davranış və hərəkətlərə yol verən KİV-lərə qarşı ictimai məzəmmət və ictimai qınaq tədbiridir. Şura qurumun Nizamnamə tələblərini rəhbər tutaraq mediada hədə-qorxu və şantajla müşayiət edilən yazıları və ya məqalələri qarşı tərəfə - hüquqi, yaxud fiziki şəxsə təsir vasitəsi sayır.
Buna görə də "reket jurnalistika”ya qarşı mübarizə Komissiyası çıxardığı məlum rəyində tam haqlıdır. Təəssüf ki, bəzi KİV-lər və onların jurnalist adına iddia edən rəhbərləri məsələnin mahiyyətini düzgün qiymətləndirməyəcək qədər bəsit fəaliyyət yolundan əl çəkmirlər. Komissiya rəyə gələrkən, həmçinin, peşə fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri şikayətlər doğurmuş KİV-lərin yazılarında tənqid obyektinə çevrilmiş şəxslərə münasibətdəki forma və metodları da əsas götürüb. Bu forma və metodlar isə tam spekulyativ təbiətə malikdir.
Guya şəhid ailələrinin hüquqlarını qorumaq, hansısa ədalətsizliyin qarşısını almaq məqsədi ilə onların adından ölkə rəhbərliyinə aramsız müraciətlərin yayımlanması, eyni şəxslərin hədəfə götürülməsi, qanunsuz tələblərin yerinə yetirilməsi üçün şikayət müəllifləri kimi göstərilən şəxslərlə sövdələşmələr, milli ayrıseçkilik zəminində ittihamlar və s. yarıtmazlıqlar kifayət qədərdir. Bütün bunlar əslində "reket” sözünə sırf hüquqi prizmadan yanaşmaq üçün də ciddi əsaslar yaradır. Mətbuat Şurasının fəaliyyəti timsalında Azərbaycan mediasının saflaşmasına yönələn işlər eyni zamanda ictimai əhəmiyyətlidir. İndiyədək həqiqi qələm sahibləri, peşənin təəssübünü çəkən jurnalistlər tərəfindən prosesə böyük dəstək göstərilib. Hədə-qorxu mesajları ünvanlayanlar, təhqir və böhtan yağdıranlar anlamalıdırlar ki, Şura onlarla mübarizədə həm geniş cəmiyyətin dəstəyinə, həm də qanunçuluğun gücünə arxalanır. Mətbuat Şurasının üzvlərinə münasibətdə nalayiq davranışlar bütövlükdə bu qurumu formalaşdıran həqiqi peşə sahiblərinə, təəssübkeş qələm əhlinə, media cameəsinin daşıdığı bəşəri dəyərlərə həqarət kimi qiymətləndiriləcək və layiqli cəzasını alacaq. Şura mübarizəsində haqlıdır və heç bir halda haqlı mövqeyindən geri çəkilməyəcək. Ümumiyyətlə, reket jurnalistikaya qarşı uzun zamandır mübarizə aparılır. Buna baxmayaraq, sözügedən təbəqənin neqativ əməllərinin qarşısını almaq mümkün olmur. Bu baxımdan bir sıra media nümayəndələri "reketçiliklə” məşğul olan "jurnalistlərə” ciddi hüquqi cəzaların verilməsini təklif edirlər.
Məsələ ilə "Şərq”ə danışan "Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov bildirib ki, son bir il ərzində "reket jurnalistika”ya qarşı istər dövlət qurumları, istərsə də Mətbuat Şurası səviyyəsində mübarizə daha da güclənib.
