"Reket" jurnalistlərin fəaliyyəti mediaya böyük ləkədir
Onların davamlı olaraq sıradan çıxarılması, mətbuat sahəsindən uzaqlaşdırılması tendensiyası davam etdirilməlidir
(... əvvəli ötən sayımızda)
Azərbaycanda "reket” jurnalistlərə qarşı həyata keçirilən tədbirlər - hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları, o cümlədən, Azərbaycan Mətbuat Şurası ilə peşəkar media orqanlarının əməkdaşlığı müsbət nəticələr verir.
Son dövrlər reketçilik fəaliyyəti ilə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb olunması qarşıya qoyulan fəaliyyətin effektivliyinə dəlalət edir. Nəticədə ayrı-ayrı vaxtlarda "jurnalistika" adı altında qeyri-qanuni fəaliyyət göstərmək, hədə-qorxu yolu ilə kimlərdənsə pul tələb etməyə çalışanların sayı getdikcə azalır. Lakin həyata keçirilən qarşısıalınma tədbirləri ilə "reket” jurnalistlərin fəaliyyətini tamamilə aradan qaldırmaq hələ ki, mümkün olmayıb.
Qarşıya qoyulan vəzifələrin ardıcıl, sistemli şəkildə həyata keçirilməsi, bu kimi halların qısa zaman ərzində aşkar olunması və təqsirkarların tutularaq istintaqa cəlb olunmasına imkan verir. Heç şübhəsiz, bu, həm də oxşar fəaliyyətlə məşğul olaraq, cəmiyyətdə bu kimi neqativ tendensiyaların yayılmasına zəmin yaradanlara xəbərdarlıq xarakteri daşıyır. Nəticədə reketçilik fəaliyyətini Azərbaycanda "leqallaşdırmağa" çalışanlar və ya ayrı-ayrı işbazların əlində əlaltıya çevrilənlər qeyri-qanuni əməllərini həyata keçirərkən bir daha düşünməyə imkan qazanırlar.
Bu fürsətdən doğru-düzgün nəticə çıxarmaq isə məsələnin bir başqa tərəfidir. Reallıq onu göstərir ki, cəmiyyətdə media orqanlarının fəaliyyətinin əsasları ilə bağlı kifayət qədər məlumatlılığın olmaması, bəzən reketlərin hədəf olaraq seçdiyi şəxslər tələyə düşür, bu kimi halların vaxtında müəyyənləşdirilməsi mümkün olmur və nəticədə "jurnalist" adı altında vətəndaşın külli miqdarda maddi vəsaitini mənimsəyən şəxslər müvəqqəti də olsa, cinayət məsuliyyətindən yayına bilirlər. Ona görə də "reket” jurnalistlərə qarşı mübarizədə daha effektiv nəticələrin əldə olunması üçün cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinə böyük ehtiyac var.
"Təbii ki, məsələnin mahiyyəti tam açılmasa da, onun şikayətlərlə dolu reketçilik fəaliyyəti ilə bağlı məsələ qaldırılıb və Dövlət Təhlükəsizliyi Xidməti də bu məsələyə reaksiya verərək İkram Rafiqoğlunu saxlayıb. Onunla bağlı şikayətlər təsdiqlənməsəydi, heç vaxt Dövlət Təhlükəsizliyi Xidməti onu saxlamazdı".
Bu sözləri "Olaylar" informasiya agentliyinin baş redaktoru Yunus Oğuz deyib.
DTX əməkdaşlarının İ.Rafiqoğlunu saxlamasının əsassız olmadığını deyən Y.Oğuz hesab edir ki, onun saxlanması faktı "reket jurnalistika" ilə mübarizə sahəsində atılan növbəti addımlardan biridir. Onun sözlərinə görə, "reket" jurnalistlərin fəaliyyəti Azərbaycan mediasına böyük ləkədir və onların davamlı olaraq sıradan çıxarılması, mətbuat sahəsindən uzaqlaşdırılması tendensiyası davam etdirilməlidir: "Məsələ bundadır ki, reketçiliyə şərait yaradırlar və bunun bir ucu da jurnalistlərə gedib çıxır. Düşünürəm ki, "reket jurnalistika" ilə daha mütəşəkkil şəkildə mübarizə aparmaq və reketçilik dalğasını dayandırmaq lazımdır. Faktiki olaraq bu gün əsl media qurumlarının əməkdaşları "reket" jurnalistlərin əlindən bölgələrə, rayonlara zəng vurub orada baş verən məsələlərlə bağlı rəylər öyrənməyə utanırlar. Sorğu göndərsələr də, onlara çox gec cavab verilir. Bunun da səbəbi var. Çünki "reket" jurnalistlərin mənfi fəaliyyətləri normal qəzet və saytların rayonlarla, bölgələrlə əlaqələrinin kəsilməsinə səbəb olub. Biz də bölgələrdən gələn xəbərlərin qıtlığını çəkirik. Reketlər rayonlara gedirlər, müxtəlif insanları təhdid, şantaj edirlər. Bu şantaj da daha çox Azərbaycanın ziyalılarına, vəzifə adamlarına qarşı həyata keçirilir. Bu da sözsüz ki, ölkəmizin imicinə xələl gətirir". Y.Oğuz hesab edir ki, "reket" jurnalistlər normal xəbər yayımı işini həyata keçirən media qurumlarının fəaliyyətinin bölgələrdə məhdudlaşmasına səbəb olurlar. Onun fikrincə, "reket jurnalistika"ya qarşı mübarizə tədbirlərini daha da genişləndirmək lazımdır: "Azərbaycan Mətbuat Şurasının reketçiliyə qarşı mübarizə komissiyası fəaliyyət göstərir. Həmin komissiyaya digər "reket sayt"lar haqqında çoxsaylı şikayət gəlir. Komissiya o saytların da, orada bu kimi əməllə məşğul olanların da adlarını açıqlasın və aidiyyəti qurumlar tərəfindən onlara qarşı sərt tədbirlər görülsün. Hesab edirəm ki, reketçilik fəaliyyəti ilə məşğul olan insanlar ifşa edilməli və onlara qarşı ictimai qınaq olmalıdır. Bu halda onlar öz yerlərində oturacaqlar. Mən "reket jurnalistika"ya qarşı daha kəskin mübarizə aparılmasının tərəfdarıyam. Bu gün bu işlə məşğul olanlardan biri həbs edilib, istərdim ki, digərləri də cəzasız qalmasınlar".
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, Azərbaycanda "reket jurnalistika" mətbuatımızın yarasıdır. Onun sözlərinə görə, reketçilik həm də mətbuata və mətbuat işçilərinə xəyanət deməkdir: "Mətbuat nümayəndəsi adı ilə reketçilik edən, mətbuat nümayəndələrini təhdid edən insanlar da mövcuddur. Bu, bizim ümumi problemimizdir. Həm cəmiyyətimizin, həm də jurnalistlərimizin ümumi yarasıdır. Eyni zamanda, bu məsələ hüquq-mühafizə orqanlarının məşğul olduğu bir problemdir. Kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycan Respublikasının qanunları qarşısında məsuliyyət daşıyır. Heç bir peşə sahibinə onun peşəsi imkan vermir ki, o, vəzifə səlahiyyətlərini aşsın. Hesab edirəm ki, hər kəs hansı peşədə çalışmağından asılı olmayaraq, ilk növbədə öz vətəndaş məsuliyyətini hiss etməlidir. Qanunlara tabe olmalıdır”.
Bəhruz Quliyevin fikrincə, əks halda qanunun gücü göstərilməlidir:
"Qanun özünün sərt üzünü göstərməlidir. Reket fəaliyyəti ilə məşğul olanlara qanun sərt davranış sərgiləməlidir. Hüquq-mühafizə orqanları bu istiqamətdə çox ciddi iş aparmalıdır. Eyni zamanda, cəmiyyət bu insanları rədd etməlidir. Cəmiyyət və sağlam dayaqlara söykənmiş media öz yaralarını qoparıb tullamalıdır. Bu məsələdə əsas fəallıq da elə mətbuatın üzərinə düşür. Bir sözlə, bu məsələdə həmrəylik nümayiş etdirmək lazımdır ki, cəmiyyət və mətbuat "reket" jurnalistlərdən təmizlənsin. Əks halda, müxtəlif insanların ləyaqəti aşağılanacaq. Bir sıra insanlar şantaj olunacaq. Həmin insanların əməlləri jurnalist fəaliyyəti kimi yox, təhdidedici əməl kimi qiymətləndirilməlidir. Bu, daha doğru yanaşmadır. Onların fəaliyyəti bu cür davam etsə, cəmiyyətimiz üçün, mediamız üçün böyük problem yaradacaq”.
"Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev deyib ki, Mətbuat Şurası ölkədə söz və mətbuat azadlığının qorunması, jurnalistlərin peşə etikasının tələblərinə uyğun davranması üçün kifayət qədər fəallıq nümayiş etdirir.
Onun sözlərinə görə, qurumun fəaliyyətinin əsas məqsədi dövlət orqanları və ictimaiyyətlə KİV arasında əlaqənin, etimadın möhkəmləndirilməsidir. Ancaq təəssüflər olsun ki, bəzi insanlar bu şərəfli missiyanı ləkələmək üçün hər cür vasitələrə əl atırlar: "Son günlər həbsi müzakirə olunan "Realliq.info”ya və daha 5-6 sayta rəhbərlik edən İkram Rəhimov onlardan biridir. Bu adamla bağlı demək olar ki, hər iclasda hansısa şikayəti müzakirə etmək məcburiyyətində qalırdıq. Son iclasımızda onun "reket” saytları ilə bağlı şikayət daxil olmuşdu.
Lakin həmin saytın adı əvvəllər də "qara siyahı”ya düşdüyü üçün müzakirə olunmadı və şikayət edən tərəfə bu barədə məlumat verildi. İki gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları İkram Rəhimovu saxladı.
Səbəbi odur ki, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket” informasiya saytları yaradaraq, müntəzəm şəkildə ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici, böhtan xarakterli məlumatlar yayırmış. Bu tip insanlarla bacarmaq çox çətindir.
Onlarla bağlı daxil olan şikayətlərə baxılan zaman səhvlərini etiraf edirlər, bir müddət keçir yenə də həmin səhvləri təkrarlayırlar. Özləri də görürlər ki, Mətbuat Şurasına şikayətlərin verilməsi və onlara baxılma qaydaları tam şəffaf həyata keçirilir. Şikayətlər komissiyası kifayət qədər medianı bilən, illərdir bu sahədə çalışan İdarə Heyəti üzvlərindən təşkil olunub”.
N.Niftiyevin sözlərinə görə, daxil olan hər bir şikayətə tərəflərin iştirakı olmadan baxılmır: "Komissiya üzvləri şikayət olunan konkret yazını müzakirə edir və rəylərini bildirirlər. Yəni Şura yalnız mətbuatda getmiş konkret hadisələr və materiallarla bağlı şikayətlərə baxır.
Qurum yalnız öz səlahiyyətlərinə aid olan işləri qəbul edir və araşdırır. Bütün bu proses həm yazıdan şikayət edən tərəfin və ya nümayəndəsinin, həm də yazının getdiyi sayt rəhbərinin iştirakı ilə baş tutur. Komissiyada qəbul olunan qərarlar Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına uyğun qəbul edilir”. Baş redaktor vurğulayıb ki, vətəndaşların şəxsi həyatına aid faktlar cəmiyyətin maraqlarına toxunmursa, hüquqa zidd deyilsə və ya ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan jurnalist onları yaya bilməz: "Təəssüf ki, son aylar komissiyada baxdığımız bir çox işlərdə bəzi internet saytları tərəfindən kifayət qədər qarşı tərəfin təhqir olunması, məsələyə heç bir aidiyyətinin olmamasına baxmayaraq onların ailə üzvlərinin adlarının, fotolarının məlum saytları "bəzəməsi”, qarşı tərəfin mövqeyinin öyrənilməməsi kimi hallar müşahidə edilməkdədir”.
Şəymən