Baş redaktorun sözlərinə görə, "Reket jurnalistikası” ilə məşğul olanların jurnalistikaya heç bir aidiyyəti olmadığı üçün onlara qarşı aparılan mübarizə birmənalı olaraq dəstəklənməlidir:
"Bəzi "reket”lər sadəcə mediadan vasitə kimi istifadə edirlər. O adamlar jurnalist deyillər, yazı-pozuları da yoxdur, imzaları da. Onların ifşa olunması prosesi davam etsə, yaxşı olar. Bu halda situasiya xeyli aydınlaşar və jurnalist peşəsinin missiyası öz həqiqi yerini, dəyərini alar. "Reket” jurnalistlərlə istənilən mübarizədə istər Mətbuat Şurası, istərsə də dövlət qurumlarımız tərəfindən həyata keçirilən tədbirləri hər birimiz birmənalı olaraq dəstəkləməliyik. Mətbuat Şurasının mövcud "qara siyahısı”na baxdıqda görürük ki, bu şəxslərin və "mətbu” orqanların fəaliyyətlərinə düzgün qiymət verilib. Onlar dəfələrlə bu əməllərinə son qoymağa dəvət ediliblər. Lakin onlar bütün xoşniyyətli xəbərdarlıqlara baxmayaraq, mətbuat adına ləkə gətirən fəaliyyətlərini davam etdiriblər. Həmin şəxslərin mətbuata, jurnalistikaya heç bir aidiyyəti yoxdur, onlar müəyyən qaranlıq çevrənin məqsədli şəkildə mətbuata soxduğu şəxslərdir. Bu baxımdan, elə Dövlət Təhlükəsizlik Xidmətinin son vaxtlar həyata keçirdiyi əməliyyatların, eləcə də Mətbuat Şurasının aidiyyəti dövlət qurumlarını da dəvət etdiyi komissiyanın səyi ilə onların ifşası davam edir. İnsanlarımızın bir qismi jurnalist deyəndə o cür adamları və onların fəaliyyətini tanıyır, düşünür ki, jurnalistlərin hamısı elədir, jurnalistikanın mahiyyəti budur. Sevindirici haldır ki, artıq bu problem öz həllini tapmağa başlayıb və mediamızda həqiqi jurnalistlərin fəaliyyət meydanı böyüyəcək. Bu həm də o deməkdir ki, dövlət rəhbərliyi mətbuatın sağlamlaşmasında və inkişafında maraqlıdır. Bu da öz növbəsində cəmiyyətimizin, hüquqi dövlətin inkişafına xidmət edən amildir”.
M.Gülməmmədov bildirib ki, müxtəlif səpkidə "reket”lər var. Ümumilikdə xırda və iri "reketlər” fəaliyyət göstərir:
"İri reketlərin çoxu Dövlət Təhlükəsizlik Xidmətinin məlum müdaxiləsindən sonra həbsdədirlər. Xırda "reket”lər isə hələ də hansısa müstəvidə fəaliyyətdədirlər. Onların "qidalandıqları” mənbə isə sözsüz ki, məmurlardır. Onlara dəstək verən, maliyyələşdirən şəxslərdən cürət alırlar. Belə "jurnalistlər” hətta bu gün Azərbaycanda yazılı və onlayn mətbuatın təşkilatlanma yeri sayılan MŞ-yə belə qarayaxma kampaniyası aparmaqdan çəkinmirlər. Düşünürəm ki, onlara qarşı mübarizə daha da sərtləşdirilməlidir. Çünki biz jurnalistlər özümüzü haradasa təqdim etməkdən utanırıq. Səbəb odur ki, reketlər jurnalist adını çox pis şəkildə təqdim ediblər. Buna görə, ümumi jurnalistika haqqında insanlarda mənfi təəssürat yaranıb. Hazırda hər bir həqiqi jurnalist reketlərin fəaliyyətindən əziyyət çəkir. Yalnız MŞ deyil, digər bütün aidiyyəti dövlət qurumları da bu məsələdə aktiv olmalıdırlar. Şantaj, böhtan, qarayaxma ilə məşğul olan və jurnalist adına ləkə gətirən şəxslər jurnalistika peşəsindən uzaqlaşdırılmalıdır. Yeri gələrsə, onların saytları blok olunmalıdır. Çünki həmin reketlərin söz və mətbuat azadlığına dəxli yoxdur. Hüquqi müstəvidə də lazımi addımlar atmaq lazımdır. Uzun müddətdir ki, onlara qarşı humanist addımlar atılır, tövsiyə xarakterli xəbərdarlıqlar edilir. Loyal və humanist yanaşma onları bir az da cəsarətləndirir. Bu mənada düşünürəm ki, mütləq cəzalar sərtləşdirilməli və qəti tədbirlər görülməlidir”.
"Strateq.az” saytının redaktoru, tanınmış jurnalist Xəqani Səfəroğlu isə "Şərq”ə deyib ki, "Reket jurnalistikası” anlayışı hüquqi baxımdan doğru termin deyil, bu daha çox şərti mənada işlədilir. Onun sözlərinə görə, reketçilik şantaj və qorxutma yolu ilə pul tələb etmədir. Belə hərəkətləri törədənlər üçün Cinayət Məcəlləsi var:
"KİV-də şantaj, qorxutma yolu ilə pul tələb edən "jurnalistlər” ev, mağaza yaran oğrulardan, bankı soyan quldurlardan və s. cinayətkarlardan fərqlənmirlər. Amma burada çox ciddi bir detal var. Nədir o? "Reket jurnalist”in şantajı yaxud yalan və böhtançı məqaləsi ilə üzləşdiyini hesab edən məmur, biznesmen, müəllim, bağça müdiri, məktəb direktoru, pensiya idarəsinin müdiri, baş həkim və digərləri zəhmət çəkib həmin adamı məhkəməyə verməlidirlər. Bu çox adi bir prosesdir. Amma təəssüf ki, belə nümunələr çox azdır. Məmurlar və adlarını çəkdiyim qulluqçu təbəqəsi nə üçün ehtiyat edir? Niyə bu "jurnalistləri” məhkəməyə vermirlər? Bu mənim üçün də çox müəmmalıdır. Bəzəkli sözlərlə danışmaq olar, amma məmur əgər əlində fakt olduğunu deyərək müəssisəyə gələn "jurnalist”in dediklərini böhtan sayırsa, nə üçün çox vaxt ona "hörmət” etməyə” üstünlük verir? Niyə onu kabinetdən qovmur, nə üçün məhkəməyə vermir? Həmin "reketlər” də zəhmət çəkib məhkəmədə əllərində fakt hesab etdiklərini subut etsinlər. Əgər edə bilməsələr, o zaman qanuna uyğun müvafiq cəzalarını alsınlar. Deməli, burada məsələ heç də birtərəfli deyil. İctimai məzəmmətlə nə etmək olar? Heç nə. Qanun öz sərt üzünü belə "reketlərə” göstərməlidir. Başqa yol bilmirəm”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da bəyan edib ki, bu, çox mürəkkəb və qəliz məsələdir. Onun fikrincə, inzibati yolla onları sıradan çıxarmaq mümkün deyil:
"Amma belə qəzet və saytlara qarşı cəzalar sərtləşdirilməlidir. İnternet həqiqi medianın axırına çıxmaq üzrədir. Hərə bir sayt və ya sosial şəbəkədə səhifə açıb ağlına gələni, hər cür böhtan, şantaj, yalan yazır. Bizdə savadlı oxucu az olduğu üçün çoxları seçə bilmir hansı ciddi mediadır, hansı reket. Qarşısına çıxan istənilən saytı açır oxuyur və onların təsirinə düşür. Bununla mübarizənin bircə yolu var. Ciddi və peşəkar media elə işləməlidir ki, oxucuların həqiqi inamını və etibarını qazansın. Zorla abunə etməklə, ya da saytlarda oxuculara maraqlı olmayan materiallar yaymaqla oxucu cəlb eləmək olmur. Həqiqi mətbuat sosial məsələlərə üstünlük verməlidir, insanlara faydalı və maraqlı məlumatlar çatdırmalıdır. TV-lərdə bu cür mətbu orqanların tanıdılması təşkil olunmalıdır. "Reket mətbuatla” bağlı cəzalar sərtləşdirilməlidir. Jurnalist vəsiqələrinə MŞ-nin xüsusi möhürü vurulmalıdır. Elan edilməlidir ki, bu vəsiqəni daşımayanların mətbuata dəxli yoxdur. Beləliklə bunları heç yerdə qəbul etməyəcək, jurnalist kimi tanımayacaqlar və avtomatik sıradan çıxacaqlar. Böhtan, şantaj kimi əməllərə görə o orqanın və sahibinin bütün əmlakı tam müsadirə olunmalı, mətbu orqan bağlanmalıdır”.
(Davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb